CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə parklanma qiymətlərinə yenidən baxılması təklif olunub

© Photo : Baku Transport AgencyParklanma
Parklanma - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Deputat Naqif Həmzəyev bildirib ki, əvvəllər sürücünün parklanmaya 1-2 manat xərci çıxırdısa, indi 5-6 manat xərci çıxır.
BAKI, 20 oktyabr - Sputnik. Azərbaycanda, xüsusilə də paytaxtda ən ağır problemlərdən biri tıxacdır. AzParking MMC əlçatan xidmət təklif edib, ancaq bu xidmət hələ də vətəndaşları qane etmir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, əvvəllər sürücünün parklanmaya 1-2 manat xərci çıxırdısa, indi 5-6 manat xərci çıxır: “Uzun müddət parklanma edən vətəndaşlara güzəşt nəzərdə tutulsun. İkinci problem odur ki, vətəndaşlar pul ödəməmək üçün binaların həyətində maşın saxlayır. Binaların həyətində heç öz sakinlərinin maşınlarına yer yoxdur”.
Naqif Həmzəyev həmçinin ölkəyə elektromobillərin gətirilməsinin yaxşı hal olduğunu xatırladıb: “Amma həmin avtomobillərin doldurulması üçün məntəqələrin tikintisində problemlər var. Sahibkarlara da bu məntəqələrin tikilməsinə şərait yaradılmır”.
Deputat həmçinin taksilərdə olan problemlərlə bağlı aidiyyəti qurumlarla dinləmələrin keçirilməsini də təklif edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərarı bu ilin iyulun 25-dən qüvvəyə minib. Bununla bağlı Baş nazir Əli Əsədov iyunun 25-də qərar imzalayıb.
Qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.
"Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədədir. Avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.
"AzParking"in proqram təminatının “Ödənişlər” bölməsi vasitəsilə parklanma ödənişlərini həyata keçirmək mümkündür. Profil bölməsində isə şəxsi məlumatlar, avtomobillər, bank kartları, ödənişlər və fərdi parklanma talonu haqqında informasiya yer alıb. “Azparking”ə istənilən sayda nəqliyyat vasitəsi əlavə etmək olar.
Tətbiqdəki “Fərdi parklanma talonu” bölməsi vasitəsilə parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobilləri istifadəçiləri parklanmadan ödənişsiz istifadə üçün müraciət edə bilərlər. Bunun üçün avtomobil sahibi müvafiq məlumatları dolduraraq müraciət etməlidir.
Avqustun 1-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanmanın idarə edilməsi üçün hazırladığı mobil tətbiqin ("AzParking") təqdimatı keçirilib.
Xəbər lenti
0