Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ucarda heyvanların kütləvi ölüm səbəbi ilə bağlı ilginc açıqlama

© AFP 2023 / LOU BENOISTİnəklər, arxiv şəkli
İnəklər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2023
Abunə olmaq
Amil Rəhimovun sözlərinə görə, kənddə elə sakin var, dörd baş malı tələf olub.
BAKI, 6 noyabr — Sputnik. Ucarın Yuxarı Şilyan kəndində mal-qaranın kütləvi şəkildə tələf olması kənd sakinləri arasında örüş yerlərinə zəhər səpilməsi iddiasının yayılmasına səbəb olub. Ucarın Yuxarı Şilyan kənd sakini Amil Rəhimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cəmi dörd baş iribuynuzlu malından ikisi naxırda zəhərlənərək ölüb.
"Malları naxıra sürmüşdük. Bir də xəbər gəldi ki, heyvanlar yolda bir-bir, iki-bir tələf olur. Mənim də iki baş inəyim tələf olub. Bu ancaq zəhər əlamətidir. Mütəxəssislər deyirlər ki, ola bilər heyvanlardan qanqaldan zəhərlənib. Amma buna nanmırıq. Çünki, otlaqda həmişə qanqal olub. Bizim ehtimalımız odur ki, heyvanlar zəhərlənib. Kimsə örüş yerlərinə zəhərli maddə səpə bilər" deyə zərərçəkmiş fermer bildirib.
A.Rəhimov onu da əlavə edib ki, kənddə elə sakin var ki, dörd baş malı tələf olub.
Qeyd edək ki, noyabrın 1-də rayonun Yuxarı Şilyan kəndindən iribuynuzlu heyvanların kütləvi şəkildə tələf olması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzinə məlumat daxil olub. Məlumat əsasında əraziyə baxış keçirilib. Baxış zamanı 15 mülkiyyətçiyə məxsus 26 baş iribuynuzlu heyvanın tələf olması məlum olub. Tələf olmuş iribuynuzlu heyvanlardan 23 başının gecə saatlarında, 3 başının isə səhər saatlarında zərərsizləşdirilməsi təmin olunub. Eyni amanda 8 baş iribuynuzlu mal-qaranın gecə saatlarında müalicə olunması təmin olunub. Həmin gün tələf olan heyvanları otaran kənd sakini deyir ki, bir neçə gün əvvəl də kənddə belə hadisə baş verib və bir iribuynuzlu heyvan tələf olub.
Ucar Rayon İcra Hakimiyyətinin Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cabir Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kənddə heyvanların kütləvi şəkildə tələf olmasından hamı narahatdır. Amma o, örüş sahələrinə zəhərli maddə səpilməsi ilə bağlı fikirlərin yalnız iddia olduğunu söylədi. Bildirdi ki, heyvanların kütləvi ölüm səbəbi laborator müayinələrin nəticələrindən sonra məlum olacaq.
Yuxarı Şilyan kəndinin bələdiyyə sədri Vilayət Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, heyvanların qanqaldan zəhərlənməsi fikri daha ağlabatandır.
"Naxırçı da deyir ki, heyvanlar qanqal yeyib üstündən su içib. Ola bilər ki, köpərək ölüblər. O ərazilərdə zəhərli maddələrin olduğu ağlabatan deyil" deyə o, əlavə edib.
Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, tələf olmuş iribuynuzlu heyvandan pataloji-anatomik yarma aparılaraq nümunələr götürülüb. Nümunələr analiz üçün Qida Təhlükəsizlik Agentliyinin Ucar regional bölməsinə təhvil verilib. Əraziyə bitkilərdən və ərazidəki su mənbələrindən də analizlər götürülüb. Eyni zamanda Ucar rayon HSBX-nın əməkdaşları və özəl baytar həkimləri əraziyə cəlb olunaraq xəstə heyvanların müalicəsini davam etdirməklə, digər heyvanlarda da hər hansı bir şübhəli əlamətlərin olub-olmaması ilə bağlı müşahidələr aparır. Heyvanların ölüm səbəbi laborator analizlərin cavabından sonra bilinəcək.
Xəbər lenti
0