Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Energetika haqqında" yeni qanun ikinci oxunuşda qəbul edildi

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Yeni qanun layihəsi istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.
BAKI, 17 oktyabr - Sputnik. Milli Məclisdə "Energetika haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Plenar iclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, qanun layihəsi "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.
Komitə sədri qüvvədə olan "Energetika haqqında" qanunun 1998-ci ildə qəbul edildiyini deyərək, bildirib ki, ötən müddət ərzində dünyada energetika sektorunda baş vermiş inkişaf və dəyişikliklər, həmçinin ölkəmizin energetika sektorunda qonşu ölkələr və Avropa ölkələri ilə əməkdaşlığının inkişafı istiqamətində görülmüş işlər bu sahədə beynəlxalq təcrübəyə uyğun yeni qanunun qəbul edilməsini zəruri edir.
O bildirib ki, yeni qanun layihəsi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.
Qeyd edilib ki, sənəddə istifadə olunan əsas anlayışlar, qanunun tətbiq dairəsi, energetika subyektlərinin fəaliyyəti, energetika sahəsində fəaliyyət növləri göstərilir. Layihədə energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması, ayrı-seçkiliyin yolverilməzliyi, energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı, bu qanunla müəyyən edilmiş hallarda energetika sahəsində fəaliyyət növlərinin ayrılması, enerji istehlakçılarının hüquqlarının müdafiəsi, energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi bu sahədə dövlət siyasətinin əsas prinsipləri kimi göstərilir.
"Bununla yanaşı, sənəddə energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi, dövlət proqramlarının həyata keçirilməsi, ətraf mühitin mühafizəsi və ətraf mühitə zərərin vurulmasının qarşısının alınması, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, bərpa olunan enerji mənbələrindən istifadə, özəl investisiyaların təşviqi, beynəlxalq əməkdaşlıqla bağlı müddəalar təsbit olunub"-, deyə komitə sədri bildirib.
Qeyd edək ki, layihə 6 fəsil, 28 maddədən ibarətdir. Bu qanun qüvvəyə mindiyi gündən "Energetika haqqında" Azərbaycan Respublikasının 1998-ci il 24 noyabr tarixli 541-IQ nömrəli qanunu ləğv ediləcək.
Yeni qanun layihəsində 5-ci maddə "Energetika sahəsində fəaliyyət növləri" adlanır.
Həmin maddəyə görə, energetika sahəsində aşağıdakı fəaliyyət növləri həyata keçirilir:
-enerji resurslarının kəşfiyyatı;
-enerji resurslarının işlənməsi və hasilatı;
-enerji resurslarının emalı;
-enerjinin istehsalı;
-enerjinin saxlanılması;
-enerjinin nəqli (ötürülməsi);
-enerjinin paylanması;
-enerjinin idxalı və ixracı;
-enerjinin topdan və (və ya) pərakəndə satışı;
-təbii qaz və elektrik enerjisi bazarlarının fəaliyyətinin təşkili.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Xəbər lenti
0