CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda şagirdlərin kütləvi zəhərlənməsinin təfərrüatı məlum olub: 1 manata "şah" dönər

© SputnikBakıda şagirdlərin kütləvi zəhərlənməsi
Bakıda şagirdlərin kütləvi zəhərlənməsi - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Abunə olmaq
Zəhərlənən şagirdlərin valideynləri hadisənin necə baş verdiyini və uşaqların hazırkı vəziyyətini açıqlayıblar. Dönərxana isə bağlanıb.
BAKI, 25 oktyabr — Sputnik. Bakıda şagirdlərin dönərdən zəhərlənməsinin təfərrüatları məlum olub. Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, qəsəbədə yerləşən "Şah dönər" adlı iaşə obyekti dönər satışında endirim edib. Dönərxana qəsəbənin mərkəzində yerləşdiyindən, müxtəlif məktəblərin şagirdləri 1 manata satılan dönərdən alaraq yeyiblər. Bundan sonra onların səhhətində problem yaranıb. Zəhərlənən şagirdlər 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına aparılıblar.
© Sputnik"Şah dönər" iaşə obyekti
Ərazidəki müəssisə - Sputnik Azərbaycan, 1920, 25.10.2023
"Şah dönər" iaşə obyekti
"Endirimə düşən 1 manatlıq dönərdən alıb yeyiblər"
Valideyn Rövşən Abbasov Sputnik Azərbaycan-a bildirib ki, övladı Abbaszadə Asəf Binə qəsəbəsindəki 88 saylı məktəbin 7-ci sinfində oxuyur. O, dərsi bitdikdən sonra Binə qəsəbəsinin mərkəzində yerləşən "Şah dönər" iaşə obyektindən dönər alıb. Evə gəldikdən sonra uşağın vəziyyəti pisləşib və o, qusmağa başlayıb.
"Uşaqdan nə yediyini soruşduq. Dedi ki, endirimə düşən dönərdən alıb yeyib. Ondan sonra zəhərləndiyini anlayıb Təcili və təxirəsalınmaz tibbi yardıma zəng etdik. Hazırda uşağım xəstəxanadadır" - valideyn bildirib.
O, qeyd edib ki, sözügedən dönərxana ilə bağlı artıq hüquq-mühafizə orqanları məlumatlandırılıb, fakt araşdırılır.
Övladı zəhərlənən digər valideyn Qasımov Fariz də bildirib ki, oğlu məktəbdən çıxdıqdan sonra qəsəbənin mərkəzindəki dönərxanadan dönər alıb yeyib.
"Oğlum Qasımov Əliyusif 9-cu sinif şagirdidir. Məktəbdə dərs bitdikdən sonra dönər yeyib və hazırlığa gedib. Hazırlıqda vəziyyəti pisləşib və qusmağa başlayıb. Evə gələndə vəziyyəti pis idi. Biz təcili tibbi yardıma zəng edərək məlumat verdik. Oğlum dedi ki, "Şah dönər" iaşə obyektindən endirimə düşən 1 manatlıq dönərdən yeyib. Onda bildik ki, uşaq dönərdən zəhərlənib. Xəstəxanaya gəldikdən sonra öyrəndik ki, qəsəbədəki məktəblərdə təhsil alan şagirdlərin çoxu oradan alıb yediyi dönərdən zəhərlənib" - valideyn bildirib.
21 uşağın durumu necədir?
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, oktyabrın 24-də Binə qəsəbəsində səhhətində narahatlıq yaranaraq təcili tibbi yardıma müraciət edən və müvafiq səhiyyə müəssisəsinə yerləşdirilən 21 uşağın durumu sabitdir.
"Məlumata görə onlardan 1-i valideyni tərəfindən evə aparılıb. Dünən Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 21 şagirddə müxtəlif vaxtlarda narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olmuşdu. Məlumata əsasən, qeyd olunan təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və "Məktəblinin dostu" layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub" - qurumdan bildirilib.
BŞTİ onu da qeyd edib ki, məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib:
"Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər. Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Elm və təhsil nazirinin müşaviri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq təhsil müəssisələrinin rəhbərliyi müayinə və müalicəyə cəlb olunmuş şagirdlərin vəziyyəti ilə tanış olmaq üçün onlara baş çəkiblər. Uşaqların durumu Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və TƏBİB rəhbərliyinin nəzarətindədir".
Qeyd edək ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.
TƏBİB-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda hər birinin vəziyyəti stabildir.
Valideynlər "Şah dönər"in fəaliyyətinin artıq AQTA tərəfindən dayandırıldığını, qapısına qıfıl vurulduğunu bildiriblər.
AQTA-nın açıqlaması
2023-cü il 24 oktyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə daxil olmuş müraciət əsasında Bakı şəhərinin Xəzər rayonunda 21 nəfər məktəblinin zəhərlənmə şübhəsi ilə səhhətində baş vermiş problemlə bağlı müvafiq qurumların əməkdaşları ilə birgə dərhal araşdırmalara başlanılıb.
"Toplanmış anamnez məlumatlarına əsasən, hadisənin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən "Şah dönər" ictimai iaşə müəssisəsində hazırlanan dönərdən baş verdiyi müəyyən olunub. Faktla bağlı Agentliyin müfəttişləri tərəfindən "Şah dönər" ictimai iaşə müəssisəsinə baxış keçirilib, müəssisədə istifadə edilən bişmiş toyuq ətindən, ayrandan, dönər çörəyindən, mayonezdən, tərəvəzlərdən və digər məhsullardan nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir. Araşdırmaların yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq" - AQTA-dan bildirilib.
Xatırladaq ki, bir qrup şagird dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yeyiblər.
Xəbər lenti
0