Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bank hesabının açılması sadələşdi - Artıq şəhadətnamə-dublikatın alınmasına ehtiyac yoxdur

© AFP 2024 / ADEM ALTANBank işçiləri, arxiv şəkli
Bank işçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2023
Abunə olmaq
Yeni dəyişikliyə əsasən, borclu vergi ödəyiciləri də bankda hesab açmaq imkanına malikdirlər.
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycanda vergi ödəyiciləri üçün bank hesablarının açılması proseduru sadələşdirilib.
Dövlət Vergi Xidmətinin məlumatına əsasən, vergi ödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesabların açılması proseduru ilə bağlı 2022-ci ilin sonunda Vergi Məcəlləsinin 35-ci maddəsində edilmiş dəyişiklik bu il oktyabrın 1-dən qüvvəyə minib.
Məsələni şərh edən İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri, vergi qanunvericiliyi sahəsi üzrə mütəxəssis Radil Fətullayev Sputnik Azərbaycan-a deyib ki, əvvəllər vergi ödəyiciləri banklarda hesab açmaq üçün ilkin olaraq vergi orqanına ərizə təqdim etməli idi:
"Vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmadığı halda hesabın açılması üçün vergi orqanı tərəfindən banka şəhadətnamə-dublikat göndərilirdi, borcu olduğu halda isə bank hesabının açılmasından imtina edilirdi. 10 gün ərzində hər hansı səbəbdən bank hesabı açılmadıqda vergi orqanı tərəfindən banka göndərilmiş şəhadətnamə-dublikat qüvvədən düşürdü".
"Hesab açmaq üçün artıq hər bir vergi ödəyicisi birbaşa banka müraciət etməlidir"
"İndi isə vergi ödəyicisi olan hüquqi və fiziki şəxslərin banklarda hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv edilib. Beləliklə, bundan sonra hesablar vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılacaq. Yəni hesab açmaq üçün artıq hər bir vergi ödəyicisi birbaşa banka ərizə ilə müraciət etməlidir. Banklar özü həmin şəxslər haqqında məlumatı 1 iş günü ərzində elektron qaydada vergi orqanına göndərəcək. Vergi ödəyicisinin hesabı bank tərəfindən bağlandıqda da bu barədə məlumat 1 iş günü müddətində Dövlət Vergi Xidmətinə təqdim olunacaq"-, deyə mütəxəssis bildirib.
"Borclu vergi ödəyicilərinə hesab açmaq üçün məhdudiyyət aradan qaldırılıb"
O qeyd edib ki, yeni dəyişikliyə əsasən, büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olan vergi ödəyiciləri də bankda hesab açmaq imkanına malikdir: "Beləliklə, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırılıb. Başqa sözlə, borclu vergi ödəyicisinin bank hesabına pul gəldikdə, bank vergi orqanına məlumat verəcək və vergi orqanı da dərhal o borcu silə biləcək".
"Bu dəyişikliklə vergi ödəyicilərinin inzibati yükü azaldılıb, vergi ödəyicilərinin bank hesablarının açılması proseduru sadələşdirilib" -, deyə R.Fətullayev əlavə edib.
Vergi Məcəlləsində nə deyilir?
Qeyd edək ki, Vergi Məcəlləsinin 35-ci maddəsi "Vergi ödəyicilərinə hesabların açılması" adlanır. Həmin maddəyə əsasən, vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün kredit təşkilatlarına müraciət etdikdə bank əməliyyatları aparan şəxslər vergi ödəyicilərinə hesablar açır və açılmış hesabların vergi orqanında qeydiyyata alınması üçün məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərir.
Açılmış hesab daxil olmuş məlumat əsasında vergi orqanı tərəfindən avtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bank əməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir. Qeydiyyat bildirişi daxil olanadək bank əməliyyatı aparan şəxslər tərəfindən hesab üzrə məxaric əməliyyatlarının aparılması qadağandır.
Xəbər lenti
0