Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Aqrar məhsulların xaricə daşınmasında təcrübəli şirkətlərlə əməkdaşlıq müzakirə olunur

© AFP 2024 / FABRICE COFFRINITHY
THY - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Abunə olmaq
Kənd təsərrüfatı məhsullarının istehsalçıları artıq ənənəvi xarici bazarlarla yanaşı, yeni bazarlara məhsul ixracına başlayıblar.
BAKI, 25 oktyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının hava nəqliyyatı ilə daşınması sahəsində ixtisaslaşmış "THY Hava Kargo Taşımacılığı" Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə nazirliyin məsul şəxsləri, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı üzrə ixtisaslaşmış assosiasiyaların rəhbərləri, aparıcı aqrar şirkətlərin nümayəndələri, "THY Hava Kargo Taşımacılığı" Səhmdar Cəmiyyətinin Şərqi Avropa, Gürcüstan və Azərbaycan üzrə məsul şəxsləri iştirak ediblər.
Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə çıxış edən iştirakçlar ölkəmizdə xarici bazarlara kənd təsərrüfatı məhsullarının istehsalı və ixracının ildən-ilə artdığını qeyd ediblər. Məlumat verilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları artıq ənənəvi xarici bazarlarla yanaşı, yeni bazarlara məhsul ixracına başlayıblar. Həmin prosesin genişləndirilməsi məhsul istehsalı ilə yanaşı, logistika işinin də düzgün qurulmasını tələb edir. Bu baxımdan istehsalçılar xüsusilə də tez xarab olan yaş meyvələrin daşınması üzrə ixtisaslaşmış xarici şirkətlərlə əməkdaşlığa maraq göstərirlər. "THY Hava Kargo Taşımacılığı" Səhmdar Cəmiyyəti bu sahədə böyük təcrübəyə malik şirkət kimi Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici bazarlara qısa müddətdə təhlükəsiz daşınmasına köməklik göstərə bilər.
"THY Hava Kargo Taşımacılığı" Səhmdar Cəmiyyətinin Şərqi Avropa üzrə Karqo direktoru Çağkan Torunlar kənd təsərrüfatı məhsullarının hava nəqliyyatı vasitəsilə ixracına dair ətraflı təqdimat keçirib. Şirkətin tez xarab olan və yüksək dəyərə malik hava ilə yüklərin daşınması sahəsində 30 ildən çox təcrübəyə malik olduğunu deyən Çağkan Torunlar tərəvəz, meyvə, ət, balıq və yumurtanın xarici bazarlara daşınmasının mexanizmləri və tələb olunan standartlar barədə məlumat verib. O bildirib ki, işlək mexanizm əsasında məhsullar soyuq təchizat zəncirinin bütün mərhələlərinə əməl edilməklə dünyanın bir çox ölkəsinə ixrac edilir. Daşıma əməliyyatları yüksək texnologiyalı SMARTIST obyektində, IATA PCR-a (tez xarab olan yük direktivi) uyğun olaraq həyata keçirilir.
Daha sonra Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri assosiasiyaların fəaliyyəti və kənd təsərrüfatı məhsullarının ixracı sahəsində mövcud vəziyyətə dair təqdimatlar ediblər.
Görüşdə tez xarab olan kənd təsərrüfatı məhsullarının hava yolu ilə daşınmasında Türkiyənin uğurlu təcrübəsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb, bu sahədə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Xəbər lenti
0