CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda avtomobillər bahalaşacaq? İdxal qiymətində artım var

© AP Photo / Virginia MayoAvtomobillərin idxalı, arxiv şəkli
Avtomobillərin idxalı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2023
Abunə olmaq
Ekspertlər deyirlər ki, əvvəllər köhnə avtomobillər daha çox ölkəyə gətirilirdi və onların qiyməti ucuz olurdu. İndi yeni və qismən köhnə avtomobillər ölkəyə gətirilir və onların qiyməti nisbətən bahadır.
BAKI, 11 noyabr — Sputnik. Azərbaycana xaricdən gətirilən avtomobillərin idxal qiyməti bahalaşıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 1,2 milyard dollar dəyərində 72883 ədəd nəqliyyat vasitəsi idxal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 62,2 faiz, miqdar ifadəsində isə 32 faiz çoxdur.
Bu ilin yanvar-sentyabr aylarında 1 ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti 16,5 min dollar olub. Ötən ilin eyni dövründə isə 1 ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti 13,4 min dollar təşkil edib. Beləliklə, bu il 1 ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti illik müqayisədə 3 min dollardan çox bahalaşıb.
Bəs, maraqlıdır idxal qiymətin bahalaşmasının səbəbi nədir? Ölkə daxilində avtomobillər bahalaşacaqmı?
"Hazırda bazarımızda rəsmi dilerlər tərəfindən qiymət artımı yoxdur"
"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, idxal qiymətin bahalaşması əsasən daşınma xərclərinin artması ilə bağlıdır: "Amma hazırda bazarımızda rəsmi dilerlər tərəfindən qiymət artımı yoxdur. Hətta rəsmi dilerlər tərəfindən hazırda qiymət endirimi var, lakin artım müşahidə olunmur. Başqa sözlə, "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin üzvü olan şirkətlər tərəfindən hazırda heç bir qiymət artımı yoxdur. Amma istehsalçıların qiymətləri artırması, daşınma xərclərin çoxalması gələcəkdə daxili bazarda avtomobillərin bahalaşmasına öz təsirini göstərə bilər. Necə ki, müəyyən dövrlərdə öz təsirini göstərir".
E.Əliyev qeyd edib ki, avtoparkımızda 80 faizdən çoxu yaşı 10 ildən yuxarı olan avtomobillər olduğu üçün bizim yeni avtomobillərə ehtiyacımız var: "Amma hələ də ölkəmizə fərdi şəxslər və yaxud da boz dilerlər tərəfindən qeyri-stabil, texniki vəziyyəti yaxşı olmayan ikinci əl avtomobillər gətirilir".
"İlin sonu üçün avtomobillərin qiymətində dəyişiklik gözlənilmir"
Onun sözlərinə görə, bu ilin sonu üçün avtomobillərin qiymətlərində dəyişiklik gözlənilmir: ""Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin üzvü olan şirkətlər tərəfindən bu il ərzində qiymət artımı olmayıb. Ümumiyyətlə, ilin sonunda avtosalonlar müəyyən endirim kampaniyaları həyata keçirirlər və ona görə də ilin sonunda qiymət artımı gözlənilmir".
"Daşınma xərcləri gündən-günə artır"
E. Əliyev qeyd edib ki, idxal qiymətində dəyişikliklər bir müddət sonra bazara təsir edir: "Əgər istehsalçı zavodlarda qiymət artımı olarsa, bu, ola bilər 2024-cü ilin fevral ayından sonra bazara təsir göstərsin. Digər tərəfdən, daşınma xərcləri gündən-günə artır və bunun da qiymətə təsiri var".
O əlavə edib ki, istismar müddəti 10 ildən çox olan avtomobillərin idxalının bu il məhdudlaşdırılması ölkəmizə yeni avtomobillərin gətirilməsinə səbəb olub: "Bu, avtoparkımızın yenilənməsi istiqamətində yaxşı addımdır, amma qarşıdakı dövrdə bu istiqamətdə əlavə tədbirlərin görülməsinə də ehtiyac duyulacaq".
"İndi yeni və qismən köhnə avtomobillər ölkəyə gətirilir"
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a bildirib ki, əvvəl köhnə avtomobillər daha çox ölkəyə gətirilirdi və onların qiyməti ucuz olurdu: "İndi yeni və qismən köhnə avtomobillər ölkəyə gətirilir və onların qiyməti nisbətən bahadır".
O qeyd edib ki, nəqliyyat vasitələrinə, minik avtomobillərinə tələbatın durmadan artmasının əsas səbəbi iqtisadiyyatın dayanıqlı olmasıdır: "İqtisadiyyat dayanıqlıdır, manatın məzənnəsi dollar qarşısında sabitdir, iqtisadiyyat getdikcə genişlənir və əhali sayı artır. Belə olan halda da nəqliyyat vasitələrinə tələb artır.
Ekspert əlavə edib ki, daşınma xərclərinin artması idxal qiymətlərinə təsir göstərə bilər.
"Elektrik avtomobillərin idxalı kəskin artıb"
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, əvvəllər daha çox istismar müddəti 10 ildən çox olan avtomobillər ölkəyə idxal edilirdi və bunların da dəyəri çox aşağı idi: "Bu il isə istismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılıb və yeni maşınlar da bahadır. İdxal qiymətin artmasının digər səbəbi dünyada avtomobillərin istehsal qiymətinin yüksəlməsidir. Bundan başqa, yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin ölkəmizə idxalı kəskin artıb ki, bunların da dəyəri bahadır".
"Bazarda xaricdən gətirilən avtomobillərin orta satış qiyməti yüksələcək"-, deyə o əlavə edib.
Avtomobillərin idxalı haqqında...
Qeyd edək ki, bu ilin 9 ayında sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin idxalı 3,8 dəfə azalaraq 89 ədəd, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələrinin idxalı isə 32,1% artaraq 67453 ədəd təşkil edib. Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin (2118 ədəd) idxalı 7 dəfə artıb.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 41,2% artaraq 5062 ədəd, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin idxalı isə 25,7% artaraq 279 ədəd olub.
Ölkədə minik avtomobilinin qiyməti neçəyədir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin sentyabr ayında 1 ədəd minik avtomobilinin orta aylıq istehlak qiyməti 39,8 min manat olub. Bu da yanvar ayı ilə müqayisədə 0,1 faiz artım deməkdir. Lakin avqust ayı ilə müqayisədə isə qiymətlər dəyişməz olaraq qalıb.
Elektrik və hibrid avtomobillər üçün güzəştlər...
Xatırladaq ki, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib. 2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib.
İnsanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Nazirlər Kabineti bu ilin mart ayında qərara alıb ki, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılsın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0