Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Sahibkarlıq fənni yerli təhsilə nə qazandıracaq? Ekspertlər ümidlidir

© AFP 2024 / FRED DUFOURTələbələr
Tələbələr - Sputnik Azərbaycan, 1920, 11.10.2023
Abunə olmaq
Ekspert hesab edir ki, Azərbaycanda sahibkarlıq fənninin pilot layihə kimi müəyyən məktəblərdə tədrisi effektiv nəticə verəcək.
BAKI, 11 oktyabr — Sputnik. Cari ildən "İnnovativ məktəb" layihəsi çərçivəsində bir neçə təhsil müəssisəsində sahibkarlıq fənni pilot şəkildə tədris ediləcək.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bu məqsədlə İsrailin ən böyük məktəb şəbəkəsi "ORT İsrail" tərəfindən müvafiq dərs vəsaiti hazırlanıb.
Sözügedən vəsait şagirdləri gələcəyin çağırışlarına hazırlayacaq sahibkarlıq təfəkkürü, yaradıcı düşüncə və XXI əsr bacarıqlarının aşılanması kimi mövzuları əhatə edir. Vəsaitə həmçinin layihəəsaslı tapşırıqlar, komanda işləri və individual çalışmalar daxildir.
Sahibkarlıq fənninin tədrisi ilə bağlı cari ilin 4-8 sentyabr tarixlərində pilot tədris aparılacaq məktəblərin direktor və müəllim heyəti üçün "ORT İsrail" mütəxəssisləri tərəfindən təlim keçirilib. Təlimdə layihəəsaslı tədris, müəllimlərin şagirdlərə yanaşması, məktəblilərin yaradıcı düşüncəyə təşviqi, sinif otağında müəllim-şagird rolları və digər mövzulara toxunulub, praktiki tapşırıqlar, interaktiv müzakirələr təşkil edilib.
Təhsil üzrə ekspert Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu fənnin tədrisi gələcəkdə formalaşacaq kadrların karyerasında mühüm rol oynayacaq:
"İsraillə birgə layihəyə əsasən məktəb direktorlarımız həmin ölkədə təlimdə olublar. Pilot layihəyə müvafiq olaraq sahibkarlıqla bağlı dərslərin tədrisi qərarlaşdırılıb. Dünya təcrübəsinə də baxdıqda görə bilərik ki, bir çox ölkələrdə ümumtəhsil məktəblərində sahibkarlıq bilikləri bir fənn olaraq tədris edilir. Yaponiya, Çin kimi ölkələrdə hətta məktəbəqədər təhsil müəssisələrində bu biliklər aşılanır. Azərbaycanda sahibkarlıq fənninin pilot layihə kimi müəyyən məktəblərdə tədrisi düşünürəm ki, effektiv nəticə verəcək. Nəticədə sahibkarlıqla bağlı ilkin vərdişlər, təsəvvürlər formalaşacaq və şagirdlərdə müəyyən bacarıqlar aşılanacaq. Ümid edirəm ki, bu layihə tezliklə digər məktəblərdə də reallaşacaq."
Təhsil üzrə digər ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a bildirib ki, mövcud qanunvericiliyin tələblərinə görə, orta ümumtəhsil məktəbi cəmiyyət üçün vətəndaş yetişdirməlidir və bu şəxsiyyət minimum bilik və bacarıqlara sahib olmalıdır. Çünki bu kimi bacarıqlar gələcəkdə müstəqil həyata atılmaq üçün çox önəmlidir:
"Biz bilirik ki, orta məktəbi bitirənlərin heç də hamısı ali məktəbə qəbul olunmurlar. Ümumiyyətlə, ali təhsili bitirənlərin yalnız 42 faizi ixtisası üzrə işləyə bilir. İxtisası üzrə işləməyən şəxslərdə sahibkarlıq bacarığı olarsa, bu zaman şəxs daha uğurlu karyera qura bilər".
Ekspert düşünür ki, erkən yaşlarda sahibkarlıq biliklərinə yiyiələnmək əmək bazarında rəqabəti də artıracaq:
"Bu səbəbdən də məktəblərdə sahibkarlıq fənninin tədrisi zəruridir. Sahibkarlıq bacarıqlarının orta məktəbdə öyrədilməsi onların gələcəkdə əmək bazarında yer tutmasına, uğurlu karyera qurmasına kömək edir".
Ekspert hesab edir ki, indiki mərhələdə bu fənn coğrafiya müəllimləri tərəfindən tədris edilməlidir:
"İqtisadi savadlılığın artırılması üçün regional məlumatlara malik olmaq lazımdır. Bu səbəbdən də fənn coğrafiya müəllimləri, yaxud da ali məktəb müəllimləri tərəfindən tədris edilə bilər".
Xəbər lenti
0