Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Fransanın Ermənistanı silahlandırmaqda məqsədi nədir?

© AFP 2024 / EMMANUEL DUNANDQarabağ separatçılarından götürülmüş silahlar
Qarabağ separatçılarından götürülmüş silahlar - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
Mllət vəkili qeyd edir ki, Paşinyan iqtidarı müstəqil siyasət yürüdə bilmir və Avropadan, ABŞ-dan gələn təlimatlar əsasında davranmaqdadır.
BAKI, 24 oktyabr — Sputnik. Ermənistan Fransan ilə hərbi sahədə əməkdaşlığı genişləndirir. Regionda sülhlə bağlı müzakirələrin getdiyi bir vaxtda Fransa Ermənistanı silahlandırmaq qərarına gəlib. Ermənistan müdafiə naziri Suren Papikyanın Fransaya səhəri zamanı hərbi-texniki əməkdaşlıq və yeni silahların alınması ilə bağlı müqavilə imzalanıb.
Fransanın regionda hərbi nüfuzunu artırmaq istəyi Azərbaycan tərəfindən birmənalı qaşrılanmır. Çünki rəsmi Paris həm vasitəçilik etməyi təklif edir, həm də Azərbaycana qarşı Ermənistanı silahlandırmaqla məşğuldur.
Bəs Fransanın Ermənistanı silahlandırması nədən xəbər verir?
Mövzu ilə millət vəkili Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a danışıb.
Fransa Ermənistandan istifadə edərək Cənubi Qafqaza müdaxilə etmək istəyir
Millət vəkili bildirir ki, Fransanın hazırda sərgilədiyi mövqe bugünəqədərki davranışlarının davamıdır: "Fransa keçmiş münaqişə dövründə də Ermənistanı dəstəkləməklə işğal prosesinin davam etməsinə çalışıb. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi rəsmi Paris münaqişənin tənzimlənməsi ilə deyil, onun idarə olunması ilə məşğul olub. Ermənistanın bir vaxtlar işğal altında saxladığı Azərbaycan ərazilərini anneksiya edə bilməsi üçün Fransa bu ölkəyə vaxt qazandırmağa çalışıb. Fransanın məqsədlərindən biri də Ermənistandan istifadə edərək Cənubi Qafqaza müdaxilə imkanları əldə etmək olub".
"Beynəlxalq mexanizm" deyəndə Azərbaycan ərazisinə müdaxilə nəzərdə tutulurdu
Millət vəkli xatırladıb ki, Fransa parlamentində müzakirələr zamanı aşkar şəkildə Azərbaycan ərazisindəki separatçı rejimin dəstəklənməsi ilə bağlı çağırışlar da təsadüfi deyildi: "Çünki həmin dövrdə Azərbaycan ərazisində separatizmin mövcud olması Fransanın Cənubi Qafqaza təsir imkanlarının olmasına xidmət edirdi".
Elşad Mirbəşiroğlu qeyd edib ki, bu yanaşma təkcə Fransaya aid deyil: "Avropa siyasi dairələrində yanaşma bundan ibarətdir ki, Azərbaycan ərazisindəki ermənilərin taleyi beynəlxalq mexanizmlər əsasında müəyyənləşsin. Beynəlxalq mexanizm deyəndə isə hansısa formada Azərbaycan ərazisinə müdaxilə nəzərdə tutulurdu. Bu müdaxilənin də forması müxtəlifdir. Bütün hallarda bu, Avropa dairələrinin geosiyasi maraqlarının təmin olunmasına xidmət edəcək bir mexanizm olmalı idi. Aİ-nin mülki misisyası bölgəyə gəldikdən sonra bəlli oldu ki, onun üzvləri Fransa və Almaniyanın güc strukturlarının təmsilçilərindən təşkil edilib. Ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün hansısa missiyanın regiona göndərilməsi də nəzərdə tutula bilərdi. Bütün bunlar Azərbaycanın preventiv addımları nəticəsində baş vermədi, haqlı mövqelərimizi inamla müdafiə etdik".
Artıq Azərbaycan ərazisində separatizm yoxdur
"Biz suveren ərazimizdə separatizmin kökünü kəsdik. Belə olan halda Fransanın və Ermənistanın, eləcə də Avropanın bəzi siyasi dairələrinin əllərindəki alət əhəmiyyətini itirmiş oldu. Artıq Azərbaycan ərazisində separatizm yoxdur. Deməli siyasi spekulyasiyalar üçün platforma da mövcud deyil. İndi Fransa Ermənistanı Azərbaycana qarşı silahlandırmaqla onu revanşa həvəsləndirməkdədir", - deyə millət vəkili vurğulayıb.
Cənubi Qafqaz regionunun münaqişə potensialı əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb
"Mövcud Ermənistan hakimiyyəti Qərb tərəfindən formalaşdırılıb", deyən millət vəkili qeyd edir ki, məhz buna görə Paşinyan iqtidarı müstəqil siyasət yürüdə bilmir və Avropadan, ABŞ-dan gələn təlimatlar əsasında davranmaqdadır:
"Hava hücumundan müdafiə sistemlərin alınması ilə bağlı razılaşma, digər silah-sursatla Ermənistanın hərbi arsenalının yenidən formalaşdırmaq istiqamətində atılan addımlar göstərir ki, Fransa regionda silahlı münaqişənin yenidən alovlanmasını qarşısına məqsəd qoyub. Avropadan gələn təlimatlar Ermənistan tərəfindən sözsüz şəkildə icra olunacaq. Bu isə region üçün olduqca təhlükəli perspektivlərdən xəbər verir. Fransa Ermənistana vermiş olduğu yeni silahları öz sərəncamında saxlayaraq emrənilərin əli ilə istifadə edəcək. Fransanın bu addımı qınanılmalıdır. Azərbaycan prezidentinin iradəsi, dövlətimizin gücü və qətiyyəti ilə Cənubi Qafqaz regionunun münaqişə potensialı əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Lakin Fransa Ermənistanı silahlandırmaqla regionun münaqişə potensialının yüksək həddə saxlamaqda maraqlı olduğunu göstərir. Hesab edirəm ki, bütün bu addımlara qarşı təxirə salınmaz tədbirlər görülməlidir", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0