Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hüseyn Cavid: əbədiyyətə aparan dəhşətli yol

© Sputnik / Irade JELIL"Hüseyn Cavid - 135" şeir müsabiqəsinin mükafatlandırma mərasimi
Hüseyn Cavid - 135 şeir müsabiqəsinin mükafatlandırma mərasimi - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
Hüseyn Cavid 1956-cı ildə, ölümündən sonra reabilitasiya olunub.
BAKI, 24 oktyabr — Sputnik. Hüseyn Rasizadə "əbədi" mənasını verən "Cavid" təxəllüsünü götürəndə sanki öz aqibətini qabaqcadan görmüşdü. Vicdanlı insan, böyük şair "xalq düşməni" kimi düşərgələrdə həlak olub. Hazırda isə onun şərəfinə vətənində əzəmətli məqbərə ucaldılıb.
1920-ci illərdə qəzetlər Hüseyn Cavid haqqında "Qafqazın ən məşhur və əfsanəvi şairi" deyə yazırdılar. O, 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində anadan olub, parlaq, lakin qısa və faciəli ömür yaşayıb. Azərbaycan və dünya ədəbiyyatına daxil olmuş ölməz əsərlər yaradan şair öz dövrünün simvollarından birinə çevrilib.
Bu gün Bakıda Hüseyn Cavidin ev-muzeyi fəaliyyət göstərir ki, burada şairin taleyində mühüm rol oynamış əşyalar və sübutlar saxlanılır. Xüsusilə bir eksponat fərqlənir – bu, sirri olan yemək masasıdır. NKVD işçiləri şairi həbs etməyə gələndə axtarış zamanı Cavidin əlyazmalarını və qeydlərini tapa bilməyiblər. Bu, altında gizli siyirtmələri olan stolun sayəsində baş verib. Lakin bu xoşbəxt vəziyyət, təəssüf ki, şairin taleyinə təsir etməyib. Heç nəyə baxmayaraq, həbs olunaraq düşərgələrə göndərilən Hüseyn Cavid orada xəstəlikdən dünyasını dəyişdi. Ancaq gəlin hər şey barədə növbə ilə danışaq.
Gələcək parlaq şairin atası yerli ruhanilərin görkəmli nümayəndəsi olub ərəb və fars dillərini mükəmməl bilirdi. Cavidin qardaşlarından Məhəmməd Rəsizadə ömrü boyu müəllim işləyib və bir vaxtlar Azərbaycanın lideri Heydər Əliyevin etiraf etdiyi kimi, ona Azərbaycan dilini ilk öyrədən Şeyx Məhəmməd olub. Hüseyn özü dilləri uğurla öyrənib, Şərq ədəbiyyatı və fəlsəfəsi ilə məşğul olub. 1905-1909-cu illərdə Türkiyəyə gedən H. Cavid orada İstanbul Universitetinin filologiya fakültəsində təhsil alıb. Gələcək mütəfəkkir orada görkəmli yazıçı və şairlərlə görüşür və "Cavid" ("əbədi") təxəllüsü ilə ilk poetik cəhdlərini edir.
Vətənə qayıdan Cavid Azərbaycan məktəblərində Azərbaycan dili və ədəbiyyat tarixini tədris etməyə başlayıb. Eyni zamanda o, romantik üslubda çoxlu şeirlər və poemalar yazır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatında lirik-epik poemaların müəllifi, eləcə də ilk poetik faciə və dramların yaradıcısı kimi şöhrət qazanıb. Azadlıq və müstəqillik ideyaları ilə aşılanmış romantizm isə 20-ci əsrin əvvəllərində geniş miqyasda tanındı və cəmiyyətdə böyük ümidlər yaratdı.
Hüseyn Cavidin qəhrəmanları dövrün ziddiyyətlərini ağrı-acı ilə yaşayan üsyankar mütəfəkkirlərdir. Dramaturq "Ana", "Maral", "Şeyx Sənan", "Şeyda", "İblis", "Uçurum", "Peyğəmbər", "Afət", "Siyavuş", "İblisin intiqamı", "Xəyyam" və s. kimi gözəl tragediya və dramlar yaradıb. Öz əsərlərini o, türkcə qələmə alıb.
Təəssüf ki, böyük romantikin yaradıcılıq yüksəlişi Stalin repressiyalarının qızğın çağında, dəhşətli 1937-ci ildə birdən-birə başa çatdı. Yaradıcı ziyalıların aparıcı hissəsinin təqib olunduğu bir şəraitdə o, "xalq düşməni", türk kəşfiyyatının cəsusu elan edildi, yazışma hüququ olmayan düşərgədə 8 il müddətinə azadlıqdan məhrum edilərək Sibirə sürgün edildi. Günahını boynuna almayan şair iki il sonra əzablı bir şəkildə dünyasını dəyişdi. Arxivlər açılanda məlum oldu ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Şevçenko kəndindəki 21 saylı əlil məhbuslar evində ayaqlarının donması ilə əlaqədar ürək tutmasından vəfat edib.
Arxiv sənədlərinə görə, şair dekabrın 7-də yerli qəbiristanlıqda müsəlman adətlərinə görə 59 saylı tabutda (üzü Məkkəyə tərəf) dəfn edilib, dəfn mərasimində azərbaycanlı məhbuslar da iştirak ediblər. O, 1956-cı ildə, ölümündən sonra reabilitasiya olunub.
1982-ci ildə anadan olmasının 100 illiyi ilə əlaqədar böyük Azərbaycan şairinin külü Vətənə geri döndü. Bu, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin o vaxtkı birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə baş verdi. Qalıqlar doğma Naxçıvana aparılaraq Hüseyn Cavidin ata evinin yaxınlığında dəfn edildi. Daha sonra şairin məzarı üzərində əzəmətli məqbərə ucaldıldı. İllər sonra isə şairin həyat yoldaşı və qızının qalıqları orada dəfn edildi.
Xəbər lenti
0