Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Muğan bank"ın notarius hesabına pul qoyanların vəsaiti qaytarılacaqmı?

manat - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
"Muğan Bank" ASC-nin ölkə üzrə bütün bankomatları oktyabrın 17-dən etibarən fəaliyyətini dayandırıb. Oktyabrın 19-da isə AMB İdarə Heyətinin qərarı ilə "Muğan Bank" ASC-nin lisenziyası ləğv edilib.
BAKI, 27 oktyabr — Sputnik. "Muğan Bank"dakı notarius hesablardakı pullar qaytarılacaqmı? Bu barədə millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov açıqlama verib.
Deputat öz *Facebook sosial şəbəkə hesabında buna aydınlıq gətirib. Onun sözlərinə görə, monitorinqlər göstərir ki, "Muğan Bank" notariuslarla daha sıx əməkdaşlıq edən banklardan olub. Ödənişlər zamanı pulların hesablarda müəyyən zaman qaldığını nəzərə alsaq, bankın notarius depozit hesablarında da vəsaitlərin olduğu güman edilir:
"Daşınmaz və əksər daşınan əmlaklar nağdsız satıldığı üçün bu zaman vəsait bir müddət depozit hesablarında qalır. Əmlakını satan vətəndaş alıcının ödədiyi pulu orta hesabla 2 iş günü ərzində bankda nağdlaşdıra bilirdi. Məsələn, vətəndaş 150 min manata evini satıb, o pulunu 2 gün sonra ala bilir və həmin müddətdə bank müflis olur. Bank müflis olduğundan həmin vəsaiti əldə edə bilmir. Bu halda nə etməlidir? Qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən, notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə ödənilir. Bu isə o deməkdir ki, bu halda vətəndaşın vəsaiti tam ödənilməlidir və heç bir halda onun pulunun qaytarılmaması və ya qismən ödənilməsi müzakirə edilə bilməz".
Qeyd edək ki, "Muğan Bank" ASC-nin ölkə üzrə bütün bankomatları oktyabrın 17-dən etibarən fəaliyyətini dayandırıb. Oktyabrın 19-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Muğan Bank" ASC-nin lisenziyasının ləğv edildiyi rəsmi açıqlanıb. 2023-cü ilin III rübü üzrə maliyyə hesabatına əsasən, "Muğan Bank"ın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 139 milyon 687 min manat azalıb. Belə ki, 2023-cü ilin yanvar ayının 1-nə bankın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 169 milyon 608 min manat təşkil edibsə, cari ilin oktyabr ayının 1-nə bankın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 29 milyon 921 min manata kimi azalıb.
Mərkəzi bank açıqlayıb ki, "Muğan Bank" Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyaları Fond qanunvericiliyə müvafiq qaydada ödəyəcək. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, bu il oktyabrın 1-nə buradakı sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manatdır və əmanətçilərin say etibarı ilə 99,9 %-i kompensasiya alacaq.
Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 40%-i Munir Vəliyevə, 33,85%-i Samir Vəliyevə, 16,27%-i Vəfa Vəliyevaya, 9,22%-i Fəridə Mehdiyevaya, 0,66%-i isə Elmir Mehdiyevə məxsusdur.
Xəbər lenti
0