Əsirlikdə keçən dəhşətli günlər: "Kaş şəhid, qazi olardıq, amma əsir deyil"
© Sputnik / Ilham MustafayevAmin Musayev
© Sputnik / Ilham Mustafayev
Abunə olmaq
İkinci Qarabağ Müharibəsində əsir düşən Mobil Əhmədzadə, Bayram Kərimov və Amin Musayev əsirlik həyatlarından, yaşadıqları dəhşətlərdən danışıblar.
BAKI, 27 sentyabr — Sputnik. Müharibənin minbir üzü var. Qələbə, həsrət, acı, göz yaşı, iztirab və s. Təəssüf ki, sağ-salamat qayıtmaq hər kəsin bəxtinə düşmür. Kimisi şəhid olur, kimisi qazi olaraq qayıdır. Müharibənin ən dəhşətli, şiddətli üzü isə əsirlikdir.
27 sentyabr - İkinci Qarabağ Müharibəsinin, qələbəmizin tarixinin yazılmağa başladığı bir günün ildönümüdür. Bu günü bizə qazandıran isə qəhrəmanlarımız olub. Sputnik Azərbaycan 27 sentyabr - Anım Günündə İkinci Qarabağ Müharibəsində erməni əsirliyində yaşayan üç qəhrəmanımızı yad edib.
© Sputnik / Ilham MustafayevAmin Musayev
Amin Musayev
© Sputnik / Ilham Mustafayev
Artıq bu tarixdən iki il ötüb. Əsirlikdən qayıdan şəxslərin də müəyyən qədər sağaldığını, yaralarının nisbətən yüngülləşdiyini zənn edirik. Amma qəhrəmanlarımız Mobil Əhmədzadə, Bayram Kərimov və Amin Musayev belə demir. Əslində ötən zamandır, əsir olmuş qəhrəmanlarımızın yaraları isə bu gün də göynəyir, sümükləri sızıldayır.
© Photo : courtesy of Bayram KerimovBayram Kərimov
Bayram Kərimov
© Photo : courtesy of Bayram Kerimov
35 gün əsirlik həyatı yaşayan, Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak edən 23 yaşlı qazimiz Mobil Əhmədzadə 2020-ci ilin sentyabrında II Qarabağ Müharibəsinə yollanmaq üçün Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini yarımçıq qoyub. Şuşa döyüşlərində ermənilərlə üz-üzə vuruşan qəhrəmanımız noyabrın 8-də, səhər saatlarında Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə tankdan atılan mərmilərdən ağır yaralanaraq əsir düşüb.
Noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə açılan atəş, tankın mərmisi onun bütün bədəninə dolub: "Qolumdan qəlpə yarası aldım. Yaram ağır idi, burnumdan da qan gəlirdi deyə, huşumu itirib yıxıldım. Beş gün bu vəziyyətdə oldum, demək olar ki, gündə iki dəfə qısa müddətlik gözümü açıb bağlayırdım. Beləcə, 5 gün ac-susuz meşədə qaldım. Qan itkim hər gün daha da çoxalırdı. Sonradan isə düşmən tərəfindən əsir götürüldüm".
© Sputnik / Ilham MustafayevAmin Musayev
Amin Musayev
© Sputnik / Ilham Mustafayev
Mobil Əhmədzadə ermənilər tərəfindən necə əsir götürülməsindən xəbərsiz olub. İlk dəfə ayılanda təcili tibbi yardım avtomobilində olduğunu anlayıb:
"Harada olduğumu, hara getdiyimi bilmirdim, halsızlıqdan bədənimi tərpədə bilmirdim. Başımı sağa çevirib "su" deyəndə başımdan vurdular. Onda artıq harada olduğumu anladım. Bir də ayıldım ki, artıq İrəvandayam. Onlar pəncərəni açaraq mənə dedilər ki, bax, bura İrəvandır. Ayaqlarım amputasiya olunmuşdu, əllərim isə bağlanmışdı. Erməni həkim və hərbçilər başımın üzərində dayanmışdı. Orada çox işgəncələrə məruz qaldım. Spirti şprislə ayağıma, barmaqlarıma vururdular", - deyə həmsöhbətimiz əlavə edir.
O qədər ağır işgəncələr yaşamışdı ki, qəlpə yarasından topuğunun bir hissəsinin olmamasını belə hiss etməmişdi. Əsirlik həyatında onun əllərini, barmaqlarımi kəlbətinlə sıxır, barmaqlarnmın, dabanının belə dərisini soyurdular.
Mobil Əhmədzadənin yaddaşında ən ağır izlər buraxan isə reanimasiyada yaşadığı günləri idi: "Halsız idim, əllərim bağlı vəziyyətdə idi. Həkimlər, hərbçilər mənə işgəncə verirdilər. İşgəncələrinə heç bir reaksiya vermirdim, qışqırmırdım da. Reanimasiyada qaldığım 4 gündə mənə yemək də vermədilər. Artıq bu vəziyyətimlə barışmışdım. Onların düşməni idim, əllərinə düşmüşdüm, bilirdim ki, mənə istədiklərini edə bilərlər. Hər şeyi axarına buraxmışdım ki, nə olur olsun".
Əsirlik həyatı yaşadığım üçün yaralanmaq, döyüşlər, döyüşlərin çətinliyi, dağda-meşədə döyüşmək ona adi gəlir.
Dörd gün reanimasiyada yatdıqdan sonra onu əsirlər üçün nəzərdə tutulan həbsxanaya yerləşdirirlər:
"Qırmızı Xaç Komitəsindən gəlmişdilər. Mənə işgəncə versələr də, məktubda hər şey yaxşıdır, özümü yaxşı hiss edirəm, yazmalı oldum. Məktubda artıq Qarabağ qazisi olduğumu da vurğuladım. Məktub bir gün sonra, dekabrın 8-də artıq Azərbaycana çatmışdı".
Telefonun o başından hıçqırıq, ağlamaq səsi gəlirdi
Oğlundan xəbər olmadığı üçün anasına Mobilin sağ-salamat olduğu, sadəcə Şuşada dağda olduğu üçün danışmaq imkanının olmadığı deyilibmiş:
"Artıq dekabrın 8-i məktubu əldə etdikdən sonra atam, qohum-əqrəbalarım yaşadığımı öyrəndi. Noyabrın 8-dən dekabrın 8-dək heç bir xəbər olmadığına görə məni şəhid bildikləri üçün morq-morq gəzib axtarırdılar. Tanınmayan meyitlərə görə onlardan DNT analizləri götürülürdü. Bir xəbər-ətər olmadığı üçün artıq evdə yas məclisinə hazırlıq işləri də görülmüşdü. Dekabrın 14-də telefonu verdilər ki, ailənə zəng et, de ki, artıq Bakıdayam. Telefonun o başından isə hıçqırıq, ağlamaq səsi gəlirdi".
Bu günlərdə informasiya blokadasında olan həmsöhbətimiz müharibənin bitib-bitməməsindən də xəbərsiz olub. O, dekabrın 14-də gözləri bağlı şəkildə digər əsirlərlə birgə həbsxanadan çıxarılıb, lakin onlara hara aparıldıqları ilə bağlı heç bir məlumat verilməyib:
"Təyyarəyə minəndə düşündüm ki, bizi ya Rusiyaya, ya da İrana aparacaqlar. Azərbaycana çatdığımızdan xəbərsiz idik. Bizi təyyarədən endirmək üçün salona daxil olanlardan harada olduğumuzu soruşduq. Düzü, onlar maskalı idi deyə tam simalarındakı mimikanı görə bilməsəm də, gözlərindən böyük sevinc oxuyurdum. Onlar "vətəndəsiniz" deyib bizi salamladılar. Təyyarədən düşüb təcili tibbi yardım maşına mindik. Onda, dekabrın 14-də bildik ki, qələbə qazanmışıq. Artıq pəncərəni açıb Bakının, vətənin qoxusunu ciyərimə çəkdim. Karantin müddəti başa çatdıqdan sonra, dekabrın 30-da evə gəldim".
© Photo : courtesy of Bayram KerimovBayram Kərimov
Bayram Kərimov
© Photo : courtesy of Bayram Kerimov
Əsirlik həyatı yaşasa da, o heç bir psixoloji travmasının olmadığını deyir.
Qeyd edək ki, həmsöhbətimiz Mobil Əhmədzadənin sağ qolunda, sol ayağında, sağ tərəfində qəlpə var, bir ayağı amputasiya olunub. Bədənində isə iki qəlpə var. Sol ayağının dabanında isə hissiyat yoxdur, istini, soyuğu, ayağının altını hiss etmir. O, müharibə üçün məhdud yararlı hesab edilir.
Əsirlik həyatı yaşayan digər həmsöhbətimiz Amin Musayev marketdə işləyərkən, sentyabrın 29-da səhər tezdən ona səfərbərlik xidmətindən zəng gəlir ki, günorta hərbi hissədə olsun. Böyük sevinc hiss, yüksək əhval-ruhiyyə ilə müharibəyə yollanan Amin Musayevin ən böyük arzusu Şuşada döyüşmək idi:
"Daşaltı əməliyyatında, Xankəndinin girəcəyində döyüşlərdə iştirak etdim. Mühasirəyə alınmışdıq. Bizə tankdan, minamyotdan atəş açırdılar. Həmin anda güllə yarası aldım, huşum özümdən getdi. Ayılanda gördüm ki, axşamdır, atəş dayanıb, yanımdakı döyüş yoldaşlarımdan şəhid olanlar var. Orada başımı şəhid döyüş yoldaşımını çiyninə qoyub üç gün yatdım. Noyabrın 11-də səhər saatlarında artıq ermənilərin gəldiyini gördüm. Onlar da məni görmüşdü. Bir də gördüm ki, kimsə məni arxadan tutdu. Əlimlə ona ayağımın yaralı olduğunu göstərdim. Həmin əsgər məni təpədən sürütləyərək atdı".
© Photo : courtesy of Bayram KerimovBayram Kərimov
Bayram Kərimov
© Photo : courtesy of Bayram Kerimov
Bu anda Amin beynində hər şeyin sonu olduğunu düşünüb: "Başa düşürdüm ki, artıq ölümə gedirəm. Növbəti dəfə gözümü İrəvanda - xəstəxanada açdım. Artıq noyabrın 14-ü idi".
İnsanı yaşadan ümid olur. Elə Amini yaşadan da ümid olub. Ağrı-acılarla yanaşı onu həm də anasının onunla bağlı düşüncələri narahat edib:
"Həmişə düşünürdüm ki, görəsən anamın əsir düşməyimdən xəbəri var? Həbsxanada ikən Qırmızı Xaç Komitəsi ailəmdən məktub gətirmişdi. Ailəmə ünvanladığım məktubda yalan da olsa hər şeyin yaxşı olduğunu yazdım. Çünki yazdığım məktub həbsxana rəhbəri tərəfindən oxunacaq idi. Əks bir şey yazsaydım, mənə işgəncələr daha da artacaqdı".
© Sputnik / Ilham MustafayevAmin Musayev
Amin Musayev
© Sputnik / Ilham Mustafayev
Amin Musayev işgəncələr haqda bacardığı qədər danışmamağa üstünlük verir.
O deyir ki, işgəncələr haqda bunadək də danışmayıb:
"Qısaca onu deyə bilərəm ki, ermənilər boynuma qaynar su töküb yandırdılar. İşgəncələrin nəticəsidir ki, sol bud nahiyəmdəki sümükdə bitişmə prosesi getmir. İki ildir, müalicə alıram, əməliyyat olunsam da, heç bir irəliləyiş yoxdur. Sonuncu dəfə 2 ay öncə əməliyyat olundum. Başımda da böyük probemlər qalıb. Həddindən artıq əsəbiyəm. Hamı üçün əhəmiyyətsiz görünən xırda bir şeyə də əsəbləşirəm".
"Həmişə deyirəm ki, kaş şəhid olardım, əsir olmazdım. Allah heç bir bəndəsini əsirlik və su ilə sınamasın. Üç gün susuz qaldım, susuzluğun nə olduğunu çox yaxşı bilirəm", - deyə o, əlavə edib.
Əsirliyin son günü
Amin Musayev deyir ki, bir gün səhər tezdən gəlib sarğılarını dəyişib, əyinlərini geyindirib, gözlərini bağlayıblar. Nə üçün belə edildiyini, nələrin baş verəcəyincən, yaxud da artıq baş verdiyindən tamamilə xəbərsiz idilər. Aldığı bir xəbər isə onda ümidi daha da alovlandırdı. Amma o buna inana da bilmirdi:
"Helikopterdə bir rus mənə Bakıya getdiyimizi desə də, inanmağım gəlmədi, çox qəribə olmuşdum. Bakıda hava limanın enəndə, doğma azərbaycanlıları gördükdə artıq hər şeyin real olduğunu anladım. Məncə heç bir zaman bu sevinc hissini hansısa cümlələrlə ifadə edə bilməyəcəyəm".
Anam qocalmışdı
Bu iztirablı günlər 28 yaşlı Amin Musayevin anasının səhhətinə də təsirsiz ötüşməyib. Bala iztirabı yaşayan, balası üçün yollarda qalan ana əvvəlki kimi deyildi, beli bükülmüşdü, rəngi solmuşdu, başı ağarmışdı:
"Dekabrın 31-də xəstəxanadan evə yollandıq. Anam döyüşə qoyub getdiyim kimi deyildi, çox qocalmışdı, başı ağarmışdı, çox bitkin bir halda idi".
Bu qədər çətinliklərə, iztirablara baxmayaraq, Amin Musayev müharibədə vuruşmaqdan heç də peşman deyil. O, müharibədə döyüşdüyü üçün qürur hissi ilə yaşayır: "Vətən üçün hər şeyə dəyər".
Ən dəhşətli işgəncələr haqda isə Bayram Kərimov danışır. O, döyüşə yollanmaq üçün könüllü olaraq səfərbərlik xidmətinə müraciət edib. 27 günlük təlimdən sonra Füzuliyə, oradan da Şuşa-Xankəndi istiqamətinə gedərək döyüşlərə qatılıb:
"Xankəndi istiqamətində gedən ağır döyüşlərdə yaralandım, 3 gün neytral ərazidə qaldım. Qanaxmadan huşumu itirdiyim üçün əsir düşdüyümü bilmirdim. Bir də ayıldım ki, artıq Ermənistandayam".
© Sputnik / Ilham MustafayevAmin Musayev
Amin Musayev
© Sputnik / Ilham Mustafayev
Ermənilər azərbaycanlı əsiri narkozsuz əməliyyat etdilər
B.Kərimov deyir ki, ona əsirlik həyatında dəhşətli işgəncələr verdilər, narkozsuz əməliyyat edib qarnına simlə 18 tikiş ataraq güllə çıxardıblar, bağırsağını kəsib yenidən tikiblər:
"Səsim Allahın yanına çatırdı bağırmaqdan. Əməliyyatdan iki gün öncə isə damarıma benzin yeritmişdilər. Əslində məni öldürmək istəyirdilər. Lakin sonradan necəsə fikirlərini dəyişdilər. Səkkiz gün reanimasiyada ikən guya həm məni "müalicə" eləyirdilər, həm də işgəncə verirdilər. Bədənim benzindən şişmişdi. Sonra da bir dəri, bir sümük oldum.Dərimi qabıq basdı. Qabıqların yarısını ermənilər işgəncə verərək, qayçını götürüb yarama salaraq təmizlədilər. Hər dəfə deşib yaramı təmizləyirdilər. Şpirisə spirt doldurub qolumuza, ayağımıza yeridirdilər. Yaxud da şiprisin iynəsi ilə ayağımızı, qolumuzu cırırdılar. Barmaqarı ilə gözlərimi çıxartmaq istəyirdilər. Əlimiz, qolumuz qandallı olduğu üçün heç bir şey edə bilmirdik. Kəlbətinlə sol ayağımdakı dırnağımı çıxarıb sonra qanım axa-axa tokla yandırdılar. İndi də sol ayağımda iki barmağımın dırnağı yoxdur. Bakıya 10 gün də gec gəlsəydim, iki barmağımı amputasiya edəcəkdilər".
Sağ əli işləmədiyi üçün Bayram digər əsirlərdən fərqli olaraq ailəsinə məktub yaza bilmir, sadəcə olaraq Qırmızı Xaç Cəmiyyətinə deyir ki, doğmalarına yaxşı olduğu çatdırılsın.
Onun sözlərinə görə, Bakıya gələnədək Azərbaycanın bu müharibədə qələbə qazanmasından xəbərsiz olub: "Çox vaxt ermənilər bizə gəlib deyirdilər ki, hazırlaşın Gəncəyə gedirik, Gəncəni almışıq, sizi oradakı həbsxanaya yerləşdirəcəyik. Ailəm də Gəncədən idi. Bir anda düşünürdüm ki, bəs anam-bacım, ailəm, uşağım, orada yaşayanlar necə oldu, onların başına nə iş gətirildi".
Əsirliyin sağalmaz izləri
Həmsöhbətimizin sağ çanağı yox vəziyyətindədir, sağ qolunda taqət yoxdur. Bayram Kərimov 30 gündən çox əsirlik həyatı yaşadığı üçün bu dəhşətli günlərin izləri hələ də bədənindədir. Tokla yanan yerlərin, vurulan o şprislərin izləri hələ də onun bədənində qalıb:
© Photo : courtesy of Bayram KerimovBayram Kərimov
Bayram Kərimov
© Photo : courtesy of Bayram Kerimov
"Kaş şəhid olardım, ya da ki, qazi. Əlimi, ayağımı itirərdim, amma əsir olmazdım".
İki il ötməsinə baxmayaraq, qəhrəmanımız iynədən asılı vəziyyətdə yaşayır: "Bu gün iynə ilə yaşayıram. Tez-tez ağrılarım olduğu üçün ağrıkəsici vururam. Ermənilər məni o qədər döyümüşdülər ki, sümüklərim hələ də ağrayır, sızıldayır. Əsrilikdə aldığım psixoloji travma hələ də qalıb. Ömür boyu bu travma ilə yaşayacağam".
Kərimov sonuncu dəfə nə vaxt normal yatdığını da xatırlamır. Gün ərzində 2 saat yata bilir. Bəzən isə yatdıqda əsirliyin dəhşətli anlarını yenidən yaşamış olur: "O dəhşətli anları yuxuda görəndə tər-su içində ayılıram".
Onun dövlətdən narazılığı yoxdur, müalicələrinin vaxtı-vaxtında edildiyini deyir: "Sadəcə, mümkünsüz olan şeylər var. Elə şeylər ki, onu sağaltmaq mümkün deyil, dırnaq kimi".
Bütün çətinliklərə rəğmən, Bayram Kərimov deyir ki, ana-bacılar, vətən üçün hər şeyə dəyər.
Qeyd edək ki, erməni vəhşiliyinin qurbanı olan, əsirlik həyatı yaşayan qəhrəmanlarımızın anaları da o dövrdə yaşadıqları stressə görə günü bu gün də müalicələrini davam etdirirlər.
İkinci Qarabağ müharibəsində də nə qədər ananın beli büküldü, nə qədər ana övladının yolunu gözləyə qaldı, nə qədər ana-ata qara torpağı bağrına basdı. 2908 evə atəş düşdü, nə qədər atanın bağrı çatladı, nə qədər evdə körpə qığıltısı kəsildi...
Amma vətən uğrunda döyüşən qəhrəmanlarımız öz qanları ilə Azərbaycan tarixini yenidən yazdılar. 8 Noyabr - Azərbaycanın Zəfər günü kimi tarixə düşdü.