CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda təhsil xərclərinə ayrılan vəsaitin həcmi açıqlandı

© Official website of President of Azerbaijan RepublicBişkekdə Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub
Bişkekdə Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub - Sputnik Azərbaycan, 1920, 01.11.2023
Abunə olmaq
Təhsil xərclərinin ÜDM-də çəkisi 3,8%, ümumi büdcə xərclərində çəkisi isə 12,4% təşkil edəcək.
BAKI, 1 noyabr - Sputnik. Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur.
Bu barədə barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.
Təhsil xərclərinin ÜDM-də çəkisi isə 3,8%, ümumi büdcə xərclərində çəkisi isə 12,4% təşkil edəcək.
Ali məktəblərə və kolleclərə qəbul imtahanlarının keçirilməsinə 18,9 milyon manat ayrılır
Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsil müəssisələrinə və ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi ilə bağlı xərclər üçün 18,9 milyon manat və ya 2023-cü illə müqayisədə 3,5 milyon manat vəya 22,6 faiz çox vəsait proqnozlaşdırılıb.
Bununla yanaşı, bir sıra ali təhsil müəssisələrin xərclərinin müəyyən hissəsinin qarşılanması üçün 2024-cü ilin dövlət büdcəsindən onlara 76,7 milyon manat məbləğində maliyyə yardımı (subsidiya) nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 2,9 milyon manat və ya 3,8 faiz çoxdur.
Mühəndislik və tibb ixtisasları üzrə olmaqla 240 nəfər tələbənin təhsil alacağı yeni yaradılacaq “Azərbaycan-Türkiyə birgə Universiteti”nin fəaliyyətinin təmin edilməsi məqsədilə 10,0 milyon manat vəsait proqnozlaşdırılıb. 2024-cü ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 28,9 milyon manat məbləğində müəyyən edilib ki, bu da 2023-cü illə müqayisədə 3,8 milyon manat və ya 15,0 faiz çoxdur.
Elmin maliyyələşdirilməsi üçün büdcədən 228,8 milyon manat ayrılacaq
2024-cü il dövlət büdcəsinin layihəsində elmin maliyyələşdirilməsi üçün 228,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da cari illə müqayisədə 3,5 milyon manat və ya 1,5 faiz çoxdur.
2020-ci illə müqayisədə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,1 faiz-bənd, mütləq ifadədə isə 77,0 milyon manat və ya 1,5 dəfə artıb.
Elm xərclərinin 197,9 milyon manatını və ya 86,5 faizini fundamental elm, 30,8 milyon manatını və ya 13,5 faizini ümumdövlət xidmətləri üzrə tətbiqi tədqiqatlar ilə bağlı xərclər təşkil edir.
Növbəti il təhsilverənlərin aylıq vəzifə maaşlarına əlavələrin həcmi məlum olub
2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsait proqnozlaşdırılıb.
“Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1815 nömrəli Fərmanının icrası olaraq dövlət ümumi təhsil müəssisələrinin direktor, direktor müavinlərinin və sertifikatlaşdırılmadan keçən təhsilverənlərin aylıq vəzifə maaşlarına əlavələr müəyyən edilib. Bu məqsəd üçün 2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətin sertifikatlaşma proqramında iştirakının təmin edilməsinə və 68 min nəfər heyətin diferensial əməkhaqqı sisteminə cəlb olunmasına təşəbbüs göstəriləcək.
Gələn tədris ilində dərsliklərin alınmasına 21,5 milyon manat ayrılıb
Ümumtəhsil məktəblərində oxuyan şagirdlərin 2024/2025-ci tədris ilində 300-dən çox adda təqribən 7,8 milyon nüsxə pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclərə 21,5 milyon manat ayrılıb.
Həmçinin xüsusi təhsilə cəlb olunan 13 285 nəfərin (2023-cü illə müqayisədə 469 nəfər çox) valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün aylıq müavinətin ödənilməsi üçün 8 milyon manat ayrılması nəzərdə tutulub.
Pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 18 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarındakı ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə birdəfəlik xərcin, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 11,1 milyon manat, təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 38,3 milyon manat vəsait proqnozlaşdırılır.
Bundan başqa, məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan 105 min nəfərdən çox uşağın sağlam qidalanmasının təmin edilməsi məqsədilə 2023-cü illə müqayisədə 2024-cü il üçün 5 milyon manat və ya 4,1 faiz artımla proqnozlaşdırılaraq 128,4 milyon manata çatdırılıb.
Xəbər lenti
0