"Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanun layihəsi ikinci oxunuşda qəbul edilib
© Sputnik / Murad OrujovQiymətləndirmə, arxiv şəkli
Abunə olmaq
Millət vəkili Azərbaycanda ictimai sektorun bu istiqamətdə fəallığının artırılması, habelə Qiymətləndiricilər Palatasının formalaşdırılması ilə bağlı, digər bir sıra yeniliklərin layihədə öz əksini tapdığını bildirib.
BAKI, 24 oktyabr — Sputnik. Milli Məclisdə "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Parlamentin plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bazar iqtisadiyyatı şəraitində qiymətləndirmə fəaliyyətinin təşkilinin, onun funksiyalarının əhəmiyyətindən söz açıb, dövlət mülkiyyətinin özəlləşdirilməsindən, bazar iqtisadiyyatının formalaşdırılmasının vacibliyindən bəhs edib.
Bildirilib ki, ölkəmizdə ilk dəfə 1998-ci ildə "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun qəbul edilib. Bu sənədin o dövr üçün bu sahədə münasibətlərin tənzimlənməsi baxımından mütərəqqi qanun olduğu qeyd edilib.
© Sputnik / Murad OrujovMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Tahir Mirkişili ötən müddət ərzində bu sahədə bəzi boşluqların yarandığını və yeni bir qanuna ehtiyac duyulduğunu deyərək, Azərbaycanda ictimai sektorun bu istiqamətdə fəallığının artırılması, habelə Qiymətləndiricilər Palatasının formalaşdırılması ilə bağlı, digər bir sıra yeniliklərin layihədə öz əksini tapdığını bildirib.
O, daşınar və daşınmaz əmlakın alqı-satqısı, girov qoyulması, sığorta, vergi, vərəsəlik məsələlərində qiymətləndirmədən geniş istifadə oldunduğunu, düzgün qiymətləndirmənin aparılmasının və bu istiqamətdə haqlı rəqabətin inkişaf etməsinin qarşıda duran əsas məsələlərdən olduğunu qeyd edib.
Komitə sədri bildirib ki, ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunan qanun layihəsinin qəbulu bu sahədə yeni mərhələdə qiymətləndiricilərin fəaliyyətinin tənzimlənməsi, onların məsuliyyətinin müəyyən edilməsi, digər məsələlərin həllinə imkan yaradacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, 6 fəsil 27 maddədən ibarət qanun layihəsinin qəbulu qiymətləndirmə fəaliyyəti sahəsində mövcud olan boşluqların və problemlərin aradan qaldırılması, fiziki və hüquqi şəxlərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olması ilə bağlı tələblərin müəyyən edilməsi, ümumilikdə qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edəcək.
© Sputnik / Murad Orudjevİqtisadiyyat nazirinin müavini Elnur Əliyev
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev
© Sputnik / Murad Orudjev
Qiymətləndirici – bu qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə edən və Qiymətləndiricilər Palatasının üzvü olan fiziki şəxsdir.
Qiymətləndirici təşkilat – bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsdir.
Yeni qanuna görə, qiymətləndirmə fəaliyyəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:
daşınar əmlakın qiymətləndirilməsi:
maşın və avadanlıqların qiymətləndirilməsi;
nəqliyyat vasitələrinin qiymətləndirilməsi;
heyvan və bitkilərin qiymətləndirilməsi;
digər daşınar əmlakın qiymətləndirilməsi;
daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;
daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi;
müəssisələrin qiymətləndirilməsi;
qeyri-maddi əmlak nemətlərinin qiymətləndirilməsi:
əqli mülkiyyət hüququ obyektlərinin qiymətləndirilməsi;
hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının qiymətləndirilməsi;
tələblərin və hüquqların qiymətləndirilməsi;
debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi;
kreditor borcların və digər öhdəliklərin qiymətləndirilməsi;
təbii sərvətlərin qiymətləndirilməsi;
dəymiş zərərin qiymətləndirilməsi;
əldən çıxmış mənfəətin qiymətləndirilməsi;
risklərin qiymətləndirilməsi;
xidmətlərin qiymətləndirilməsi;
digər qiymətləndirmə obyektlərinin qiymətləndirilməsi.