Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əhalinin kredit borcu 10 milyard manatı keçib - Borclanma səviyyəsi təhlükəli həddədir?

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Abunə olmaq
Ekspertin firkrincə, istehlak və ipoteka kreditləri cəmi kredit portfelinin təxminən yarısını təşkil edir. Şərtlərin ağır, faizlərin yüksək olması kreditə marağın azalmasına səbəb olur.
BAKI, 2 noyabr — Sputnik. Azərbaycanda sentyabr ayında bankların cəmi kredit portfeli aylıq müqayisədə 2,1% və ya 467,7 milyon manat artaraq 22,2 milyard manat olub.
Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə əsasən, sentyabr ayında biznes kreditləri 54,2% artaraq 12,07 milyard manata, istehlak kreditləri 30% artaraq 6,6 milyard manata, ipoteka kreditləri 15,8% artaraq 3,5 milyard manata çatıb.
Qeyd edək ki, sentyabr ayında əhalinin istehlak və ipoteka kreditləri üzrə cəmi borcu 10 milyard manatı keçib. Bəs, bu borclanma səviyyəsi əhali və banklar üçün təhlükəli ola biləcək həddirmi?
"Banklar kredit verəndə əsasən rəsmi və stabil gəlirlərə istinad edir"
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, mövcud borclanma səviyyəsi ilə bağlı heç bir təhlükə yoxdur:
"Əhalinin kredit borcu üzrə 10 milyard manat göstərici ortalama dünya göstəricisindən çox aşağıdır. Əksinə bu rəqəmi dəfələrlə artırmaq mümkündür. Əhalinin gəlirlərinin tam olaraq şəffaf olmaması bankların daha çox kredit verməsinə imkan vermir. Çünki banklar kredit verəndə əsasən rəsmi və stabil gəlirlərə istinad edir. Ona görə də nəticədə banklar daha az kredit vermiş olurlar".
"10 milyard manat narahatedici rəqəm deyil"
Ekspertin fikrincə, gəlirlər şəffaf olduqca, rəsmi iqtisadiyyatın səviyyəsi artdıqca banklar daha çox kredit verə biləcək: "Ona görə də 10 milyard manat narahatedici rəqəm deyil".
"Banklar riskli layihələrə çox üstünlük verməməlidir"
O əlavə edib ki, kreditləşmə ilə bağlı banklar öz işlərini yaxşı qurmalı, riskli layihələrə çox üstünlük verməməli, Mərkəzi Bankın normativlərinə riayət etməlidir. Daha çox bunlara diqqət olunmalıdır.
"İstehlak və ipoteka kreditləri cəmi portfelin yarısını təşkil edir"
İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a bildirib ki, istehlak və ipoteka kreditləri cəmi kredit portfelinin təxminən yarısını təşkil edir və bu da beynəlxalq standartlara görə təhlükəli hesab olunur: "İstehlak və ipoteka kreditlərinin cəmi kredit porfelinin üçdəbiri qədər olması normal sayılır. Amma bu göstərici daha artıq olunca təhlükə və riksləri artırır. Digər problem də odur ki, ölkədə biznes kreditlərinə maraq artmır. Yəni cəmi kredit portfeli həcm olaraq artsa da biznes kreditlərinin həcmi yüksəlmir. Bu da onu göstərir ki, biznes çevrələrinin kreditləşməsi hələ də problem olaraq qalır".
"Faizlərin yüksək olması kreditə marağı azaldır"
O bildirib ki, şərtlərin ağır olması, o cümlədən faizlərin yüksək olması kreditə marağın azalmasına səbəb olur: "Belə olanda da daha az iş yerləri, daha az müəssisələr açılır. Başqa sözlə, bu, iqtisadi aktivliyin təşviqi baxımından yaxşı hal deyil. Təhlükə ondan ibarətdir ki, əsasən də istehlak kreditləri yüksək faizlə verilir və bu da riskli kredit sayılır. Bu tendensiyanın müəyyən bank sektoru üçün təhlükəli olduğunu söyləməkdə yarar var. İstehlak kreditləri həcminin yüksək olması həm də inflyasiya yarada biləcək faktora çevrilir".
"Daha çox biznes kreditləri verilməlidir"
Ekspertin sözlərinə görə, ona görə də bank sektoru daha çox biznes kreditlərinin verilməsinə çalışmalıdır: "Çünki biznes kreditləri yeni iş yerləri, yeni iqtisadi fürsətlər, yeni vergi ödəyiciləri yaradır. Bu da ümumi iqtisadi aktivliyə müsbət təsir göstərir. İpoteka kreditlərinin də iqtisadi aktivliyə təsir mexanizmi var, amma bu da planlaşdırılmış şəkildə olmalıdır. İpoteka kreditlərinin daha çox regionlara şamil olunması daha yaxşı olar".
"Cəmi kredit portfeli o qədər də böyük deyil"
"Azərbaycanda kredit portfeli o qədər də böyük deyil. Məsələn, Qazaxıstanda cəmi kredit portfeli 100 milyard dollara yaxınlaşıb. Sadəcə ölkəmizdə kredit portfelinin strukturunda istehlak və ipoteka kreditlərinin çox olması müəyyən təhdid və təhlükə yaradır"-, deyə ekspert əlavə edib.
Kredit portfelində vaxtı keçmiş kreditlərin payı azalır
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə əsasən, sentyabrda cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 2,3% təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar ayında bankların kredit portfeli aylıq müqayisədə 0,4% artaraq 19,6 milyard manat olub. Həmin ay biznes kreditləri 55,2%, istehlak kreditləri 29,5%, ipoteka kreditləri 15,3% artıb. Cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1,2 faiz bəndi azalaraq 2,9% təşkil edib.
Xəbər lenti
0