SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Biz Ermənistana ərazi iddiası etmirik, lakin... - Fərid Şəfiyev

© Sputnik / Murad OrujovBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev - Sputnik Azərbaycan, 1920, 03.11.2023
Abunə olmaq
BMTM İdarə Heyətinin sədri postmünaqişə dövründə Azərbaycan regionda sülh və əmin-amanlığın təmin olunması üçün addımlar atır.
BAKI, 3 noyabr — Sputnik. Bakıda "Böyük Qələbənin 3-cü ildönümü: Münaqişədən sonrakı dövrün çağırışları və imkanları" mövzusunda simpozium keçirilib.
Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.
Tədbirdə çıxış edən BMTM sədri Fərid Şəfiyev ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı mübarizənin nəticəsində Qarabağın separatizmdən azad olunmasını diqqətə çatdırıb:
"Azərbaycan Qarabağın azad olunması üçün böyük çətinliklərdən keçdi, sülh çağırışları etdi, lakin erməni separatçılarının işğalçı siyasəti bizə torpaqlarımızı güc yolu ilə azad etməkdən başqa çıxış yolu qoymadı. 44 günlük müharibədən sonra Azərbaycan dəfələrlə Qarabağdakı qanunsuz silahlı birləşmələri ərazilərimizi tərk etməyə çağırdı. Çağırışların gözlənilən nəticəni verməməsi torpaqlarımızda antiterror tədbirləri keçirməyə gətirib çıxardı".
Şəfiyev qeyd edib ki, hazırda postmünaqişə dövründə Azərbaycan regionda sülh və əmin-amanlığın təmin olunması üçün addımlar atır:
"Ermənistanla sülh sazişinin bağlanması üçün şərtlər irəli sürülüb. Tarixə nəzər salanda görürük ki, regionda etnik təmizləmə siyasəti həyata keçirən bir ölkə var. Bu ölkə Ermənistandır. Azərbaycanlıların öz qədim torpaqlarından köçürülməsini nəzərdə tuturam. Qarabağdan könüllü köçən ermənilərin yenidən qayıtması ilə bağlı məsələlər müzakirə olunur. Belə olan halda ermənilər niyə öz torpaqlarından didərgin düşmüş azərbaycanlıların doğma yurdlarına qayıtmasından danışmır? Biz Ermənistana ərazi iddiası etmirik, lakin belə düşünürük ki, əgər sülhə nail olmaqdan söhbət gedirsə, hər iki tərəfin hüquqları bərabər şəkildə təmin edilməlidir".
Xəbər lenti
0