CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ağ ölüm" Azərbaycan məktəblərinə necə ayaq açır?

© Sputnik / Oleg Zoloto / Mediabanka keçidNarkotik, arxiv şəkli
Narkotik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2023
Abunə olmaq
Leyla Yolçiyevanın sözlərinə görə, narkotik alverçiləri məktəblərin ətrafında müşahidə apararaq dərsdən yayınan uşaqları hədəf seçirlər.
BAKI, 6 oktyabr — Sputnik. "Bakıda məktəbin həyətinə narkotik alverçilərinin daxil olduğu qapı artıq bağlanıb. Apardığımız araşdırma zamanı narkotik maddə istifadəçilərinin şagirdlər olmadığı üzə çıxıb".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib. O deyib ki, məktəbin həyətinə bir neçə istiqamətdən giriş qapısı mövcud olub. Məktəbin arxa tərəfindən həyətə açılan qapı açıq olduğundan, bundan istifadə edən narkotik maddələrin satışı və istifadəsi ilə məşğul olan şəxslər həyətə daxil olub:
"Məktəb rəhbərliyi artıq o qapını bağlatdırıb. Nəsimi rayonunda yerləşən 44 saylı məktəbin yaxınlığında narkotik maddələrin satışı iddiaları ilə bağlı daxil olan məlumatlar nəzarətə götürülərək araşdırılıb. Nəsimi RPİ əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs, paytaxt sakini 1987-ci il təvəllüdlü Zaur Hacıyev müəyyən olunaraq saxlanılıb. Onun üzərindən külli miqdarda 102 qram narkotik vasitə heroin aşkar edilib. Araşdırma zamanı Z.Hacıyevin narkotik maddələrin satışını təşkil etməklə bərabər aludəçisi olduğu, həmçinin onunla birlikdə görüntülənən şəxslərin məktəb şagirdləri yox, narkotik vasitə istifadəçiləri olduqları müəyyən edilib. Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir".
A.Qafarov bildirib ki, məktəblilərin məktəb formasında olması və çiyinlərində çanta olması narkotik istifadəçilərinin məktəbli olmasına dair şübhələr yaratsa da, araşdırma zamanı bu iddia özünü doğrultmayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Bakıdakı 44 saylı məktəbin həyətində şagirdlərin narkotik vasitədən istifadə etməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib ki, məktəbli geyiminin rənginə görə təsbit edilib ki, videoda görünən şəxslər 44 nömrəli tam orta məktəbin şagirdləri deyil.
"Yayılan videogörüntülərlə bağlı məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. Məsələ ilə bağlı araşdırma aparılır" - deyə B.Məmmədov bildirib.
Qeyd edək ki, zaman-zaman məktəblilər arasında narkotik istifadəçilərinin olması barədə iddialar səslənsə də, bu rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Amma açıqlanan statistikalar narkotik istifadəçiləri arasında məktəb yaşlı uşaqların olduğunu təsdiqləyir.
Ötən il Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov müsahibəsində bildirib ki, 2019 və 2020-ci illərdə narkotik istifadəçisi olan 9 yeniyetmə, 2021-ci ildə isə 14 yeniyetmə qeydiyyata alınıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticəsinə dair 2022-ci il üzrə illik hesabatı da narkotik maddə aludəçiləri arasında məktəb yaşlı yeniyetmələrin olduğunu təsdiqləyir. Belə ki, qurumun hesabatına görə, 2022-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə 8677 nəfər cəlb edilib. 2021-ci ildə isə bu rəqəm 6512 olub. Rəqəmlərdən görünür ki, son illər narkotik maddələrin satışına görə cinayət məsuliyyətinə cəlb olunanların sayı artıb. Bundan əlavə, 2022-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunanların arasında 13 nəfər 16-18 yaşlı şəxslər olub. 2021-ci ildə isə bu yaş qrupunda statistika 11 nəfər təşkil edib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan Sputnik Azərbaycan-a bildirdilər ki, məktəblilərin narkotik maddə aludəçisinə çevrilməsinin qarşısını almaq üçün maarifləndirmə tədbirləri aparmaqdan başqa səlahiyyəti yoxdur. İşçi qrupundan onu da əlavə etdilər ki, daim məktəblərdə narkotiklə bağlı maarifləndirmə tədbirləri aparılır.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şagirdlər çox vaxt sosial platformalar üzərindən narkokuryerlərlə əlaqə qururlar. Onun sözlərinə görə, narkotik alverçiləri məktəblərin ətrafında müşahidə apararaq dərsdən yayınan uşaqları hədəf seçirlər. O, siqaret çəkən uşaqların daha çox narkokuryerlər tərəfindən təsir altına düşdüyünü söyləyir.
"Narkokuryerlər narkotiki məktəblilərə aşağı qiymətlərlə satırlar ki, daha tez cəlb etsinlər. Narkotik vasitələr qısa müddətdə keçid dövründə olan uşaqlarda asılılıq yaradır" - deyə Yolçiyeva bildirib. Onu da əlavə edib ki, Azərbaycanda internetdə süzgəc olmadığından narkotik maddələr barədə məktəb yaşlı uşaqlar asanlıqla məlumat ala bilirlər:

"Məktəblilər ən çox sintetik tərkibli narkotik vasitələrdən istifadə edirlər. Xüsusi laboratoriyalarda yaradılan sintetik narkotiklər çox aşağı keyfiyyətdə olduğundan qiyməti də ucuzdur. Belə narkotik vasitələr daha çox asılılıq yaradır".

Yolçiyeva onu da əlavə edib ki, son dövrlər qadınlar arıqlamaq üçün narkotik tərkibli dərmanlardan istifadə edirlər. Həmin dərmanlar sintetik tərkibli narkotikdən ibarət olduğundan, bu həmin ailələrdə uşaqların da narkotik vasitə istifadə etməsinə gətirib çıxardır. O, son illər uşaqlar arasında narkomaniyaya meyilin artdığını da söyləyib.
"44 saylı məktəbin həyətindən yayılan görüntülərdən də görünür ki, narkotik alıb istifadə edənlər məktəb yaşlı uşaqlardır. Onlar həmin məktəbin şagirdləri olmasalar da, məktəbli olduğu xarici görünüşlərindən, geyimlərindən görünür. Çox təəssüf ki, Azərbaycanda bəzən belə məlumatlar gizli saxlanılır, ictimaiyyətə açıqlanmır".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbliləri narkotikdən uzaq tutmaq üçün yeganə çıxış yolu təbliğatdır. Deputat bildirir ki, məktəblilərə narkotik vasitələrin fəsadları barədə məlumat verilməlidir. Onlara "ağ ölüm" ün toruna düşməmələri üçün təşviqat işləri aparılmalıdır.
Deputat əlavə edib ki, narkomaniya dünyanın düçar olduğu bəladır. Bundan xilas olmaq üçün Azərbaycan sərhədləri, gömrük orqanları səylə çalışır. Həmçinin polis əməkdaşları narkotik alqı-satqısına qarşı ciddi mübarizə aparır. Bununla belə R. Quliyev məktəblilərin narkokuryerlərin təsiri altına düşməməsi üçün təbliğat işlərinin davam etdirilməli olduğunu söyləyir.
Xəbər lenti
0