Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Zədələnmiş pullarınızı atmayın, "Nağd Pul Ofisi"ndə öz nominal dəyərinə dəyişin

manat - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
Eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri AMB tərəfindən ödənilir.
BAKI, 29 oktyabr — Sputnik. Mərkəzi Bank tərəfindən zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı əhalinin müraciətlərinin operativ şəkildə qarşılanması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə "Nağd pul ofis"lərinin fəaliyyəti davam etdirilir. Vətəndaşlar Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanındakı inzibati binasında yerləşən xidmət ofisinə (saat 10:00-13:00-dək), eləcə də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə (saat 10:00-16:00-dək) milli pul nişnalarının, o cümlədən tədavülə yararsız pul nişanlarının dəyişdirilməsi və ya ekspertizaya təqdim edilməsi üçün müraciət edə bilərlər.
Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir. Qeyd olunur ki, AMB tərəfindən milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır.
AMB qeyd edir ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, AMB tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir.
Sorğuya cavab olaraq AMB-dən verilən məlumatda bildirilir ki, tədavülə yararsız, zədələnmiş pul nişanlarının dəyişdirilməsi və ekspertizasının aparılması ilə bağlı cari ilin 9 ayı ərzində Mərkəzi Banka 3158 müraciət daxil olub.
Dəyişdirilmə və ekspertiza 10 iş günü ərzində aparılır.
Bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.
Eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.
Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, təəssüf ki, vətəndaşlarımız "Nağd pul ofis"lərinin fəaliyyəti barədə məlumatsız olduğu üçün zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı çətinliklə üzləşirlər. Bəzi hallarda isə vətəndaşlarımız yararsız hala düşmüş pul əsginaslarını daha aşağı dəyərlə fərdi şəxslər vasitəsi ilə dəyişdirirlər. Halbuki pulun yararsız hala düşməsi onun tam dəyərdə dəyişdirilməsi üçün hər hansı bir maneə yaratmır.
Deputat qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı əhalinin müraciətlərinin operativ şəkildə qarşılanması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə "Nağd pul ofis"lərinin fəaliyyətini davam etdirir:
"Yarasız hala düşmüş pulları asanlıqla "Nağd pul ofis"lərində yenisi ilə əvəzləmək mümkündür. Qeyd etmək lazımdır ki, vətəndaşlarımız yararsız pul nişanlarını yalnız Bakıda deyil, həmçinin də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə müraciət edərək dəyişdirə bilərlər. Yararsız pul əsginaslarının dəyişdirilməsi zamanı heç bir ödəniş nəzərdə tutulmayıb".
İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a bildirib ki, vətəndaşlar "Nağd Pul Ofisi"lərinin olması ilə bağlı biliksiz və məlumatsızdır: "Yaxın ətrafımda olan şəxslər də bu günlərədək belə bir ofislərin fəaliyyət göstərməsindən məlumatsız olub. Bundan başqa, qanunvericiliklə bağlı da problemlər var. Dövlət banklarının zədələnmiş pul nişanlarının hamısını dəyişmək səlahiyyəti var. Amma zaman-zaman bununla bağlı da problemlərin olduğu ortaya çıxır. Banklar bu əməliyyatı icra etməkdən imtina edirlər. Pərakındə satış müəssisələri də bu pulları götürməkdən imtina edir".
Xəbər lenti
0