DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Japarov Rəhmonla delimitasiya və demarkasiya məsələlərini müzakirə edib

© Photo : STRQırğızıstan-Tacikistan-Çin sərhəddində yaşayış məntəqəsi. Arxiv şəkli
Qırğızıstan-Tacikistan-Çin sərhəddində yaşayış məntəqəsi. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Tacikistan prezidenti MDB-nin növbəti sammitində iştirak etmək üçün Qırğızıstanın paytaxtına gəlib.
BAKI, 13 oktyabr — Sputnik. Qırğızıstan prezidenti Sadır Japarov Bişkekdə tacikistanlı həmkarı Emoməli Rəhmonla iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə edib. Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Ölkələrin liderləri Qırğızıstan-Tacikistan ikitərəfli əməkdaşlığının aktual məsələlərini, o cümlədən dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə ediblər", - deyə məlumatda bildirilir.

"Dövlət başçıları iki ölkə və xalqlar arasında mehriban qonşuluğun möhkəmləndirilməsi üçün müntəzəm siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb, ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə açıq və hərtərəfli müzakirələrə hazır olduqlarını bildiriblər", - mətbuat xidməti qeyd edir.
Tacikistan prezidenti MDB-nin növbəti sammitində iştirak etmək üçün Qırğızıstanın paytaxtına gəlib. Tacikistan liderinin mətbuat xidmətinin məlumatına görə, Rəhmon görüşdə Tacikistan və Qırğızıstan xalqları arasında çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

"Dövlət başçıları dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumət nümayəndə heyətlərinin fəaliyyətini müsbət qiymətləndirib və işin daha da intensivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər", - deyə Tacikistan liderinin mətbuat xidməti məlumat yayıb.

Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 980 km-dir. Onun delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir. Hazırda sərhəd xəttinin üçdə ikisindən çoxu müəyyən edilib və dövlətlər tərəfindən qarşılıqlı tanınıb, qalan hissələr mübahisəli hesab olunur. Bu məsələnin həll olunmaması dəfələrlə iki respublikanın yerli sakinləri və hərbi qulluqçuları arasında münaqişələrə səbəb olub. İki dövlətin nümayəndələri arasında sərhədin delimitasiyası üzrə sonuncu görüş oktyabrın əvvəlində baş tutub, o zaman hökumət nümayəndə heyətləri sərhədin 43 kilometrdən çox hissəsini razılaşdırıb və protokol imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0