CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kimlər ödənişsiz peşəkar hüquqi yardım ala biləcəklər?

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidMəmur, arxiv şəkli
Məmur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2023
Abunə olmaq
Bu yenilik onsuz da müqavilə bağlamaq üçün maddi durumu yaxşı olmayan şəxslərə, sosial cəhətdən həssas olan qruplara şamil edilir.
BAKI, 1 noyabr — Sputnik. Mülki prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov Sputnik Azərbaycan-a açıqlamasında belə deyib. Onun sözlərinə görə bu dəyişikliklər mülki işlər üzrə ödənişsiz peşəkar hüquqi yardım göstərilməsinə dair bugünədək qəbul edilən ən mühüm sənəddir:
"Əvvəllər yalnız Ali məhkəmədə baxılan mülki işlərlə bağlı vətəndaşlara ödənişsiz hüquqi yardım almaq imkanı yaradılırdısa, hazırkı dəyişikliklərlə həm birinci, həm də apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqların təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsi məhkəmələr tərəfindən həll ediləcək".
R.Qaraşov bildirib ki, məhkəmə aşağıdakı şəxsləri iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar olduğu halda, vəkilin göstərdiyi hüquqi yardım haqqını ödəməkdən azad edə bilər:
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilən şəxslər;
- insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkən şəxslər;
- valideynini itirən və ya valideyn himayəsindən məhrum olunan uşaqlar;
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;
- maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.
R.Qaraşovun sözlərinə görə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılacaq: "Yəni sadalanan kateqoriyadan olan şəxslər əsaslı hesab etdikləri mülki işlərdə peşəkar hüquqi yardım almaq üçün bütün instansiyalar üzrə məhkəmə icraatında olan işlərdə məhkəməyə, məhkəməyə müraciət edilməyibsə, vəkil qurumlarına müraciət etməklə bu imkandan faydalana bilərlər".
Qaraşovun fikrincə, bu dəyişiklik vəkillərin fəaliyyətinə mənfi təsir etməyəcək:
"Bu yenilik onsuz da müqavilə bağlamaq üçün maddi durumu yaxşı olmayan şəxslərə, sosial cəhətdən həssas olan qruplara şamil edilir. Əksinə, vəkillər bu yardımı göstərdikləri üçün dövlətdən vəsait alacaqlar. Bunun üçün artıq dövlət büdcəsindən ayrılan vəsaitin həcmi də artırılacaq".
Xəbər lenti
0