CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verilir - Parlament yekun qərarı verdi

© Sputnik / Murad OrujovSumqayıt şəhərinə giriş
Sumqayıt şəhərinə giriş - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Deputat bildirib ki, Sumqayıt son illər sürətlə inkişaf edən şəhərdir, əhalinin sayı xeyli artır və bu gün demək olar ki, Sumqayıt və Bakı birləşmək ərəfəsindədir.
BAKI, 17 oktyabr - Sputnik. Milli Məclisin iclasında ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olmuş "Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında" qanun layihəsinə baxılıb.
Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərində aşağıdakı dəyişikliklər edilib:
1. Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisində 1213 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilib.
2. Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilib.
Milli Məclisin bugünkü iclasında qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Məsələni Sputnik Azərbaycan-a şərh edən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev deyib ki, bu gün ölkəmizin böyük şəhərlərində çox mühüm dövlət layihələri həyata keçirilir:
"Həmin ərazilərdə tikinti, abadlıq, bərpa işləri sürətlənir və əhalinin rifah halının yaxşılaşdırılması üçün yeni proqramlar həyata vəsiqə alır. Belə olan halda iri şəhərlərin ərazilərinin genişləndirilməsi, orada aparılan işlərin səmərəliliyinin artırılması üçün torpaq sahələrinin ayrılması çox vacibdir".
Deputat bildirib ki, Sumqayıt son illər sürətlə inkişaf edən şəhərdir, əhalinin sayı xeyli artır və bu gün demək olar ki, Sumqayıt və Bakı birləşmək, qovuşmaq ərəfəsindədir: "Çox sürətli tikinti və abadlıq işləri aparılır və həmin ərazidə yeni müəssisələr, yeni şirkətlər yaradılır. Məhz bu məqsədlə Abşeron və Binəqədi ərazilərindən 3800 hektar torpaq sahəsinin Sumqayıta verilməsi məqsədəuyğun hesab edilib".
Deputatın fikrincə, bu, dövlət əhəmiyyətli bir hadisədir və Sumqayıtın daha da böyüməsinə, əhalinin daha mənalı həyatının qurulmasına şərait yaradacaq.
"Ona görə də belə tədbirlər mütəmadi keçirilir, ərazisi az olan rayonlara əlavə torpaq sahələrinin ayrılması zərurətə çevrilir və bu da qanunauyğun bir haldır. Bu addım əhalinin ürəyincədir" -, deyə deputat əlavə edib.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, həm Ümummilli lider, həm Prezident, həm də Birinci vitse-prezidentimiz hər zaman Sumqayıt şəhərinə qayğı ilə yanaşıb. Cənab Prezident 32 dəfə Sumqayıtda səfərdə olub. 10 minlərlə insan bu gün Sumqayıtda ən yüksək əməkhaqqı ilə daimi işlə təmin olunub:
“Təqdim olunan qanun layihəsinə görə, bu dəyişiklik 1965-ci ilə qədər Sumqayıt sakinlərinin yaşadığı ərazilər ilə bağlıdır. Bu gün həmin ərazidə 9000 ailə yaşayır. 9000 ailənin təminatı Sumqayıt şəhərinin üzərindədir, amma xəritədə digər rayonlara düşür. Ona görə də Prezident bu xəritənin dəqiqləşdirilməsi üçün təşəbbüs göstərib. O insanlar Sumqayıt şəhərində səs verirlər. Bu bir xəritə düzəlişidir”.
Xəbər lenti
0