ELM

Süni intellektə nəzarəti itirə bilərik - Harari

© AFP 2024 / KRISTOF VAN ACCOMYuval Noah Harari, arxiv şəkli
Yuval Noah Harari, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
İsrailli hərbi tarixçi, mediyevist, “Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabının müəllifi Yuval Noah Harari Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edir.
BAKI, 2 oktyabr - Sputnik. İsrailli hərbi tarixçi, mediyevist, “Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabının müəllifi Yuval Noah Harari Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edir. Dünyaca məşhur Hararinin Sputnik Azərbaycan-a eksklüziv müsahibəsini təqdim edirik.
- Bəşəriyyətdə süni intellektin daha da inkişaf edib geniş vüsət alması ilə bağlı hansı narahatlıqlar olmalıdır?
- Bizim min illərdir formalaşan vərdişlərimiz var və zamanla biz onları dəyişə bildik. Biz zaman ərzində təkamül və inqilab hesab etdiyimiz texnologiyaları belə ram edə bilmişdik. Lakin indi süni intellekti necə idarə edəcəyimizi bilmirik. Çünki süni intellekt müstəqildir. Süni intellektin öz alqoritmləri var və qərarı da özü verir. İnsan tərəfindən yaradılsa da, çalışmalıyıq ki, onu öyrənib daha da inkişaf etdirək, yarada biləcəyi təhlükənin qarşısını alaq. Əks təqdirdə, süni intellektə nəzarəti itirə bilərik və bu bəşəriyyət üçün təhlükəli olacaq.
- Süni intellektin qarşısı alınmalıdırmı?
- Biz demirik ki, süni intellektin qarşısını almalıyıq. Bu mümkün deyil.
- Bir çoxlarında belə bir narahatlıq var ki, süni intellektin inkişafı insanların işsiz qalmasına səbəb olacaq, siz necə düşünürsünüz?
- Bu fikir kökündən yanlışdır. Süni intellekt bütün işləri ələ keçirəcək deyə bilmərik. Sadəcə olaraq keçid dövrü çətin olacaq, yeni işlər yaranacaq. Bu yeni işlərlə bağlı insanlarda vərdişlər yaratmaq çətin olacaq. Yəni, ən çətin məsələ insanlara bu vərdişləri öyrətməkdir.
- Süni intellekt nəticəsində dünya yenidən bölünəcəkmi?
- Süni intellekt nəticəsində dünya yenidən bölünəcək. Böyük güc dövlətləri süni intellektdən xüsusi faydalanacaq. Nəticədə dünya yenidən bölünəcək və böyük dövlətlər yenidən dominantlıq edəcək. Əgər indi biz desək ki, qoy süni intellekt ilə Böyük Britaniya və Yaponiya məşğul olsun, bu bizə lazım deyil, o zaman gələcəkdə onlar hökmran, bununla məşğul olmayan dövlətlər isə kölə olacaq.
- Süni intellektin inkişafı ilə dünyada sabitlik olacaqmı?
- Dünyada heç zaman sabitlik olmayıb, gəlin özümüzü aldatmayaq. Epidemiyalar, böhranlar hər zaman olub. On ildən sonra nə olacağını bilmirik. Bəlkə on il sonra səlib yürüşü oldu.
- Bu gün övladlarımıza nə öyrətməliyik ki, gələcək üçün faydalı olsunlar?
- Açığı, bununla bağlı konkret bir fikir deyə bilmərəm. Deyirlər ki, gəlin uşaqlara kodlaşmanı öyrədək, gələcəkdə buna tələbat çox olacaq. Bəlkə 20 il sonra süni intellekt daha yaxşı kodlaşdıracaq, heç insan əməyinə ehtiyac olmayacaq. Əlimizdəki pulu nəyə yatıraq bilmirik, bu çox təhlükəli bir vəziyyətdir. Sadəcə dəyişməli və yeniliklərlə ayaqlaşmalıyıq, daha çevik olmalıyıq. Amma təəssüf ki, müəyyən yaşdan sonra insanlar dəyişməyi sevmir. Yaxın gələcək haqda düşünürüksə, öncə inkişafın tempini nəzərə almalıyıq. Dəyişikliklə ayaqlaşmalıyıq, əks halda insanlar özlərini bacarıqsız və gücsüz hesab edəcək. Əsas məsələ özünü tanımaq və kəşf etməkdir. Biz dünyada adaptasiya oluna bilən ən güclü heyvanıq. Özümüzə sərmayə qoysaq, hər şeyə nail olacağıq. Bu sərmayəni sırf süni intellektə qoysaq, fəlakət baş verəcək.
- Təhlükəsiz bir dünyada yaşamaq üçün nə etməliyik?
- Sülh yaratmalıyıq. Çünki müharibələr insanların bacarıqlarını azaldır, məhdudlaşdırır.
- Şəxsən sizin cəmiyyətə təsiretmə imkanınız var?
- İnsan təksə gücsüzdür, dəyişiklik etmək üçün birləşmək, bir təşkilat yaratmaq lazımdır. Bu gün dünyada ən böyük dövlətlər özlərini qurban sayır, çünki belə olanda məsuliyyətdən uzaq olurlar. Bu da çox təhlükəli vəziyyətdir.
- Sosial şəbəkələrlə bağlı narahatedici amillər hansılardır?
- Məxfilik, konfidensiallıq çox önəmlidir. Sosial şəbəkələr faydasız və təhlükəlidir, deyə bilmərəm. Bu şəbəkələrin müsbət tərəfləri də çoxdur. Məsələn, mən 20 il öncə hazırda mövcud olmayan bir sosial şəbəkə vasitəsi ilə həyat yoldaşımla tanış oldum. Təhlükəsizliyi qorumaq üçün mövcud şirkətlər işlərini daha məsuliyyətlə görməli, dataları qorumalıdır. Təəssüf ki, hazırda mövcud sosial şəbəkəkərdə saxta profil, botlar var. Nə üçün onların fəaliyyətinin qarşısı alınmır? Buna cavabdeh olanlar bildirirlər ki, bunu etsələr, söz azadlığının qarşısını almış olacaqlar. Onlar insanların söz azadlığını qorumalı, botlara isə bu şəraiti yaratmamalıdırlar. Çünki belə botlar hansısa qüvvənin siyasətinin tərkib hissəsidir.
Xəbər lenti
0