CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tənzilə Rüstəmxanlı: "Qənirə xanımın ölümü türk dünyası üçün böyük itkidir"

© Sputnik / Murad OrujovTənzilə Rüstəmxanlı
Tənzilə Rüstəmxanlı - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
Tanınmışlar bu gün torpağa tapşırılan Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva haqqında xoş xatirələrini bölüşüblər
BAKI, 29 sentyabr — Sputnik. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva ötən gün axşam saatlarında müalicə aldığı xəstəxanada vəfat etdi. Bu gün torpağa tapşırılan Türk dünyasının sevilən qadını böyük insan izdihamı ilə İkinci Fəxri xiyabanda torpağa tapşılıdı.
Milli Məclisin deputatları, həmkarları XXI əsrin fenomen qadını haqqında xatirələrini Sputnik Azərbaycan-la bölüşüb:
Millət vəkili Tahir Kərimli Qənirə xanımla olan son görüşünü belə xatırlayır: "Təxminən iki həftə əvvəl AZAL-da tədbirdə görüşmüşdük. Orada çıxış da etdi. Artıq son vaxtlar sınıxmışdı. Biz çox narahat idik. Amma mən elə hesab edirdim ki, o sağalacaq. Biz xəstəxananın həyətində dua edirdik, ümid edirdik ki, Bəhram Bağırzadə kimi o da komadan ayılacaq. Təəssüf ki, ayılmadı, gənc tərk etdi bizi. Heyf ondan".
Türk Ədəbiyyat Vakfının rəhbəri Sərhad Kabaklı bildirir ki, biz onun Türk dünyasında başladığı fenomen yolu davam etdirməliyik: "Yeni mücadilə aparan Qənirə yaratmalıyıq. Bir dəfə Türkiyədə olanda o demişdi ki, "Xocalını alaq, ondan sonra Allah mənim canımı alsın". O söz yadıma düşdükcə ağlayıram. Xocalı azad olundu, Qənirə də muradına yetişdi".
Tanınmış aparıcı Hacı Nuran Hüseynov Qənirə xanımın son arzusunu dilə gətirdi: "Sonuncu dəfə biz uşaq evinə getdik, birlikdə yardım apardıq. Son vaxtlar qulağı ağrıyırdı. Türkiyədən qonaqları var idi. Özünün yaxşı hiss etmirdi. Ümumiyyətlə, çox fədakar insan idi. Dərmanlar atırdı, amma reaksiya vermirdi. Ən böyük arzusu Qarabağın tam azad olunmasıdır. Həmişə çıxışlarında deyirdi ki, "Xankəndi bizim olacaq". Xankəndi artıq bizimdir, amma Qənirəmiz yoxdur. Çox təəssüf ki, bu gözəl günləri görə bilmədi. Jurnalistika da Qənirəsiz qaldı".
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirir ki, Qənirə xanımın ölümü türk dünyası üçün böyük itkidir: "Mən onun haqqında bir yazı yazmışdı. Orada da demişdim ki, o bir vətən, millət fədaisidir. Heyf, çox işıqlı insan idi. Dünəndən türk dünyasının hər bir nöqtəsindən mənə zənglər gəlir, başsağlığı verirlər. Nə yaxşı ki, Qənirə xanım Qarabağın azad olunduğunu gördü".
"Bu gün Azərbaycan xalqı, ictimaiyyəti üçün ağır günlərdən biridir. O, Türk dünyası üçün o qədər böyük kommunikasiyalar qurdu ki, heç kim bu qədər gücə sahib ola bilməzdi" deyən Millət vəkili Fazil Mustafa bildirir ki, Türk dünyasının hər yerində onun izi, obrazı görünürdü: "Azərbaycan tarixində XIX-XX əsrdə fədakar, fenomen qadınlarımız o qədər olmayıb. Qənirə xanım XXI əsrin fenomen qadını idi. Onu xalqımız həmişə rəğbət hissi ilə anacaqlar. Dəfnində bu qədər insan izdihamının olması bunun bariz nümunəsidir".
Qənirə Paşayeva kimdir?
Qənirə Ələsgər qızı Paşayeva 1975-ci ilin 24 martında Tovuz rayonunda anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
O, 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.
2005-ci ildə isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım edib.
Qənirə Paşayeva Milli Məclisin 3,4,5 və 6-cı çağırış üzrə deputatı olub.
O, "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı şahidlərinin dilindən", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" və "Səndən sonra" kitablarının müəllifidir.
23 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilib. Sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Millət vəkili Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn olunub.
Xəbər lenti
0