CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda aviasiyanın növləri müəyyənləşdirilir

© Photo : AZALSərnişin təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanında, arxiv
Sərnişin təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanında, arxiv - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Rəhman Hümbətov bildirib ki, Azərbaycanda "Aviasiya haqqında" yeni qanunun qəbul edilməsi əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır.
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanda aviasiyanın növləri müəyyənləşdirilir. Bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 18-də keçirilən iclasının gündəliyində birinci oxunuşda müzakirəyə çıxarılan "Aviasiya haqqında" qanun layihəsində öz əksini tapıb.
Altmış səkkiz (68) maddə, 15 fəsildən ibarət olan qanun layihəsi Azərbaycanın hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləməklə bərabər, daşıma, müdafiə, təhlükəsizlik və digər məsələlərlə bağlı təşkilati və hüquqi əsasları müəyyən edir.
Sənədə əsasən Azərbaycanda aviasiyanın mülki, dövlət və eksperimental növləri müəyyənləşdirilir.
Beləliklə, iqtisadiyyatın, əhalinin, o cümlədən ayrı-ayrı şəxslərin ehtiyaclarının ödənilməsi və həyata keçirilməsi üçün nəzərdə tutulan aviasiya mülki aviasiyadır. Mülki aviasiya sahəsində ümumi və xüsusi xarakterli aviasiya fəaliyyəti həyata keçirilir. Kommersiya hava daşımaları və xüsusi xarakterli aviasiya fəaliyyəti üçün nəzərdə tutulmayan mülki aviasiya ümumi xarakterli aviasiya fəaliyyəti hesab edilir.
Hərbi ehtiyacların, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər, sərhəd mühafizə, gömrük və ya digər dövlət orqanlarının ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan aviasiya dövlət aviasiyası hesab olunur.
Sınaq-konstruktor, eksperimental və elmi-tədqiqat işlərinin aparılmasını, habelə aviasiya texnikasının və digər texnikanın sınaqdan keçirilməsini nəzərdə tutan aviasiya eksperimental aviasiya hesab edilir.
Yeni qanunun hazırlanmasına ehtiyac hardan yaranıb?
Qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, Azərbaycanda "Aviasiya haqqında" yeni qanunun qəbul edilməsi əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır:
“Sənəddə bütün sahələrdə tam təhlükəsizlik nəzərdə tutulur. Layihədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) başqa, yükdaşıma şirkətləri, xidmət, naviqasiya sahəsi, təhsil müəssisələri nəzərə alınıb. Sual oluna bilər ki, yeni qanunun hazırlanmasına ehtiyac hardan yaranıb? Bu sahədə bütün dünyada tələbləri Beynəlxalq Müki Aviasiya Təşkilatı (ICAO) müəyyən edir. Bütün dünyada hava limanları həmin tələblərə əməl etməyə çalışır. Bunun üçün vaxtaşırı auditlər keçirilir. Bizdə də bu həftə auditə başlanılıb. Bu auditlər zamanı bir sıra nöqsanlar aşkar edilir. Mövcud qanun təəssüf ki, audit zamanı ortaya çıxan bütün sualları cavablandırmağa imkan vermir. Odur ki, qanuna bir sıra fəsillərin yenidən daxil edilməsi, bəzilərinin daha da təkmilləşdirilməsi, xüsusilə mülki pilotsuz uçuş aparatlarının dövriyyəsini tənzimləyən norma və tələblərin müəyyən edilməsi qanun layihəsində öz əksini tapıb".
Rəhman Hümmətov bu sənəd qüvvəyə mindiyi gündən “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli qanununun ləğv olunacağını da bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0