Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda dövriyyədə nağd pulların artmasının səbəbi nədir?

© Sputnik / © Sputnik / Elvin Ahmad100 manat, arxiv şəkli
100 manat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Ekspertlərin sözlərinə görə, dövriyyədə nağd pullar artanda inflyasiya sürətlənir, dövriyyədə nağd pullar azalanda isə iqtisadi geriləmə baş verir. Nağdsız ödənişlərdə də ciddi artımlar var.
BAKI, 17 oktyabr — Sputnik. Azərbaycanda dövriyyədə olan nağd pullar artıb.
Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə əsasən, cari ilin avqust ayında Azərbaycanda dövriyyədə olan nağd pullar 15 972,2 milyon manat təşkil edib. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 2 457,2 milyon manat və ya 18,1% çoxdur.
Dövriyyədə nağd pulların artmasının səbəbi nədir? Nağdsız pul dövriyyəsinin artırılması üçün görülən tədbirlər effektivdirmi?
"Dövriyyədə nağd pullar artanda inflyasiya sürətlənir"
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, dövriyyədə nağd pullar artanda inflyasiya sürətlənir, dövriyyədə nağd pullar azalanda isə iqtisadi geriləmə baş verir: "Əsasən büdcə xərclərinin çoxalması dövriyyədə olan nağd pulların artmasına səbəb olub. Başqa sözlə, müdafiə xərcləri, Qarabağın bərpası xərcləri, sosial və əməkhaqqı ödənişləri artırılıb. Bu xərcləri maliyyələşdirmək üçün də əlavə vəsait lazımdır. İkinci səbəb dollarlaşma səviyyəsinin aşağı düşməsidir. Ölkədə dollar satanlar daha çoxdur nəinki dollar alanlar. Mərkəzi Bank dolların məzənnəsini sabit saxlamaq üçün dolları alır və yerinə manat verir. Bu da manat kütləsinin artmasına gətirib çıxardır. Digər tərəfdən, inflyasiyanın qarşısını almaq üçün Mərkəzi Bank izafi vəsaitin sterilizasiyasını həyata keçirir".
"Hələ də əhalinin bir qismi sosial ödənişləri nağdlaşdırmaya üstünlük verir"
İqtisadçı-ekspert Natiq Cəfərli də Sputnik Azərbaycan-a deyib ki, son illər ölkəmizdə nağdsız ödənişlərdə ciddi artımlar var: "Bu artımda pandemiyanın, ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılmasının mühüm təsirləri olub. Düzdür, bu istiqamətdə inkişaf etmiş ölkələrlə müqayisədə çox geridəyik. Bizdə hələ də ticarət dövriyyəsində 30-35 faiz nağdsız ödənişdən istifadə olunur. İnkişaf etmiş ölkələrdə isə bu rəqəm 80 faizdən yuxarıdır. Gediləsi yol hələ var".
O bildirib ki, amma sosial ödənişlərdə artım olduğu üçün bu, nağd pul dövriyyəsinə təsir göstərir: "Çünki hələ də əhalinin bir qismi sosial ödənişləri nağdlaşdırmaya üstünlük verir. Başqa sözlə, müharibə iştirakçılarına və digər sosial qruplara aylıq sosial ödənişlər həyata keçirilir. Hələ də onların bir çoxu bunu nağdlaşdıraraq xərcləməyə üstünlük verirlər və bu da nağd pula tələbatı artırıb. Bundan başqa, böyük infrastruktur layihələri həyata keçirilir və bu zaman bəzən nağd pula ehtiyacın artdığının şahidi oluruq. Əsasən də regionlarda bu layihələrdə iştirak edən işçilərin əməkhaqlarının hələ də nağd şəkildə verilməsi ilə bağlı məlumatlar var. Buna görə də nağd pula tələbatın artdığı görünür".
Ekspert qeyd edib ki, dövriyyədə nağd pulun artması yaxşı hal deyil: "Bu, inflyasiya təzyiqlərini artıran əsas səbəblərdən biridir. Çünki dövriyyədə nağd pulun həcmi artırsa, bir o qədər də inflyasiya təzyiqi yüksəlir".
"Nağd pulların artmasının birinci səbəbi vergidən yayınmadır"
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a bildirib ki, dövriyyədə olan nağd pulların artmasının birinci səbəbi vergidən yayınmadır, yəni sahibkarlıq subyektləri bu yolla vergidən yayınırlar: "İkinci səbəb bir çox şirkətlərin, sahibkarların öz pullarını banklarda saxlamaqdan çəkinməsidir. Pulların bata biləcəyi narahatlığı onları banklarda pul saxlamaqdan çəkindirir".
Ekspert diqqətə çatdırıb ki, ölkədə nağdsız dövriyyənin artırılması üçün görülən tədbirlər öz effektini verir.
Nağdsız əməliyyatların həcmi 2 dəfə artıb
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə görə, 2023-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4,509 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 3,596 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 905 mln. manatı POS-terminallar, 7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, avqust ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.
Xatırladaq ki, 2023-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2,647 mln. manat təşkil edib.
Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 2023-cü ilin yanvar-avqust aylarında orta illik inflyasiya 11,7 faiz olub. 2023-cü ilin yanvar-iyul aylarında isə bu rəqəm 12,7 faiz təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, ölkədə inflyasiyanın sürəti azalır.
Xəbər lenti
0