Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bizdə turizm hələ o səviyyəyə çatmayıb - deputat kirayə vergisinə qarşı çıxdı

© Sputnik / Murad OrujovPulun əldən ələ verilməsi, arxiv şəkli
Pulun əldən ələ verilməsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Millət vəkili Naqif Həmzəyev bildirib ki, dövlət kənd evlərini turistlərə kirayə verən şəxslərə pulsuz təlimlər keçir, hətta maliyyə dəstəyi verir ki, turizmin inkişafına nail olsun. Türkiyə təcrübəsini kor-koranə şəkildə bura tətbiq etmək olmaz.
BAKI, 30 oktyabr — Sputnik. Türkiyədə mənzillərini turizm məqsədi ilə kirayə verənlərlə bağlı qanunda dəyişiklik olub. Belə ki, evini turizm məqsədilə istifadə etmək istəyənlər bunun üçün Turizm Agentliyindən rəsmi icazə alacaqlar. Bundan başqa, icazə almadan reklamı həyata keçirilən evlərə görə mənzil sahibləri 100 min TL cərimə olunacaq. Qeyd olunan müddətdə cərimə ödənilmədikdə, lazımi tədbir görülmədikdə isə cərimələr artırılacaq.
Turizm üzrə ekspert Ruslan Quliyev Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanda da uzun müddətdir bu məsələ müzakirə olunur: "Belə kirayə evlər hotellərə bir alternativdir. Əsas məsələ bu mənzillərin qeydiyyatı, monitorinqi, hesabatlılığıdır. Belə bir nəzarətin olması həm də büdcə gəlirlərinin artırılmasına, büdcədən yayınmaların qarşısının alınmasına səbəb ola bilər. Düşünürəm ki, bu istiqamətdə iş görmək üçün yalnız Türkiyə modeli deyil, digər ölkələrin təcrübəsi öyrənilib tətbiq edilə bilər".
Turizm üzrə digər ekspert Ceyhun Aşurov da hesab edir ki, Azərbaycanda da belə bir təcrübənin olması, nəzarətlə bağlı müəyyən qaydaların tətbiqi gözəl olardı: "Belə qaydaların olması həm də nəzarət mexanizmi rolunu oynayacaq. Mənzillərin turizm məqsədi ilə qeydiyyata alınması və kirayəyə verilməsi çox yaxşı haldır. Ümumiyyətlə, evlər hotellərlə müqayisədə turizm üçün daha əlverişlidir. Cərimələrin sərt olması da onu göstərir ki, nəzarətə böyük ehtiyac var. Düzdür, bu qiymətlərin artımına da səbəb ola bilər".
Aşurov vurğulayıb ki, Azərbaycanda, xüsusən də kəndlərdə evlər turistlərə günlük, həftəlik verilir. Lakin vergi ödənilmir. Bu məsələlərlə bağlı boşluqlar var və onlar aradan qaldırılmalıdır.
Ekspert qeyd edir ki, turistlər üçün seçimlərin artması onların xeyrinədir. Çünki daha əlverişli qiymətə Bakıda və regionlarda qalmaq üçün yer tapa bilirlər: "Bu da regionlardakı əhali üçün əlavə gəlir mənbəyi yaradır. Lakin qoyulacaq vergilərin yüksək olması zərərli amil kimi qeyd edilməlidir. Sadəcə, belə ev sahiblərini cüzi vergiyə cəlb etməklə qeydiyyatlarını təşkil etmək, nəzarət mexanizmini həyata keçirmək mümkündür. Yaxşı olardı ki, simvolik, çox olmayan bir məbləğdə vergi tətbiq edilsin, şəffaf sistem yaradılsın, data yığılsın".
Millət vəkili Naqif Həmzəyev isə Sputnik Azərbaycan-a bildirib ki, belə evlərə görə xüsusi lisenziyaların verilməsi ilə bağlı hansısa təklif və müzakirə yoxdur. Buna heç ehtiyac da duyulmur: "Hökumət hazırda kənd evlərində turizmi təşviq edir. Bu istiqamətdə aidiyyatı qurumlar tərəfindən addımlar atılır. Dövlət Turizm Agentliyi tərəfindən kənd yerlərində turizmin inkişafı üçün xüsusi pilot layihələr icra olunur. Kənd evlərində turizm xidmətini həyata keçirən şəxslərə təlimlər keçirilib, hətta maliyyə dəstəyi də olub. Lakin bizdə turizm o səviyyəyə çatmayıb ki, bu evlərə görə xüsusi lisenziyalar verilsin".
Xəbər lenti
0