Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Meyitdən orqan götürülməsi hansı hallarda mümkündür? Mərkəz detalları açıqladı

© AP Photo / Ebrahim NorooziMeyit
Meyit - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Azərbaycan Respublikası qanunvericiliyinə görə şəxs orqan bağışlanması üçün sağlığında qeydiyyatdan keçibsə, ölüm baş verdiyi halda onun qohumlarından icazə alınmır.
BAKI, 20 oktyabr — Sputnik. Millət vəkili Qənirə Paşayevanın ölümündən sonra meyitdən orqan götürülməsi məsələsi yenidən gündəmə gəlib. Deputat 2013-cü ildə orqanlarını bağışlamaq barədə qərar versə də, millət vəkili, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov "Unikal"a açıqlamasında bildirib ki, onun orqanlarından istifadə mümkün olmayıb.
"Qənirə xanımın orqanlarının istifadəsi tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür. Çünki orqanların istifadəsi üçün sadəcə beyinin zədələnməsi və digər orqanların sağlam olması lazımdır. Bizdəki proses isə tam tərsinə idi: bütün orqanların zədələnməsi baş vermişdi və zaman içərisində multiorqan çatışmazlığı nəticəsində həyatını itirib. Bu məqamda öz razılığı olsa belə, orqanlarından istifadəsi tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür", - deyə R.Mahmudov bildirib.
Bəs görəsən, meyiddən orqan götürülməsi hansı halda mümkündür?
Sputnik Azərbaycan-ın sorğusuna Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən verilən məlumatda bildirilib ki, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi və gözün buynuz qişası götürülə bilər.

"Meyitdən transplantasiya məqsədi ilə orqanların götürülməsi yalnız "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla bioloji ölümün və ya beyin ölümünün baş verməsi barədə həkim konsiliumunun qərarı və tibb müəssisəsinin rəhbərinin razılığı ilə həyata keçirilir" - Mərkəzdən bildiriblər.

Qeyd olunub ki, insanların ölümündən sonra orqanlarının bağışlanması üçün Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinə görə şəxs orqan bağışlanması üçün sağlığında qeydiyyatdan keçibsə, ölüm baş verdiyi halda onun qohumlarından icazə alınmır.
"Beyin ölümü yaxud reanimasiyada ölüm baş verərsə və ya beyin ölümü qeyd olunarsa, eyni zamanda xəstə süni tənəffüs aparatında olarsa, bu zaman əgər orqanlarda infeksiyalaşma baş verməyibsə, onun orqanları yararlı ola bilər" - Mərkəzdən bildirilib.
Xəbər lenti
0