SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan Qarabağ da daxil Azərbaycan ərazisini 86,6 min km² kimi tanıyan Bəyanatı imzaladı

© AFP 2024 / screenshotPaşinyan Qranadada Aİ, Fransa və Almaniya liderləri ilə görüşüb
Paşinyan Qranadada Aİ, Fransa və Almaniya liderləri ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Qranadada imzalanan bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında tərəflər arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.
BAKI, 5 oktyabr - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşdə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan Bəyanat imzalayıb.
Bəyanatın mətni Aİ Şurası tərəfindən yayılıb.
Vurğulanıb ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.
Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüş nəzərdə tutulurdu.
Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.
Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.
Görüş Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Aİ Şurasının Prezidenti Şarl Mişel arasında dördtərəfli formatda baş tutub.
19:10
Paşinyan Qranadada Aİ, Fransa və Almaniya liderləri ilə görüşüb
Ermənistan Baş naziri Nikol Paşinyan İspaniyada Aİ Şurası Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts ilə görüşüb.
Dördtərəfli görüş Qranadada keçirilən 3-cü Avropa Siyasi İcması sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.
İlham Əliyev Qranadaya niyə getməyib?
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında İlham Əliyevin Qranadaya getməməsinin səbəbini izah edib.
Hacıyev qeyd edib ki, "Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir və bu mənada sülh müqaviləsi daxil olmaqla, bir çox sülh təşəbbüslərinin müəllifi məhz Azərbaycandır".
“Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar vermişdir" - Hacıyev bildirib.
Prezidentin köməkçisi onu da vurğulayıb ki, Azərbaycan həmçinin, ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə iştirakının tərəfdarı olub.
"Bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyildir" - o, bildirib.
Hacıyev əlavə edib ki, Azərbaycan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında Brüsseldə tezliklə üçtərəfli görüşlərə hazırdır.
"Azərbaycan tərəfi eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülh müqaviləsi üzrə birbaşa və ikitərəfli dialoqu və danışıqları dəstəkləyir. Fürsətdən istifadə edərək İspaniyadan olan həmkarlarımızı və dostlarımızı Avropa Siyasi İcmasının Qranada görüşünü uğurla təşkil etmələri münasibətilə təbrik edirik və Ermənistan-Azərbaycan dialoquna töhfə vermək niyyətlərinə görə təşəkkür edirik” - o, qeyd edib.
Xəbər lenti
0