CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP cəriməsini ödəməyən on yeddi mindən artıq piyadaya xəbərdarlıq edib

© Sputnik / Ilham MustafayevYol polisi cərimə yazır
Yol polisi cərimə yazır - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Nəinki son 1-2 ilin, hətta 10 ilin belə statistikası göstərir ki, yol nəqliyyat hadisələrinin əsas yükü piyadavurma hallarıdır
BAKI, 20 oktyabr — Sputnik. DYP qaydanı pozduğu üçün cərimələnən piyadalara xəbərdarlıq edib.
Bu barədə idarənin rəsmisi, polis mayoru Araz Əsgərli bildirib.
O qeyd edib ki, Bakıda qayda pozuntusuna yol verdiyi üçün barəsində protokol tərtib olunan əksər piyadalar cərimələri ödəməkdən yayınırlar. Bu səbəbdən onların barəsində bir sıra məhdudiyyətlər nəzərdə tutulub: "Qaydaları pozan piyadalar törətdikləri xətalara görə, barələrində protokollar tərtib olunur və bu proses daim diqqətdə saxlanılır. Piyada intizamı istənilən səviyyədə deyil. Nəinki son 1-2 ilin, hətta 10 ilin belə statistikası göstərir ki, yol nəqliyyat hadisələrinin əsas yükü piyadavurma hallarıdır. Piyadaların yol infrastrukturundan düzgün istifadə etməməsi ağır faciələrlə yanaşı digər problemlərə də yol açır. Bəzən media resurslarında ictimai müzakirələr aparılarkən piyadalara münasibətdə protokolların az tərtib olunduğu bildirilir. Lakin bu belə deyil, piyadalarla bağlı bir çox preventiv və nəzarət profilaktik tədbirlər keçirilir".
"Onların gün ərzində qaydaları pozmaması üçün əməkdaşlarımız nizamlayıcı qismində yollarda təhlükəsizliyi ən mürəkkəb ərazilərdə təmin edir. Hazırda Bakı şəhərində piyadalar tərəfindən edilən 17 mindən artıq qayda pozuntusu qeydə alınıb ki, onların cərimələri isə ödənilməyib. Bu da təbii ki, təsir mexanizmləri ilə bağlı olan məsələlərdir", -deyə o əlavə edib
Araz Əsgərli cərimələrini ödəməyən piyadaların gələcəkdə problemlərlə üzləşəcəyini də vurğulayıb: "Həmin 17 mindən çox cəriməsi olan şəxslərlə bağlı artıq müvafiq orqanlara müraciət edilib. Belə ki, həmin şəxslər məsuliyyətsizliyə davam etsələr müxtəlif çətinliklərlə üzləşə bilərlər. Ölkədən çıxış, yaxud hansısa proses keçirərkən yaranmış öhdəliklərinə əsasən müəyyən məhdudiyyətlərlə qarşılaşacaqlar. Belə ki, sözügedən pozuntular üzrə cəriməsi olan vətəndaşlardan xahiş edirik ki, cərimələrini vaxtında ödəsinlər".
"Bu şəxslər piyada qismində həyatlarını təhlükəyə atmamalı. törətdikləri pozuntuya görə tərtib olunan cərimələri ödəməlidirlər ki, əlavə problemlər yaranmasın", - deyə o əlavə edib.
Qurum rəsmisinin sözlərinə görə, cərimələri ödəməkdən boyun qaçıran piyadalarla bağlı məcburi tədbirlər görülməsi üçün icra və probasiya şöbələrinə məlumatlar göndərilir: "İcra şöbələri həmin vətəndaşlara borcu ödəmək üçün 10 gün vaxt verir. Ödəməsə artıq məcburi icra tədbirləri görülür. Cərimələrin ödənməsi vətəndaşın pensiya, əmək haqqı və digər formada bank kartına yönləndirilir".
Qeyd edək ki, cərimələr haqda məlumat öyrənmək üçün Daxili İşlər Nazirliyi "my.gov.az"a bütün məlumatları inteqrasiya edib. Dövlət Yol Polisinin tərtib etdiyi cərimələri də həmin sistemdən öyrənmək mümkündür.
Xəbər lenti
0