Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Gürcü əsilli xüsusi təyinatlı: Qələbə xəbərini alanda sevincdən uşaq kimi ağladım

Abunə olmaq
Qax rayonu, Kötüklü kənd sakini Berdia Babacanaşivili 44 günlük Vətən müharibəsində can-başla iştirak ediblər. Yaxın dostunu itirdiyi üçün kədərlənsə də, Vətən uğrunda döyüşdüyü üçün fərəh hissi keçirir.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsində ölkədə yaşayan bütün azsaylı xalqların nümayəndələri can-başla iştirak ediblər. Belə döyüşçülərdən biri də Qax rayonu, Kötüklü kənd sakini Berdia Babacanaşivilidir.
Berdia 2020-ci ilin iyul ayında hərbi xidmətə yola düşüb. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət etməyə başlayıb. İkinci Qarabağ müharibəsi başlayanda Berdia da ön cəbhəyə döyüşə yollanıb. İlk dəfə Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib:
"Ailəmə zəng edib halallıq istədim. Vətən sevgisi belədir ki, onu heç nə əvəz edə bilməz. Əynimə geyindiyim XTQ-nin forması mənim üçün böyük bir məsuliyyət idi. Bir amalımız vardı: irəli gedib, düşməni məhv edib, torpaqları azad etmək. Füzulidə ağır döyüşlərimiz oldu. Dostlardan yaralanan da oldu, şəhid olan da. İtkilərimiz olduqca, düşmənə nifrət hissi günü-gündən artırdı".
Füzulinin bir neçə kəndi azad edildikdən sonra Berdianı Cəbrayıla aparıblar. Orda da bir çox döyüşlərdə iştirak edib:
"Cəbrayılın bir kəndində yanımıza top mərmisi düşdü, başımdan travma aldım. Amma bir neçə gündən sonra özümü toplayıb döyüşə qayıtdım. Hadrut döyüşlərində də yaxından iştirak etdik".
Keçirdiyi döyüşlər içində Berdianı ən çox Murovdağda gedən döyüş sarsıdıb. Çünki ən yaxın dostunu itirib:
"Günlərlə özümə gələ bilmədim. Əsgərlik dövründə günümüz birlikdə keçirdi. Elə bil ailə üzvlərimdən birini itirmişəm. Hətta əsgərlikdən gələndən sonra da təkliyə çəkilib onu xatırlayır, qeyri-ixtiyari kövrəlirəm".
Berdia deyir ki, qələbə xəbərini alan zaman sevincindən uşaq kimi ağlayıb. O, lazım gələrsə, yenidən bu dövlət, bu millət üçün döyüşə hazır olduğunu vurğulayıb.
Berdiagil ailədə üç qardaşdırlar. Berdia evin ikinci oğludur. Atası birinci qrup əlildir. Berdia uşaq olandan atası əlil arabasındadır. Onlar çox çətinliklə böyüyüblər.
Berdia özünü vətənin əsgəri sayır və hər zaman layiqincə xidmət etməyə hazır olduğunu bildirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0