Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda unun qiyməti bahalaşıb - Bəs çörək də bahalaşacaqmı?

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidun anbarı, arxiv
un anbarı, arxiv - Sputnik Azərbaycan, 1920, 12.10.2023
Abunə olmaq
Dəyirmanlar unun qiymətinin bahalaşmasının idxalla bağlı olduğunu söyləyiblər.
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycanda unun qiyməti bahalaşıb. Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yayıb. Qurumun yaydığı cədvəldən görünür ki, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub.
Unun qiyməti 1 manat bahalaşıb
Un istehsalçılarının topdansatış məntəqələri, satış qiymətləri:
© SputnikUn istehsalçılarının topdansatış məntəqələri, satış qiymətləri:
Un istehsalçılarının topdansatış məntəqələri, satış qiymətləri:  - Sputnik Azərbaycan, 1920, 12.10.2023
Un istehsalçılarının topdansatış məntəqələri, satış qiymətləri:
Belə ki, "Dəvəçi-Dəyirman" MMC, "Dəvəçi-Taxıl" MMC, "Şəmkir Un-Yem" MMC və "Sünbül 2012" MMC-yə məxsus topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti son bir ayda 1 manat artıb. Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən fiziki şəxs İsgəndər Mirzəyevə məxsus topdansatış mərkəzində də bahalaşma olub. Avqust ayının sonunda burada satılan 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26 manat 10 qəpik olduğu halda, oktyabr ayının əvvəlində 27 manat 25 qəpiyə qaldırılıb.
Digər topdansatış mərkəzlərində isə 50 kiloqramlıq un kisəsinin qiyməti 95 qəpik artıb. "Gəncə Dəyirman" MMC-də də qiymət 27 manat 25 qəpiyə qalxıb. "Neon" firması da qiyməti 27 manat 20 qəpiyə qaldırıb. "Aveta" MMC-də isə unun qiyməti 27 manat 5 qəpik olub. Yalnız bir neçə mərkəzdə unun qiyməti dəyişməz qalıb.
Sputnik Azərbaycan unun qiymətini artıran dəyirmanlarla əlaqə saxlayaraq bunun səbəbini araşdırıb.
Unun qiymətinin bahalaşmasının səbəbi
"Dəvəçi-Dəyirman" MMC-dən Sputnik Azərbaycan-a bildiriblər ki, unun qiymətində artımın səbəbi Rusiyanın buğda üçün ixrac rüsumunu artırmasıdır. MMC-dən bildiriblər ki, Rusiya buğdanın daşınmasına görə hər partiya mala tətbiq etdiyi rüsumu bahalaşdırıb. Buna görə taxılın ölkəmizə idxalı baha başa gəlir. Bu da unun qiymətinin bahalaşmasına səbəb olub.
"Dəvəçi-Dəyirman" MMC-dən verilən açıqlamaya görə, buğdanın ixrac rüsumunun artması bir ton taxılı una çevirdikdə qiyməti 25-30 manat bahalaşdırıb. Həmsöhbətimiz bildirib ki, hazırda taxılın qiymətini əsas tənzimləyən Rusiya bazarıdır:

"Azərbaycan buğdada idxaldan asılı olduğu üçün qiymətlərin necə dəyişəcəyini söyləmək mümkün deyil. Çünki, Rusiyada ABŞ dollarının məzənnəsi tez-tez dəyişdiyindən proqnoz vermək mümkün deyil. 25 manat 70 qəpiyə satılan unun bir kisəsinin qiyməti 26 manat 70 qəpik olub".

Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən fiziki şəxs İsgəndər Mirzəyevə məxsus topdansatış mərkəzindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, Azərbaycana buğda əsasən Rusiya və Qazaxıstandan idxal edilir. Rusiyanın ixraca əlavə rüsum tətbiq etməsi qiyməti bahalaşdırıb.

"Rusiyada buğda ixracına günlük rüsum tətbiq edilir. Bu rüsum bahalaşdığından ölkədə unun qiymətinə təsir edir. Hazırda unun qiyməti 27 manat 25 qəpikdir", - deyə bildirilib.

Unun qiymətində bahalaşması isə hələki çörəyin qiymətinə təsir göstərməyib.
Çörək də bahalaşa bilərmi?
"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında çörəyin qiymətinin hələki bahalaşmadığını söyləyib. O, bildirib ki, zavod çörəyinin qiymətini dövlət tənzimləyir. Ona görə də, çörək istehsalçılarının qiyməti bahalaşdırmaq səlahiyyəti yoxdur.
"Unun qiyməti hələki bahalaşmayıb. Unun bir kisəsində 1 manat bahalaşma bizə ziyan vurur. İstər-istəməz məhsulun maya dəyəri artır. Hələki 630 qramlıq çörəyi mağazalara 55 qəpiyə veririk. Mağazalar isə 60 qəpiyə satırlar. Bu gün çörəyin qiyməti sabit qalıb" deyə zavod direktoru bildirib.
Qeyd edək ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur.
Rusiya ixrac rüsumunu artırıb
Məlumat üçün bildirək ki, Rusiya buğda üçün ixrac rüsumunu bu ilin avqust ayının 23-dən etibarən artırıb. Rusiyada bir ton buğdanın ixrac rüsumu 15 % artırılaraq 4 min 269,9 rubl təşkil edib.
Əlavə olaraq bildirək ki, 2022-2023-cü kənd təsərrüfatı ilində qonşu ölkələrdən Rusiya buğdasının tədarükünün ən böyük həcmi Azərbaycanın payına düşüb - respublika Rusiyadan 919,5 min ton taxıl idxal edib.
Eyni zamanda, 2021-2022-ci kənd təsərrüfatı ilində Azərbaycan 889,6 min ton Rusiya buğdası idxal edib.
Unun və çörəyin qiymətində bahalaşma və ucuzlaşma dövrləri
Xatırladaq ki, ötən il ölkədə unun qiyməti iki dəfə bahalaşıb. Belə ki, 2022-ci ilin əvvəlində 50 kiloqramlıq "Karmen" ununun bir kisəsinin qiyməti 36 manat olmuşdu. Bundan öncə unun bir kisəsi 26 manata satılırdı.
© Sputnik / Murad OrujovÇörək
Çörək - Sputnik Azərbaycan, 1920, 12.10.2023
Çörək
Unun qiymətində baş vermiş artım çörəyin qiymətinə də təsir etmişdi. 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik olmuşdu.
2022-ci ilin avqust ayında isə unun qiymət 40 manat 70 qəpiyə qalxdı. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik oldu. Bu ilin mart ayının 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olundu. Bu ilin iyun ayında unun qiyməti nəzərəçarpacaq həddə ucuzlaşdı. 50 kiloqramlıq əla növ un kisəsinin qiyməti hazırda 28 manata, 1 ci sort 50 kiloqramlıq un kisəsinin qiyməti isə 25 manat 25 qəpiyə endi. Bundan sonra çörəyin də qiyməti ucuzlaşdı. Hazırda marketlərdə zavod çörəyi 60 qəpiyə satılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakdıa supermarket - Sputnik Azərbaycan, 1920, 24.06.2023
CƏMİYYƏT
Zavod çörəyinin qiyməti ucuzlaşdı - Bəs digərləri?
Xəbər lenti
0