Diqqət: Azərbaycan bazarında saxta qızıllar dolaşır - Reportaj - Foto - Video
09:19 22.10.2023 (Yenilənib: 09:19 24.10.2023)
© Sputnik / Zullfiye Guluyeva"Moskva" univermağında qızılın satışı
© Sputnik / Zullfiye Guluyeva
Abunə olmaq
Zərgər deyir ki, hazırda qızıl satışı bazarında gümüşdən olan, qızıl suyuna salınmış qızıllar var.
BKI, 22 oktyabr — Sputnik. Qızıl bazarında saxta qızılların olması xəbəri zinət əşyalarının satıldığı Moskva Univermağında da satıcılar arasında narahatlıq yaratmışdı. Qızıl satışı ilə məşğul olanlar hər dəfə belə xəbərlər yayıldıqca, alıcıların inamının azaldığını, satılan məhsullara şübhə ilə yanaşdıqlarını söylədilər.
Qızıl bazarında saxta qızıllar var?
Yəqin ki, söhbətin son günlər mətbuatda zinət əşyaları satışı bazarında küllü miqdarda saxta qızılın satışa çıxarıldığı barədə xəbərdən getdiyini anladınız. Sputnik Azərbaycan paytaxtın ən böyük zinət əşyaları satılan ticarət obyektində qızıl bazarında yeni fırıldaqla bağlı yayılan xəbəri araşdırıb.
© Sputnik / Zullfiye Guluyeva"Moskva" univermağında qızılın satışı
"Moskva" univermağında qızılın satışı
© Sputnik / Zullfiye Guluyeva
Bu günlərdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata açıqlamasında bildirib ki, qızıl satışı bazarında saxta qızılların olması barədə quruma çoxsaylı şikayətlər daxil olur. Ölkəmizin qızıl məmulatları bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli mallar var. Odur ki, alıcılar qızıl alarkən çox diqqətli olmalıdırlar.
Saxta qızıllar necə hazırlanır?
35 ildən çox zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Nadir Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda qızıl satışı bazarında gümüşdən olan, qızıl suyuna salınmış qızıllar var. Saxta qızılı hazırlayan da elə saxtakar zərgərlərdir.
© Sputnik / Zullfiye Guluyeva"Moskva" univermağında qızılın satışı
"Moskva" univermağında qızılın satışı
© Sputnik / Zullfiye Guluyeva
"Zərgərlər gümüşü alaraq onu qızıl suyuna salıb qızıl adı ilə satırlar. Amma indi elə maddələr var ki, onunla qızılın saxta olub-olmadığını aşkarlamaq çox asandır. Son vaxtlar qızıllar müvafiq dövlət qurumu tərəfindən çox yoxlanılır. Ona görə də, artıq onlar belə iri qızıl satılan ticarət mərkəzindən qaçaraq gediblər" - deyə N.Məmmədov bildirib.
Saxta qızılı aşkarlamağın metodu
Zərgərin sözlərinə görə, qızılın saxta olub-olmadığını aşkarlamaq üçün onu məhək daşına sürtürlər. Daha sonra müvafiq maddə həmin daşın üzərinə tökülür. Əgər qızılın sürtüldüyü yer qaralırsa, deməli, qızıl saxtadır.
© Sputnik / Zullfiye Guluyeva"Moskva" univermağında qızılın satışı
"Moskva" univermağında qızılın satışı
© Sputnik / Zullfiye Guluyeva
Qızıl satışı ilə məşğul olan satıcılar qızıl satarkən keyfiyyətinə zəmanət verdiklərini də söylədilər. Aygül İrşadova adlı satıcı zinət əşyalarını aldıqda yoxlatmağı tövsiyə edir: "Biz satdığımız qızılın keyfiyyətinə əminik. Ona görə də, alıcıya deyirik ki, harada istəsə, aparıb yoxlada bilər. Əgər satıcı buna razı olmursa, deməli malının keyfiyyətindən arxayın deyil".
Hansı qızıllar daha keyfiyyətlidir?
Satıcılarla söhbət zamanı öyrəndik ki, bazarda satılan zinət əşyalarının çoxu yerli məhsullardır. Bununla belə bazarda Türkiyə və Dubay istehsalı olan zinət əşyaları da var. Ən bahalı zinət əşyaları sərgi malları sayılır. Çünki sərgiyə çıxarılan zinət əşyaları ən dəbli və keyfiyyətli məhsullar olur. Azərbaycanlı zərgərlər isə əsasən Türkiyədə keçirilən zinət əşyaları sərgilərinə qatılırlar.
© Sputnik / Zullfiye Guluyeva"Moskva" univermağında qızılın satışı
"Moskva" univermağında qızılın satışı
© Sputnik / Zullfiye Guluyeva
Qızıl bazarında son vəziyyət
Apardığımız araşdırma zamanı məlum oldu ki, qızıl satışı bazarında hələki qiymətlər sabitdir. Qızılın bir qramının qiyməti 90-130 manat arasında dəyişir. Satıcıların dediyinə görə, ən bahalı qızıllar 750 əyarlılar hesab olunur. Bazarda hazırda ərəb qızılları ən bahalı qızıl sayılır.
Amma alıcılar ən çox tələbatın italyan və türk qızıllarına olduğunu söyləyiblər. Onlarla söhbət əsnasında öyrəndik ki, hazırda az çəkili qızıllara daha çox təlabat var. Buna da səbəb az çəkili qızılların daha çox hədiyyə alınmasıdır. Bazarda 585 əyarlıq rus qızıllarının satışı 90 manatdan başlayır. Satıcılar bir neçə ay qiymətin 80 manat olduğunu bildirdilər. 750 əyarlıq qızılların qramı isə 110 manatdan başlayır. Qiymət 130 manatadək dəyişir. Ərəb qızılının qramı isə 140 manatdır.
Brilyantı necə seçək?
Bazarda iki karatlıq brilyant dəstlərin qiyməti 1600 manata təklif olunur. Brilyantlar "B", "C" cilalanma kateqoriyasına görə fərqlənir. "C" rəngli brilyantlar daha baha olur. Satıcıların dediyinə görə, hazırda satışda olan brilyantlar əsasən Belçika istehsalıdır. Bazarda ən keyfiyyətli brilyant sayılan "Sibir brilyantı"nı isə tapmaq çox çətindir.
© Sputnik / Zullfiye Guluyeva"Moskva" univermağında qızılın satışı
"Moskva" univermağında qızılın satışı
© Sputnik / Zullfiye Guluyeva
Alanda baha, satanda "su qiymətinə"
Qızıl baha satılsa da, alış qiyməti hər zaman olduğu kimi çox aşağıdır. 585 əyarlı qızılın alış qiyməti 56-60, 750 əyar qızılın isə alış qiyməti 70-76 manatdır. Alıcılar da qızılın alış qiymətinin çox aşağı olmasından gileyləndilər. Bazara qızıl satmaq üçün gələn Mahirə Qüdrətova bildirib ki, 585 əyar 38 qram qızılı 2300 manata satıb. Satıcılar isə əsasən bazara köhnə dəb qızılların satış məqsədilə gətirildiyini, onları isə vitrinə satışa qoymadıqlarını söylədilər. Bildirdilər ki, alınan qızıllar əridildiyindən onlar aşağı qiymətə alınır. Bu zaman qızıl zinət əşyası kimi dəyərini itirir.
Qızılın qızıl dövrü keçib
Zinət əşyalarının satıldığı bazarda qələbəlik müşahidə olunmurdu. Elə satıcılar da bir gündə iki zinət əşyası ancaq satıldığını söylədilər. Bildirdilər ki, daha əvvəlki kimi qızıl alıb-satan yoxdur.
Gülxarə adlı satıcı bazardakı hazırkı vəziyyəti belə izah edir: "Qızılı olanların çoxu onu satıb. İnsanların sosial vəziyyəti günü-gündən aşağı düşür. Ona görə də, qızıl alan azdır. Əvvəllər bu ticarət mərkəzi alıcı ilə dolu olardı. Bir gündə ən azı 7-8 dəst zinət əşyası satırdıq. İndi ikisini satanda şükr edirik. Toylar başlasa da, əvvəlki kimi gəlinə qızıl alan yoxdur. Bu da bizim bazara təsir edir. Qızılın qızıl dövrü arxada qalıb".