CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentdə polislərin əməkhaqqının artırılması təklif edilib

© Sputnik / Murad OrujovPolis əməkdaşı
Polis əməkdaşı - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Deputat Fəzail Ağamalı deyib ki, polislərin maaşı onların xidmətinə adekvat deyil.
BAKI, 17 oktyabr - Sputnik. "Polislərin əməkhaqqı onların xidmətinə adekvat deyil".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Polis haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, polis orqanlarının təkmilləşməsi zamanın tələbidir:
"Qanun layihəsində daxili işlər orqanlarında xidmət keçmək istəməyən bakalavrlar təhsil xərclərinin əvəzini ödəməli olacaqları əksini tapır. Bu, olduqca vacibdir. Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın bizə təqdim etmiş olduğu sevincli və qürurlu günlər yaşayırıq. Bu komandanın içərisində DİN xüsusi yer tutur. O qan yuvasında, şeytan yuvasında bütün təmizlik işlərini aparan bizim polislərimiz oldu. 25 gün ərzində onlar həmin əraziləri təmizlədilər və Prezident Xankəndidə, Xocalıda, Ağdərədə bayrağımızı qaldırdı. Polislərin əməkhaqqı onların xidmətinə adekvat deyil. Ona görə cənab sədr, sizin timsalınızda təşəbbüs göstərilsin və polis işçilərinin sosial durumu yaxşılaşdırılsın".
Qeyd edək ki, "Polis haqqında" qanuna təklif edilən dəyişiklik daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil müəssislərində təhsil alan şəxslər kimi kursant adlandırılması məqsədilə hazırlanıb. Sənəddə "müdavimləri" sözünün "kursantları" sözü ilə əvəz edilməsi təklif olunur.
Milli Məclisin iclasında "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxılıb.
"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi daxili işlər orqanları üçün kadr hazırlığı sahəsinin hüquqi tənzimlənməsi məqsədilə hazırlanıb. Layihədə müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin bağlanılması nəzərdə tutulur. Bu müqavilədə digər məsələlərlə yanaşı, şəxslərin təhsili başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi qeyd olunacaq.
Hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0