NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Gələn ilki büdcədə neftin orta qiyməti optimist ssenaridə 80 ABŞ dolları götürüləcək

© AP Photo / Tony GutierrezNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.11.2023
Abunə olmaq
Bildirilib ki, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-cü illə müqayisədə 282,5 milyon manat çox - 34 milyard 173 milyon manat nəzərdə tutulub. Bunun 50,2 faizi qeyri-neft sektorunun, 49,8 faizi isə neft-qaz sektorunun hesabına formalaşacaq.
BAKI, 13 noyabr - Sputnik. Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin bu gün keçirilən pelanr iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, ölkənin 2024-cü il üçün dövlət və icmal büdcəsinin layihəsi və sonrakı 3 il üçün dövlət və icmal büdcənin parametrləri, orta müddətli dövr üçün makro-iqtisadi proqnoz göstəriciləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada Milli Məclisə daxil olub.
O, bütövlükdə 2023-cü ildə dünyada gedən mürəkkəb proseslər fonunda iqtisadi artımın mülayim templərlə davam etdiyini deyib. Bildirilib ki, cari ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempinin ilin sonuna qədər 1,9 faiz olması ilin əvvəlində baza ssenaridə təklif olunub. 2024-cü ildə ölkəmizdə artımın 2,4 faiz, neftin 1 barelinin orta qiyməti büdcə layihəsində optimist ssenaridə 80 ABŞ dolları nəzərdə tutulub. Bu ilin sonuna inflyasiyanın ölkəmizdə 9,5 faiz, növbəti ildə 5,3 faiz olacağı planlaşdırılır.
Komitə sədri bildirib ki, 20 il ərzində ölkə iqtisadiyyatı 4 dəfədən çox, büdcə xərcləri 30 dəfədən çox artıb. Bu il həm də Azərbaycan bayrağının Xankəndində ucaldılması ilə yadda qalacaq.
Komitə sədri diqqətə çatdırıb ki, cari ilin 9 ayı ərzində ölkədə iqtisadi inkişaf tamamilə qeyri-neft-qaz sektoru hesabına həyata keçirilib. Ötən müddət ərzində aparılan iqtisadi islahatlar qeyri-neft sektorunun daha çox inkişaf etməsinə, 2024-cü ildə onun ÜDM-də payının 71 faizi keçməsinə səbəb olacaq. Təqdim edilən büdcə layihəsində son 7 ildə ilk dəfə olaraq büdcə gəlirlərinin 51 faizə qədərinin qeyri-neft sektorunun hesabına formalaşması təklif olunur. Bu ilin 9 ayı ərzində Azərbaycanda 91 milyard manata yaxın ÜDM istehsal olunub, bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faizə yaxın artım təşkil edir. Qeyri-neft sektorunda 9 ay ərzində artım 3 faizə yaxın olub. Neft-qaz sektorunda 1,5 faiz azalma ÜDM-in ümumi həcminə təsir göstərib. Proqnozlara əsasən, bu ilin sonuna ÜDM-də 1,9 faiz artma müşahidə olunacaq. Cari ilin 9 ayı ərzində orta aylıq əməkhaqqı 923 manatdan çox olub və keçən ilin eyni dövrü ilə müqayisədə 11 faizə qədər artım təşkil edib. 2023-cü ilin 8 ayı ərzində büdcə gəlirləri 106 faiz, xərcləri isə 105,6 faiz təşkil edib.
Tahir Mirkişili bildirib ki, 2024-cü ilin büdcəsi əsasən 4 sütunu - real artım, məqbul inflyasiya, profisitli tədiyyə balansı, sabit məzənnə üzərində iqtisadi çərçivənin hazırlanmasını özündə ehtiva edir. Növbəti ildə ÜDM-in 2,4 faiz, qeyri-neft sektorunun 4,6 faiz artması nəzərdə tutulub. Təqdim edilmiş sənədlərdə 3 ssenari - baza, optimist və pessimist ssenarilər təklif olunur. Baza ssenaridə neftin 1 barrelinin qiymətinin 60 ABŞ dolları, optimist ssenaridə 80 ABŞ dolları, pessimist ssenaridə isə 40 ABŞ dolları ətrafında olacağı göstərilir.
Komitə sədri qeyd edib ki, büdcə layihəsində növbəti ilin gəlirlərinin cari ilə nisbətən 282,5 milyon manat, xərclərinin isə 138,2 milyon manat artması planlaşdırılır. Büdcə layihəsində sosial xərclərin 1 milyard 34,5 milyon manat artması planlaşdırlır və bu da insanların maddi rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək.
Bildirilib ki, təqdim edilmiş layihədə 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-cü illə müqayisədə 282,5 milyon manat çox - 34 milyard 173 milyon manat nəzərdə tutulub. Bunun 50,2 faizi qeyri-neft sektorunun, 49,8 faizi isə neft-qaz sektorunun hesabına formalaşacaq.
Komitə sədri bildirib ki, son 5 il ərzində Azərbaycanda dövlət büdcəsinin qeyri-neft gəlirləri təqribən 6,3 milyard manat və yaxud 60 faiz artıb. Neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin azalmasının əsas səbəbləri növbəti ilə təbii qazın satış qiymətlərini kəskin düşməsi, neft hasilatında gözlənilən azalma ilə izah edilir. Bu riskləri nəzərə alaraq ölkəmizdə alternativ enerji layihələrinin uğurla icra edilməsi istiqamətində mühüm işlər görülür və əminliklə demək olar ki, Azərbaycan regionun əsas yaşıl enerji ixracatçısına çevriləcəkdədir.
“Qeyri-neft-qaz sektoru üzrə vergi və gömrük orqanlarının vastitəsilə təmin olunan gəlirlərin təqribən 1,1 milyard manat artıq planlaşdırılmasını məqbul hesab edir, buna ölkədə gedən iqtisadiyyatda keyfiyyət dəyişiklikləri, biznes mühitinin şəffaflaşması, dövlət-sahibkar arasında etimad mühitinin artması, həmçinin, inflyasiyanın və idxalın artmasının zəmin yaradacağını düşünürük. Ümumiyyətlə, son 5 ildə vergi və gömrük orqanlarının xətii ilə təmin olunan dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 6,3 milyard manat və yaxud 66 % artması təqdirəlayiq haldır", - deyə sədr əlavə edib.
Xəbər lenti
0