CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanacaqdoldurma məntqələri və təhlükəsizlik - Buna nə dərəcədə əməl olunur?+VİDEO

© AFP 2024 / VALENTINE CHAPUISYanacaqdoldurma
Yanacaqdoldurma - Sputnik Azərbaycan, 1920, 28.10.2023
Abunə olmaq
FHN sadəcə nəzarəti həyata keçirir, qanunpozuntusu aşkarlandıqda isə onu aidiyyəti üzrə qurumlara yönləndirirlər
BAKI, 28 oktyabr — Sputnik. SSRİ dövründə belə bir normativ var idi ki, yanacaq doldurma məntəqələri (YDM) yaşayış binasından 400 metr aralıda tikilməli idi. Lakin hazırkı normativlər bizə bəlli deyil. “ABU Petrol” 2000-ci illərin əvvəlində, elə binanın altında tikilib.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında tikinti üzrə ekspert Elnur Azadov yanacaqdoldurma məntəqələrində baş verən partlayışlarla bağlı danışarkən deyib.
O bildirib ki, ümumiyyətlə, YDM-də təhlükəsizliyi təmin edən avadanlıqlar yoxdursa, bu kimi yanacaqdoldurma məntəqələri təhlükə mənbəyi ola bilər: "YDM-də təhlükəsizliyi təmin edən avadanlıqların nə qədər olub, olmaması da bizə bəlli deyil".
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanacaqdoldurma məntəqlərinin layihələndirilməsi zamanı bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla bu iş həyata keçirilir: "Ərazinin coğrafi relyefi, sürüşmə zonasının olub-olmaması, ərazinin meyilliliyi, infrastruktur, məktəblər, tibb müəssisələri, dəmiryolu keçidləri və s nəzərə alınır. Ümumiyyətlə, yanacaqdoldurma mərkəzləri ictimai iaşə mərkəzləri, yaşayış yerləri, ticarət obyektlərindən minimum 50 metr məsafədə olmalıdır".
"Bu məsafə yanacaqdoldurma mərkəzlərinin yanacaq çənlərindən hesablanır. Bu çənlər həm yerüstü, həm də yeraltı olur. Bu çənlər yerin altında olduqda yaşayış binasınadək məsafə minimum 50, yerüstü olduqda isə 70 metr olmalıdır. Ümumiyyətlə, yanacaqdoldurma məntəqələri təhlükə potensialı yüksək olan riskli yerdir", - deyə o əlavə edib.
E.Nurəliyev bildirib ki, yanacaqdoldurma məntəqələrində qəzaların 95 faizindən çoxu texniki təhlükəsizliyə əməl edilmədiyi üçün baş verir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, tikinti işlərinin layihələndirilməsi ilə bağlı sifarişçi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilən ərazi planlaşdırma sənədlərinə şəhərsalma normativlərinə, o cümlədən AzDTN (Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları) 2.6-1 - şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması haqqında Normalara və yanğın təhlükəsizliyi Qaydalarına uyğun olaraq baxılır: "Torpağa dair mülkiyyət sənədi və aidiyyəti dövlət qurumlarının, habelə Fövqəladə Hallar Nazirliyinin rəylərinə əsasən belə obyektlərə Bakı şəhərində Komitə, digər rayonlarda isə yerli icra hakimiyyətləri tərəfindən icazə verilir".
Komitədən bildirilib ki, yanacaqdoldurma məntəqələrinin tikintisi ilə bağlı müraciətlərə də bu formada baxılır.
Yanacaqdoldurma məntəqələri ilə bağlı nələr qadağandır və bu qadağalara məhəl qoyulurmu?
Bəzən yanacaqdoldurma məntəqələrinin yanında market və yeni binalar tikilir. Maraqlıdır ki, buna necə nəzarət edilir? Bu və bu kimi suallara cavab olaraq komitədən bildirilib ki, ünvanlanan suallar onlara aid deyil: “Bu suallar FHN-ə ünvanlanmalıdır”.
FHN-dən isə sorğumuza cavab olaraq bildirilib ki, onlar sadəcə nəzarəti həyata keçirirlər, qanunpozuntusu aşkarlandıqda isə onu aidiyyəti üzrə qurumlara yönləndirirlər: "Bizim işimiz bundan ibarətdir".
Yanacaqdoldurma məntəqəsi harada tikilməlidir?
Dövlət Şəhərsalma Norma və Qaydalarına görə, maye yanacaq saxlanılan yeraltı çənləri olan yanacaqdoldurma məntəqələrindən məktəbəqədər uşaq müəssisələri, ümumtəhsil və internat məktəbləri, stasionarı olan müalicə müssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğulaırn divarlarınadək məsafələr 50 m-dən az olmamalıdır. Göstərilən məsafəni yanacaqdoldurma kolonkalaırndan və maye yanacaq saxlanılan yeraltı çənlərdən təyin etmək lazımdır.
Sutkada 500-dək minik avtomobilinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş YDM-dən göstərilən obyektlərədək məsafələri 25 metrdən az olmamaq şərti ilə qısaltmaq olar.
Qeyd edək ki, ötən ay Dağıstanda baş verən yanğından sonra artıq yanğın təhlükəsizliyi mövzusu Rusiyada yenidən gündəmdədir. Belə ki, artıq Rusiyada ticarət mərkəzləri və bazarların yaxınlığında yanacaqdoldurma məntəqələrinin qadağan edilməsi ilə bağlı təkliflər hazırlanıb.
Rusiya Dövlət Dumasında yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsi üçün tələblərin dəyişdirilməsini təklif ediblər.
Yeraltı çənləri olan yanacaqdoldurma məntəqələrinin evlərdən ən azı 25 m, yanacaqdoldurma məntəqələrinindən isə ən azı 35 m məsafədə yerləşdirilməsi təklif edilir.
Dövlət Duması Rusiyada yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsi qaydalarına yenidən baxılmasını və bu obyektlərin insanların sıx toplaşdığı yerlərin yaxınlığında yerləşdirilməsinin qadağan olunmasını təklif edir. Bu təkliflər Dağıstanda baş verən yanğından sonra hazırlanıb.
Təkliflərdə o da həmçinin qeyd olunub ki, yaşayış binalarının yanında yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsi qadağan edilməlidir: "Sovet dövründə bütün yanacaqdoldurma məntəqələri şəhərdən kənara köçürülürdü. Moskvada da şəhərin mərkəzində kifayət qədər boş ərazilər var ki, orada əhalinin maraqlarına xələl gətirmədən yanacaqdoldurma məntəqələrini yaratmaq olar".
Xatırladaq ki, Dağıstanda avqustun 15-də Mahaçqala kənarındakı yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı otuz beş, yaralıların sayı isə yüzdən artıq olub.
Bənzər hadisə Rumıniyada da təkrarlanıb
Avqustun 27-də Rumıniyanın Krevediya şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Nəticədə 58 şəxs yaralanıb.
Bu hadisədən sonra ölkənin baş naziri Marsel Çolaku bütün yanacaqdoldurma məntəqələrinin yoxlanılması ilə bağlı əmr verib, bildirib ki, tələblərə cavab verməyən yanacaqdoldurma məntəqələri dərhal bağlanacaq. Bundan başqa nazir bildirib ki, lazım gələrsə təxirəsalınmaz şəkildə qanunvericiliyə də dəyişikliklər ediləcək.
Xəbər lenti
0