Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dörd il cəbhədə vuruşan aktyor: "Müharibə mövzusunda çəkilmiş filmlərimiz uğursuzdur"

© Sputnik İsmayıl Atakişiyev
 İsmayıl Atakişiyev  - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
I Qarabağ Müharibəsi veteranı, aktyor İsmayıl Atakişiyev Azərbaycan müharibə illərindən, Azərbaycan incəsənətinin bügünki vəziyyətindən söz açıb.
BAKI, 29 sentyabr — Sputnik. I Qarabağ Müharibəsi veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü, Bakı Bələdiyə Teatrıın truppa müdiri, aparıcı aktyor İsmayıl Atakişiyev 4 il I Qarabağ müharibəsində iştirak edib. Teatrla yanaşı kino və seriallarda da rol alan aktyor bildirir ki, bu gün Azərbaycanda kino, teatr və serial sahəsinin ən böyük problemlərdən biri ssenari çatışmazlığıdır:
"Götürək elə müharibə mövzusu. Yazılan bütün ssenarilər, çəkilən filmlər, tamaşalar rejissorların təxəyyülünün məhsuludur. Mən 4 il müharibədə vuruşmuşam. Mən bilirəm orada nələr yaşanıb. Mən bizim filmlərə baxanda o ab-havanı qəti görə bilmirəm. Çəkirlər, onların işlərinə kölgə salmaq istəmirəm. Amma çəkirlərsə, heç olmasa çəkilişə başlamazdan öncə müharibədə iştirak edən insanlarla danışsınlar. Mənim döyüşçü yoldaşlarım, komandirim deyir ki, "ay İsmayıl, bu nədir çəkirlər? Müharibəni çəkirlər, döyüşçünün paltarı, ayaqqabısı səliqəli. Biz ütülü paltar, maz çəkilən ayaqqabı görmüşdük müharibədə?" Bizim paltarlarımızı bit basırdı, onu suyun içinə salıb qaynadırdıq ki, bitlər yox olsun. Sonra o paltarı geyinirdik. Orada təmiz, səliqəli paltar nə gəzirdi? Heç o həvəsdə də deyildik. Çünki, nə qədər dostlarımız şəhid oldu, yaralandı. Səhər çörək kəsdiyin adam günorta şəhid olurdu. Amma bizim Qarabağla bağlı çəkilən filmlərimizdə baxırsan ki, əsgər səngərdən gəlib, səliqəli geyimdə. Əsir düşmüş qadınları çəkirlər, makiyajda, səliqəli saçda.."
Veteran aktyor bildirir ki, filmdə ilkin təəssürat çox önəmlidir. Ona görə də müharibə mövzusunda çəkilən heç bir film uğur qazanmır. Haya-küyə düşüb film çəkirlər, amma müharibəni görmüş insanlarla məsləhətləşmirlər.
Atakişiyev əlavə edir ki, rejissor təxəyyülü də olmalıdır, sözsüz. Amma kökünü Qarabağda vuruşanlardan, orada məcburu köçkün düşən insanlardan götürmək lazımdır. Onların gördüklərini, yaşadıqlarını çəksələr, şedevr filmlər ərsəyə gələr:
"Vaxt keçir, ömür gedir. O insanların sırası azalır. Bir gün biz də olmayacağıq. Ona görə də çəkilən filmlərə baxan yoxdur. Bu təkcə kino, teatr və serial sahəsinə aid deyil. Musiqidə də vəziyyət eynidir. 44 günlük müharibə dövründə xeyli sayda mahnı yazıldı. Amma heç biri xatırlanmır. Niyə? Çünki, müharibə ruhu yoxdur. Ona görə də unudulub. O mahnıları yazanların heç birinin müharibə ilə bağlı təəssüratı yoxdur".
Həmsöhbətimiz bildirir ki, 4 il müharibədə vuruşsa da, bir dəfə də olsun qorxu hissi nədir bilməyib. O, İkinci Qarabağ müharibəsində də ordu sıralarına qatılmaq istəyib. Lakin yaşı müharibə üçün uyğun olmadığından, cəbhəyə gedə bilməyib:
"Müharibə başlayanda mən də getmək istədim. Çünki, oralar bizə daha doğmadır. Amma təəssüf ki, alınmadı. Çox şükür ki, güclü ordumuz sayəsində biz qalib gəldik. Bizim vuruşduğumuz illərin ordusu ilə indikinin arasında xeyli fərq var. O vaxt müharibənin gedişində çoxlu şəhidlər verdik, torpaqlarımız işğal olundu. İndiki kimi deyildi o vaxt. Hərc-mərclik idi, silah çatışmırdı. Silahdan anlayışı olmayan, əlinə ömründə silah almayan gənclər vuruşurdu. Amma o vaxt da insanlarımızda vətənpərvərlik yüksək idi. İndiki dövrdə vətənpərliyimiz də var, üstəlik silahlarımız da. Ali Baş Komandanı Allah qorusun. O vaxt indi olan silahları yalnız xəyal edə bilərdik. Çox çətin bir dövr idi".
Müsahimiz döyüşdə yaralandığı günü saatına qədər xatırladığını deyir. Bununla belə, əlillik statusundan imtina edib. Odur ki, bu gün qazi adından sui istifadə edənləri qınayır:
"İndiyə qədər yaralandığım tarix saatına qədər yadımdadır. O da niyə yadımdadır, deyim. Birinci dəfə başımdan yaralanmışdım. 1993-cu il fevral ayının 19-da ermənilər tərəfdən mühasirəyə alındıq. Çox çətin bir vəziyyət yarandı. Hamı pərən-pərən düşmüşdü. Həmin vaxt başımdan snayper yarası aldım. Düşünün, fevral ayının 19-u və qar dizdəndir. Komandir dedi ki, dağın başına qalxmalıyıq. Soruşdu ki, kimdə saat var və saat neçədir? Dedim, məndə var və saat 3-ə qalır 10 dəqiqə. Əmr verdi ki, yuxarı qalxaq, çünki mühasirədən çıxmalı idik. Döyüşə-döyüşə dağın yuxarısına doğru addımladıq. Düzdür, mən çox silah ata bilmirdim, çünki başımdan qan açılırdı. Təsəvvür edin ki, qarı yığırdım papağın içinə, papağı da qoyurdum başıma ki, qan dayansın. Beləcə mühasirəni yardıq və çıxdıq.
Axşamüstü Tərtərin xəstəxanasına gətirildim. O vaxt mənə dedilər ki, "sənə yaralanmağınla bağlı bir kağız verək, ordudan tərxis olun". Dedim "siz nə danışırsınız? Başım yaralandı deyə deyim ki, əliləm? Mənə lazım deyil". Sağalıb yenidən Orduya qayıtdım. Amma təəssüf ki, hər iki müharibədə də fürsətdən istifadə edənlər oldu. Bir barmağı qanayıb, hay-haray salırlar ki, "qaziyəm". 1994-cu ildə bir də yaralandım. Bu dəfə isə Füzuli istiqamətində gedən döyüşlərdə qarın nahiyəmdən güllə yarası aldım. Güllə qarnımdan girib belimdən çıxdı. Onda artıq heç nə hiss etmirdim. Çox ağır yaralı idim. Buna görə də ikinci dəfə yaralandığım andan sonrakı müddəti xatırlaya bilmirəm".
Məlumat üçün bildirək ki, Əməkdar artist İsmayıl Atakişiyev 1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram kino aktyorluğu fakultəsində teatr rejissoru Vaqif İbrahimoğlunun kursunda təhsil alıb.
2004-cü ildən Bakı Bələdiyyə Teatrında çalışan aktyor teatrın repetuarında olan tamaşalarda maraqlı obrazlar silsiləsi yaradıb. O, "Bir ovuc torpaq" (II) (2013, bədii serial), "Tək olanda qorxma"... (2013-2015, bədii serial), "Cəhd" (2015, qısametrajlı bədii film), "Əli və Nino (2016, tammetrajlı bədii film), "Durnalar qayıdanda" (2014, bədii serialda polis) və s. serial və filmlərdə rəngarəng rollar oynayıb.
Əməkdar artist İsmayıl Atakişiyev 2019-cu ildə layihə rəhbəri, həm ssenari müəllifii olduğu "Məhəbbətə məglub" serialında əsas rollardan birini oynayıb. Müharibə veteranı, Zəfər, Ordunun 100 illiyi medallarına layiq görülüb.
Xəbər lenti
0