CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənilərin başına bir milyon dollar pul qoyduğu haker himnimizi İrəvanda səsləndirib

© Depositphotos.com / Gorodenkoff Haker, arxiv şəkli
Haker, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2023
Abunə olmaq
Rəşad Zeyvəliyev 44 günlük Vətən müharibəsi dövründə 250 minlik müştərisi olan karqo şirkətinin serverini ələ keçirərək böyük bir datanı deşifrə edib.
BAKI, 4 oktyabr — Sputnik. 44 günlük Vətən müharibəsi dövründə də ermənilər Azərbaycana məxsus, yaxud da məxsus olduğunu iddia etdikləri hansısa texnikanın şəkilini paylaşaraq əhali arasında çaxnaşma, təşviş yaratmaq istəyirdi.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında İnformasiya Texnologiyaları (İT) mütəxəssisi, 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində mübarizə aparan Rəşad Zeyvəliyev deyib.
O qeyd edib ki, ermənilərin paylaşdığı bu fotolar adətən çox köhnə, ya da ümumiyyətlə Azərbaycana aid olmurdu:
"Həmin dövrdə ermənilər hətta Əfqanıstan müharibəsindən olan kadrları da yeni kadr adı ilə paylaşırdı. Biz məlumatların yalan olduğunu bildirdikdə artıq rəsmi sayt, telekanallarımız da bu informasiyaları yayaraq əhalini sakitləşdirirdilər" - Zeyvəliyev deyib.
O qeyd edib ki, ermənilər şəkil və videolarla təşviş yarada bilməyəndə Azərbaycanda sosial şəbəkə istifadəçilərinin profillərini ələ keçirirdilər:
"Onlar ələ keçirdikləri bu profillər vasitəsilə digər istifadəçilərə müraciət edirdilər. Bundan başqa, onlar saxta adlarla profillərə link göndərirdi. Linkə keçid edən şəxslərin hesabları dərhal ələ keçirilirdi. Hesabı ələ keçirən şəxs özünü azərbaycanlı kimi apararaq paylaşımlar edirdi. Ermənilər çalışırdı ki, dostluğunda çox adam olan profilləri ələ keçirsinlər".
Mütəxəssisin fikrincə, bizim ən böyük problemimiz odur ki, istifadəçilər bütün sosial şəbəkə hesablarına eyni parolu qoyurlar.
Bu informasiya müharibəsinin qarşılığında Azərbaycan nə edib?
R.Zeyvəliyev bildirir ki, həmin dövrdə onlar Ermənistana məxsus ən böyük karqo şirkətinin hesabını qırıblar:
"Bu karqo şirkətinin 12-dən artıq ölkədə filialı, 250 min aktiv müştərisi var idi. Sadə bir linklə, bir istifadəçinin sosial şəbəkə hesabını əldə edərək o parolla istifadəçinin e-mail ünvanına daxil olduqda başa düşdük ki, həmin şəxs karqo şirkətinin mütəxəssisidir. Ələ keçirdiyimiz e-mail ünvanında karqo şirkətinin server parolları, bir sözlə hər bir məlumat var idi. Karqo şirkətinin bütün məlumatlarını əldə edərək biz həm də şəxsiyyət vəsiqələrinə dair məlumatları əldə edə bildik".
Zeyvəliyev qeyd edib ki, serverə girişləri bir həftə sonra bloklansa da, artıq ermənilərin bütün məlumat və dataları əllərində olduğu üçün bundan istədikləri kimi yararlanıblar:
"Artıq 250 min nəfərin məlumatı əlimizdə idi. Ermənistanda da sosial şəbəkə istifadəçiləri bütün hesablarını bir parolla şifrələyirdilər. Təxminən 50 min profildən lazımi məlumat əldə edə bilmədik, lakin 200 min profildən terabaytlarla məlumat əldə etdik. Parollarını əldə etdiyimiz şəxslər arasında Ermənistanda kibertəhlükəsizlik üzrə çalışan şəxslər də vardı. Ələ keçirdiyimiz həmin profillər vasitəsilə biz də informasiyalar paylaşmağa başladıq. Bu profillər arasında erməni telekanallarının aparıcılarının da hesabları vardı. Aparıcıların profilləri vasitəsilə dezinformasiyaları daha geniş yaymağa başladıq".
R.Zeyvəliyev bildirir ki, onlar müharibənin sonunadək o datalardan ölkəmizin xeyrinə istifadə ediblər.
Ermənistanın paytaxtı İrəvan şəhərinin Beynəlxalq Hava Limanının sistemlərində olan boşluqdan istifadə edərək orada Azərbaycan himnini səsləndirən R.Zeyvəliyev deyir ki, gördüyü işdən böyük zövq alır. 44 günlük Vətən müharibəsində ermənilərin bank məlumatlarını, internet provayderlərini ələ keçirərək hamısını açıq şəkildə paylaşıb.
"Bəzən kameralar vasitəsilə Azərbaycanın milli musiqiləri, himnini səsləndirirdim. Həmin dövrdə Xankəndidə məskunlaşan ermənilərin və orada fəaliyyət göstərən separatçı rejimin fəaliyyətini izləyə bilmişəm", - deyə o, əlavə edib.
Vətən müharibəsi dövründə ermənilərdən təhdid dolu mesajlar alan R.Zeyvəliyev bildirir ki, düşmən tərəfindən başına 1 milyon pul qoyulmuşdu:
"Ermənilər təhdid dolu mesajlarında yazırdılar ki, Gəncədəyik, Bakını tutub səni də tapacağıq. Öldürülməyimlə bağlı da xəbərlər yayırdılar. Hətta erməni saytları başıma da pul qoymuşdu. Xəbərlərdə hətta qeyd olunurdu ki, mənim başıma 1 milyon dollar pul qoyulub".
Xəbər lenti
0