Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycan universitetləri nüfuzlu reytinq cədvəllərində niyə irəliləyə bilmirlər?

BDU - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
Vüsal Kərimli deyir ki, əgər BDU-nun adı bu siyahıda 1501+reytinqdədirsə, onda 1401+çatmaq üçün illər lazımdır.
BAKI, 2 oktyabr — Sputnik. Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli "Times Higher Education" 2024-cü il üçün universitet reytinqlərini açıqlayıb. Dünya universitetləri reytinqində ölkəmizdən yalnız Bakı Dövlət Universiteti (BDU) yer alıb. BDU-nun dünya universitetləri ilə bir cədvələ düşməsi birmənalı qarşılanmayıb. Nazir müşaviri bunu böyük uğur kimi təqdim etsə də, deputat Etibar Əliyev və təhsil üzrə ekspertlər bunun elə də sevindirici xəbər olmadığı qənaətindədirlər.
"BDU-nu 1501-ci yerdə görmək çox məyusedicidir"
Belə ki, təhsil üzrə tanınmış mütəxəssis Vüsal Kərimlinin fikrincə, bu, BDU-nun adının Harvardla Stenford Universitetlərinin yanında yer alması anlamına gəlmir. BDU-nun sözügedən siyahıda yer alması sevindirici olsa da, nəticə çox da uğurlu sayıla bilməz:
"THE WUR 2024"-də dünyanın 108 ölkəsindən 1904 universitet iştirak edir. Bu siyahıda BDU-nu 1501-ci yerdə görmək çox məyusedici faktıdır. Nəzərə alsaq ki, hazırda BDU-nun Scopus bazasında 10.373 məqalə var, bu məqalələr BDU-dan başqa AMEA-nın 5 İnstitutunun dəstəyi ilə ərsəyə gəlib. "THE WUR 2024" ranking-nin əsas tələblərindən biri elmi məqalə sayı və onlara verilən istinadlardır. Görünən odur ki məqalə sayı yetərli olsa da, istinad sayı çox az olub".
Ekspert qeyd edib ki, "THE WUR"-un verdiyi məlumata görə bu il 16,5 milyon tədqiqat nəşri 34 milyon sitat və qlobal miqyasda 68,402 alimin sorğuya cavablarını əhatə edir. Ümumilikdə, məlumatları təqdim edən 2673-dən çox qurumdan 411,789 məlumat toplanıb. Qeyd edilən məqalalələr Elsevier-in Scopus verilənlər bazası tərəfindən indeksləşdirilərək 27 950-dən çox aktiv resenziyalı jurnal və 2018-2022-ci illər arasında indekslənmiş bütün nəşrlərdən götürülüb.
V. Kərimli onu da əlavə edib ki, əgər BDU-nun adı bu siyahıda 1501+reytinqdədirsə, onda 1401+çatmaq üçün illər lazımdır.
Nazir müşaviri ekspertlərlə razı deyil
Təhsil nazirinin müşaviri isə bu ittihamlarla razılaşmayıb. O, bildirib ki, Etibar Əliyev və Vüsal Kərimlinin BDU-nun "Times Higher Education" dünya universitetləri reytinqində 1501+ yer tutmasını tənqid etməsi ədalətli deyil.
"Razıyam, BDU daha yaxşı yer tutmalıdır. Amma həmkarlarım rəngləri daha da tündləşdirmək üçün bilərəkdən, ya da bilməyərəkdən bir faktı təhrif edirlər. THE dünya universitetləri reytinqində 1904 universitet yer alıb. Daha 769 universitet reytinqə düşmək üçün məlumat göndərib, amma uyğun olmadıqları üçün reytinqə düşməyiblər. Dünyada isə təxminən 23 min universitet var. BDU-nun 1501+ yerdə olması heç də həmkarlarımızın qeyd etdiyi kimi tədqiqat, sitat məsələləri ilə birbaşa bağlı deyil".
Müşavirin fikrincə, "Times Higher Education WUR" üzrə bəzi universitetlərin reytinqləri və metodologiya üzrə meyarlardan görünür ki, məsələn 801-1000-ci yeri tutan "El Manar Tunis Universiteti"nin tədqiqat keyfiyyəti (research quality) üzrə göstəricisi (31.1) 1501+ yeri tutan "Rumıniyanın Alexandru loan Cuza Universiteti"nin eyni göstərcisindən (31.6) aşağıdır.
"Tədqiqat mühiti (research environment) üzrə göstəricilərə də nəzər salsaq, buna yaxın mənzərəni görmək mümkündür. Qlobal reytinqində 150-ci yerdə olan Qazaxıstanın "Əl-Fərabi" universitetinin müəllim sayına düşən sitat sayı göstəricisi ilə (1.3) 1201-1400-cü yeri tutan "Torayghirov Universiteti"nin eyni göstəricisi arasında heç bir fərq yoxdur. Hətta, 1001-1200-cü yeri tutan "Tallin Universiteti"nin eyni göstəricisi (8.9) "Əl-Fərabi Universiteti"nin göstəricisindən təxminən 7 dəfə böyükdür." - deyə Nicat Məmmədli bildirib.
BDU ittihamlara cavab verdi
BDU-dan isə sorğumuza cavabda bildirilib ki, BDU Azərbaycanda “Times Higher Education” reytinq siyahısında yer alan yeganə ali təhsil müəssisəsidir:
""Times Higher Education” (THE) 2024-cü il üçün dünya universitetlərinin reytinq siyahısını açıqlayıb. 2023-cü ildə də Bakı Dövlət Universiteti Azərbaycanda “Times Higher Education” reytinq siyahısında yer alan yeganə ali təhsil müəssisəsi oldu. BDU həm də Azərbaycanda “Times Higher Education Subject Ranking” siyahısında yer alan yeganə universitetdir. Belə ki, BDU Fiziki elmlər (Fizika, Kimya, Geologiya, Astronomiya, Riyaziyyat və s.) və Mühəndislik elmləri (Kimya mühəndisliyi, Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Geofizika mühəndisliyi və s.) üzrə 1001+ mövqelərini tutub".
BDU-dan onu da əlavə ediblər ki, nüfuzlu “Times Higher Education” təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisələrinin reytinqini tərtib etmək, universitetlərin reytinqinin yüksəlməsi üçün tövsiyələr verməkdir. THE dünya universitetləri reytinqi universitetlərin tədris, elmi-tədqiqat, istinad indeksi, beynəlxalq reputasiyası, sənaye gəlirləri və digər meyarları nəzərə alınmaqla həyata keçirilir.
"Qənaətbəxş deyil, amma pis də deyil..."
"Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, universitetlərin reytinqini müəyyənləşdirən bir çox təşkilatlar var. Bu təşkilatlar arasında çox ciddi rəqabət mövcuddur. Amma onların sonda gəldiyi yekun nəticələrdə o qədər də ciddi fərq olmur.
BDU-nun bu reytinqdəki yeri isə, Orucovun fikrincə, qənaətbəxş deyil. Amma o, bir Azərbaycan universitetinin bu cədvəldə yer tutmasının sevindirici olduğunu söyləyir. Həmsöhbətimiz onu da deyib ki, beynəlxalq reytinq cədvəlində qısa müddətdə irəliləmək mümkün deyil:
"Amma biz hamımız istəyərdik ki, Azərbaycan universitetlərinin yeri bu reytinqdə yüksək olsun. Universitetlər reytinqlərdə aşağı yerləri tutmalarının səbəbləri üzərində işləməlidirlər".
Beynəlxalq reytinq cədvəlində irəliləmək üçün nə etməliyik?
Orucov deyir ki, "Times Higher Education" 2024-cü il üçün universitet reytinqləri çox məşhur və nüfuzludur. Bizim universitetlərin bu reytinqdə ön cərgələrdə olmaması düşündürücüdür. Universitetlər öz tədiqatları ilə dünya elminə töhfələr verməlidir. Burada həmçinin xarici tələbələrin yerli tələbələrin sayına nisbəti də nəzərə alınır. Universitetdə çalışan xarici müəllimlərin sayı, eləcə də beynəlxalq birgə elmi işlərin səviyyəsi də diqqətdə saxlanılır. Bunlar çox ciddi tələblərdir.
"Biz çox istəyərdik ki, Azərbaycanda universitetlərin çoxu bu tələblərə cavab versin. Bəzən iddia edirlər ki, reytinqdə yer alan universitetlərin çoxu keçmişdə yaradılan və büdcəsi böyük olan universitetlərdir. Büdcə məsələsi buna təsir etsə də, yeni universitet yaradıb bu tələblərə cavab vermək mümkündür. Dünya səviyyəli müəllimlərin, xarici tələbələrin Azərbaycanda çalışması və təhsil alması üçün universitetlərin keyfiyyətli təhsil verməsi və büdcəsi şərtdir. Bu gün Azərbaycan universitetlərində əcnəbi tələbələr təhsil alır. Amma gəlin görək o tələbələr hansı ölkələrdən Azərbaycana təhsil ardınca gəliblər. Bu, çox vacib amildir. Çin, Yaponiya kimi ölkələrdən təəssüf ki, hansısa tələbə Azərbaycana təhsil almaq üçün gəlməz. Onlar dünyanın daha yaxşı təhsil verən universitetlərini seçirlər" - deyə ekspert bildirib.
Ümid xaricdəki elm mərkəzlərində təhsil alan tələbələrimizə qalıb
Orucov bildirib ki, Azərbaycan universitetlərinin beynəlxalq qrantlara çıxışı da aşağı səviyyədədir. Universitetlərin bu qrantlarla maliyyə əldə etməsi çox vacib amildir. Təəssüf ki, Azərbaycan universitetlərinin gəliri əsasən ödənişli təhsildən formalaşır.
Ekspert onu da xatırladıb ki, ölkə prezidentin imzası ilə Azərbaycan universitetlərinin rəqabət qabiliyyətinin artırılması üçün Dövlət Proqramı qəbul olunub. İndi ümid həmin proqramdan irəli gələn tədbirlərin icrasınadır:
"Bu proqram çərçivəsində bizim xeyli gənclərimizi xaricdə nüfuzlu elm mərkəzlərində təhsil almaq üçün göndərilib. Ümid edək ki, onlar qayıdıb Azərbaycanda çalışacaqlar və beləcə Azərbaycan universitetlərinin kadr təminatı məsələsi bir qədər yaxşılaşacaq. Amma təkcə yerli kadrlarla da iş bitmir. Xarici kadrların da olması vacibdir. Bunun üçün isə yaxşı laboratoriyalar yaradılmalıdır ki, bu da zaman və maliyyə tələb edir".
Qeyd edək ki, "Times Higher Education" 2024 reytinq cədvəlində keçmiş SSRİ ölkələri üzrə ən yaxşı nəticələr Estoniyaya aiddir. Ermənistanın Yerevan Dövləti Universiteti də reytinqdə 1501+ yerdədir. Gürcüstandan isə iki universitet bu siyahıda yer alıb. Türkiyənin nəticələri daha yaxşıdır. Dünya universitetləri reytinqinə Türkiyənin 75 universiteti düşüb. Koç, ODTÜ və Sabancı universitetləri reytinqlərdə 351-400-cü yerləri tutur.
Xatırladaq ki, 2023-cü ilin nəticələrinə görə İmpact Ranking üzrə 7 universitetimiz siyahıya düşüb. Ən yaxşı nəticələr Xəzər Universiteti və Qərbi Kaspi Universitetlərinindir.
Xəbər lenti
0