Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Xanın kəndi" necə Xankəndi şəhərinə çevrildi? Qarabağın ürəyinin həqiqi tarixçəsi

© Photo : Faiq İsmayılovXankəndi
Xankəndi - Sputnik Azərbaycan, 1920, 28.09.2023
Abunə olmaq
Tarixçi bildirib ki, ilk illər istirahət düşərgəsi olan, ancaq xanın ailəsi və yaxınlarının yaşadığı "Xanın kəndi" (Xankəndi), sonralar bu məntəqəyə sənətkarlar, taçirlər və digər peşə sahiblərinin köçürülməsi ilə böyüyərək yaşayış məntəqəsinə çevrilib.
BAKI, 28 sentyabr — Sputnik. Bir neçə gündür ki, sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri də Xankəndinin etimologiyasıdır. Hərə bir fikir irəli sürür. Bəs görsən, "Xankəndi" adının mənşəyidir nədir? Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovla Xankəndinin tarixi keçmişi, ermənilər tərəfindən başına gətirilən bəlalar və onun etimologiyası barədə danışdıq.
Tarixçi bildirir ki, Ermənistan rəhbərliyi həmişə birbaşa və ya dolayısı ilə Qarabağ İqtisadi rayonunun şimal hissəsinin ən böyük şəhəri olan Xankəndinin tarixən ermənilərə məxsusluğu ilə bağlı heç bir fakta əsaslanmayan yalan məlumat yayıblar. Araşdırmalar göstərir ki, keçən əsrin əvvəllərinə qədər, yəni 1920-ci ilə qədər Xankəndi şəhərində bir nəfər olsun belə erməni millətindən olan insan və ya insanlar yaşamayıblar:
"Ermənilərin özəlləşdirmə siyasətinin qurbanına çevrilən Qarabağın Xankəndi şəhəri digər Azərbaycan şəhərlərindən cavan olması ilə fərqlənir. Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında Qarabağ xanlarının ailələri üçün istirahət mərkəzi kimi istifadə olunub. Xankəndi istirahət mərkəzi xanlığın paytaxtı Pənahabadın (Şuşa şəhərinin) 10 kilometrliyində, Qarabağ dağ silsiləsinin şərq yamacında kiçik bir düzəndə yerləşib".
F.İsmayılov vurğulayır ki, ilk illər istirahət düşərgəsi olaraq ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında bura "Xanın kəndi" (Xankəndi) kimi tanınırdı. Lakin sonralar bu məntəqəyə sənətkarlar, tacirlər və digər peşə sahibləri də köçdüyündən, yaşayış məntəqəsinin miqyası kifayət qədər böyüyüb və genişlənib. Xankəndinin xanlıqlar dövründə 15 əsas məhəlləsi olsa da, 1918-20-ci illərə qədər bura bir qədər də böyüyüb. Nəticədə məhəllələrin sayı 37-yə çatıb. Xankəndi şəhər əhalisinə, Qara Hüseyn məscidi, Məcidli məscidi, Alış məscidi, Yaşıl məscid, Siyafur məscidi, İmam Əli məscidi, Xarrat usta Qulu məscidi, Ərminavan məscidi, Əyrıdam məscidi, Çaykənarı məscidi, Səmirabad məscidi, Sarı məscid, Biləndərli məscidi, Yurdyer məscidi, Böyük məscid, Mirzələr məscidi, Kiçik məscid adlı 17 məscid xidmət göstərmişdi.
Bundan başqa, Xankəndi şəhəri yaxınlığındakı qəbistanlıqlarda 17 türbə, Möminə Xatın və Otludərə məbədləri kimi möhtəşəm memarlıq abidələri və eləcə də Seyid Məhəmməd ocağı, Böyük Pir ziyarətgahı, Kərki ocağı, Qala piri, Xəlifə İbrahim Vəlullah ocağı kimi iman gətirilən inanc yerləri olub.
Xankəndi şəhərinin istər ilk salınan 15 əsas məhəlləsi - Mərkəzşəhər məhəlləsi, Seyid Məhəmməd məhəlləsi, Mahallı məhəlləsi, Məcidli məhəlləsi, Saatlı məhəlləsi, Yazarlarar və Tarzənlər məhəlləsi, Ağa məhəlləsi, Xanbağı məhəlləsi, Böyükbazar məhəlləsi, Tacirlər (Bazar) məhəlləsi, Yuxarı məhəllə, Aşağı məhəllə, Dağ məhəllə, Baiqar məhəlləsi, Üçyol Qurdları məhəlləsi, istərsədə sonradan salınan 22 məhəlləsinin adları içərisində heç bir erməni adına və toponiminə rast gəlinmir. Məsələn həmin məhəllələrin adları belədir: Məşədi Əsədulla məhəlləsi, Qayabaşı məhəlləsi, Zəngəzurlular məhəlləsi, Ozan məhəlləsi, Qala məhəlləsi, Təzə məhəllə, Çaparxanlı məhəlləsi, Xərratlar məhəlləsi, Orta məhəllə, Zadəganlar məhəlləsi, Qarqar (Çayqıraqlılar) məhəlləsi, Cüdürxan məhəlləsi, Alakeşlər məhəlləsi, Allahgərək məhəlləsi, Kotanqaya məhəlləsi, Böyük məhəllə, Kiçik məhəllə, Biləndərlilər məhəlləsi, Qabıcıq-Hökmavar məhəlləsi, Qoyqəşəm məhəlləsi, Poylu məhəlləsi, Şingədan məhəlləsi.
Beləliklə 1920-ci ilə qədər Xankəndi şəhərində yaşayan 1375 ailədən və təqribən 8 minə yaxın əhalidən bir nəfərinin belə erməni millətinə aid olmadığı açıq-aşkar görünür. 14 may 1805-ci ildə Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilənə qədər, indiki Xankəndi şəhəri, Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimin mülkü hesab olunurdu. Buradan belə bir nəticəyə gəlmək olur ki, indiki Xankəndi şəhərinin yerləşdiyi ərazi hansısa etnik qrupa, millətə deyil, bir azərbaycanlı xanıma aid mülk olub.
1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndidən də yan keçmədi. Tarixən azərbaycanlılara məxsus olan İrəvan xanlığı torpaqlarında ruslar tərəfindən məskunlaşdırılan ermənilər orada Ermənistan dövlətini elan etdilər.
Həmsöhbətimizin sözlərinə görə, bu hadisədən ruhlanan erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ bölgələrinə, ümumilikdə bütün Azərbaycan torpaqlarına qarşı ərazi iddiası etməyə başladılar. Erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları öldürürdülər. 1918–1920-ci illərdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu. AXC-nin süqutundan sonra ermənilərin Xankəndidə məskunlaşdırılmalarının sürəti artdı:
"Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" dekret qəbul etdi. Həmin dekretə əsasən Xankəndi DQMV-in mərkəzi (baş şəhəri) elan olundu. 1923-cü il sentyabrın birində bu şəhər 26 Bakı Komissarları Sovetinin başçısı, daşnak, əli çoxsaylı azərbaycanlıların qanına batmış Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı".
Müsahibimizin sözlərinə görə, Sovet dövrü müxtəlif şəhərlərdən Xankəndiyə köçürülən ermənilərin saylarının sürətlə artması yeni yaşayış evlərinin yaranmasına zərurət yaradırdı. Məhz bu da ermənilərin Xankəndi şəhərinin "yenidən qurulmas"ı planının işə düşməsinə səbəb oldu. Xankəndi şəhərinin "yenidən qurulması" zamanı köhnə yaşayış evlərini və inzibati binaları ermənilər "köhnəliyin" əlaməti kimi kütləvi şəkildə sökməyə başladılar:
"Xankəndi şəhərinin bəzəyi olan 37 məhəllə sökülərək ləğv edildi. Xankəndi şəhərindəki bütün tarix və mədəniyyət abidələri o cümlədən 15 məscid, 17 türbə, 5 ziyarətgah, 2 məbəd, 15 məhəllə qəbristanlıqları xüsusi vəhşiliklə dağıdılaraq məhv edildi. Qədim yaşayış evləri və inzibati binalar sökülərək yerində yeni üçmərtəbəli, beşmərtəbəli yaşayış evlər, Azərbaycanın mədəni irsinin xarabalıqları üzərində yeni parklar, restoranlar, qastronomlar, erməni separaçılarının liderlərinin şərəfinə monumental heykəllər, qurğular tikildi. Xankəndi şəhərində mədud sayda XVIII – XIX əsrə aid yaşayış evləri və inzibati binalar qalsa da onların da xarici interyerləri dəyişdirilərək tanınmaz hala salınıb".
Bununla belə, Faiq İsmayılov hesab edir ki, ermənilərin Qarabağ xanının əsasını qoyduğu Xankəndi şəhərindən azərbaycanlıların izini silmək cəhdləri özlərinə qalacaq. Azərbaycanlılar tezliklə öz doğma şəhərlərini əvvəlki tarixinə qaytaracaq, oranı Mehdiqulu xanın arvadı Pəricahan bəyimin şanına layiq güllü-gülüstana çevirəcəklər.
Xəbər lenti
0