CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Arıqlama həb və çayları bağırsaq xərçəngi yaradır: Məşhur dietoloq həyəcan təbili çaldı

© Photo : Fotolia / StokketeQız soyuducudan meyvə götürür
Qız soyuducudan meyvə götürür - Sputnik Azərbaycan, 1920, 26.09.2023
Abunə olmaq
Tutu Zeynalova bildirib ki, arıqlamaq üçün reklam olunan həb və çaylar çıxış yolu olsaydı, əsrimizin piylənmə problemi aradan qalxardı.
BAKI, 26 sentyabr — Sputnik. Millət vəkili Qənirə Paşayevanın səhhətində yaranmış problemdən sonra sosial platformada arıqlama dərmanlarının insan səhhəti üçün zərərləri ciddi müzakirə mövzusuna çevrilib. Azərbaycanda arıqlamaq üçün həblərin, çay və qəhvələrin reklamının sürətlə artması ictimaiyyətin də narahatlığına səbəb olub.
Dietoloq Tutu Zeynalova Sputnik Azərbaycan-a müsahibəsində artıq çəkidən xilas olmaq üçün istifadə edilən həb və çayların zərərlərindən söz açıb.
© Photo : Courtesy of Tutu ZeynalovaDietoloq Tutu Zeynalova
Dietoloq Tutu Zeynalova - Sputnik Azərbaycan, 1920, 25.09.2023
Dietoloq Tutu Zeynalova
- Tutu xanım, arıqlamaq üçün istifadə edilən həb və çayların təhlükəli olduğu barədə iddialar səslənsə də, onların həm reklamı, həmçinin də satış şəbəkəsi günü-gündən böyüyür. Hətta məşhurlar belə arıqlama preparatlarının təbliğinə yönələn reklam çarxlarında yer alırlar. Bu cür preparatların, çay və qəhvələrin hansı zərərləri var?
- Artıq çəkidən xilas olmaq üçün bu cür vasitələrdən istifadə tövsiyyə olunmur. Çox təəssüf ki, artıq çəkisi olan insanlar qısa zamanda bunun həlli yolunu axtarır, bu zaman da sosial platformada, televiziyada qarşılarına çıxan reklamalara aldanaraq o həbləri, çay və kofeləri alaraq qəbul edirlər. Nəticədə səhhətlərində problemlər yaranır. Çünki, arıqlamaq üçün reklam olunan həblər mərkəzi sinir sisteminə təsir edərək aclıq hissini aradan qaldırırlar.
Artıq çəkidən xilas olmaq üçün reklam olunan çaylar isə bağırsaqları işlədərək onların tez boşalmasına səbəb olurlar. El arasında buna qarını işlətmək deyirlər. Bu çayları qəbul edən insanlar tərəziyə çıxdıqda çəkilərinin azaldığını görərək sevinirlər. Amma bilmirlər ki, itirilmiş çəki bağırsaqdan çıxan möhtəviyyatın sayəsində baş verib. Əslində orqanizmdən itirilən su və əzələ olur, yağdan isə çəki getmir. Nəzərə almaq lazımdır ki, qidalardan aldığımız vitaminlər bağırsaqda mənimsənir. Bağırsağın işi sürətləndikcə, orqanizm bu vitamin və mineralları mənimsəmir. Bu zaman orqanizmdə vitamin və mineral çatışmazlığı yaranır. Saçlar tökülür, menustral tsikl pozulur, əsəblər korlanır, ürək çırpıntısı artır. Hətta bu cür həb və çayları qəbul edənlərdə qıcolmalar yaranır. Bunun səbəbi bədəndən bütün mineral və vitaminlərin yuyulub getməsi ilə bağlıdır. İnsan normal qidalanmadığından əzələ itirir.
İnsan orqanizminin ən böyük əzələli orqanı isə ürəkdir. Ürək əzələsi zəiflədiyindən qan dövranı pozulur. Bu da ciddi problemlərə, aybaşı pozğunluğu, yuxusuzluq, hipertoniya və sair xəstəliklərə səbəb olur. Arıqlamaq üçün istifadə edilən çay və həblər bağırsaq xərçənginin belə yaranmasına səbəb olur. Bağırsaq mikroflorasını pozduğu üçün autoimmun xəstəliklərin yaranma ehtimalını da artırır. Bütün bunlardan əlavə az sonra itirilmiş çəki də geri qayıdır. İnsanlar anlamalıdırlar ki, arıqlamaq üçün reklam olunan həb və çaylar çıxış yolu olsaydı, əsrimizin piylənmə problemi aradan qalxardı.
- Bəs artıq çəki problemindən sağlamlığa zərər vurmadan necə xilas olmaq olar?
- Əgər bir insanda piylənmə varsa, ilk növbədə bunun səbəbi araşdırılmalıdır. Bu sualın cavabını tapmadan heç bir müalicə effekt verməyəcək. Köklükdən əziyyət çəkən şəxslər öncə müxtəlif müayinələrdən keçməlidirlər. Ehtiyac olarsa, həkim tərəfindən müalicə yazılmalıdır. Düşünürəm ki, arıqlama dərmanları üçün xərclənən bu vəsaiti yığıb, müayinədən keçib, problemin səbəbini araşdırmaq daha düzgündür.
- Bu gün üzdə olan insanlar, məşhurlar bu cür həb və çayların vasitəsilə qısa müddətdə artıq çəkidən xilas olduqlarını reklam edirlər. Onlar doğurdanmı bu cür vasitələrlə arıqlayırlar?
- Təəssüf ki, belə həb və çayların reklamında məşhur insanlardan istifadə edilir. Onların mütləq əksəriyyəti mədəkiçiltmə əməliyyatı etdirsə də, hansısa həbi və çayı reklam edərək insanları onların vasitəsilə arıqladığına inandırmağa çalışırlar.
-Tutu xanım, bəs arıqlamaq üçün mədəkiçiltmə əməliyyatı effektlidirmi? Mədəkiçiltmə əməliyyatından sonra kökəlmək ehtimalı varmı?
- Mədəkiçilmə əməliyyatı artıq çəkidən xilas olmaq üçün ən son yoldur. Əgər pasiyentin çəkisi həddindən çoxdursa, dəfələrlə arıqlamağa cəhd etməsinə baxmayaraq artıq çəkidən xilas ola bilmirsə, üstəlik itirilmiş çəki geri qayıdırsa, bu zaman mədəkiçiltmə əməliyyatına müraciət edə bilər. Amma bəzən bu əməliyyatdan sonra da pasiyentlər yenidən artıq çəki problemindən əziyyət çəkirlər. Ona görə də mədəkiçiltmə əməliyyatından sonra da qidalanmaya əməl edilməlidir. Mədə kiçiltdikdən sonra orqanizmə az qida qəbul edildiyindən, vitamin, mineral çatışmazlığı yaranır. Ona görə xəstələr vitamin və minerallar qəbul etməlidirlər. İnsanlar bu əməliyyatdan sonra qidalanmaya riayət etməli, idmanı həyat tərzinə çevirməlidirlər. Fasd-food qidalanmadan uzaqlaşmalıdırlar.
- Arıqlamaq üçün reklam olunan həblərin, çay və kofelərin reklamında ən cəlbedici məqam qısa müddətdə əhəmiyyətli çəki itkisidir. Tibbi göstərişlərə əsasən bir insan həftədə nə qədər çəki itirə bilər?
- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokoluna əsasən həftədə 500-800 qramdan artıq arıqlamaq tövsiyyə edilmir. Həm də itirilmiş çəki bədəndəki yağlardan getməlidir. Əzələ və su hesabına çəki itirilməsi düzgün deyil.
- Sağlam arıqlmağa nədən başlamaq düzgündür? İdmandan, yoxsa qidanı azaltmaqdan?
- Sağlam arıqlamaq üçün insanlar müayinədən keçməli, orqanizmdə vitamin çatışmazlığı, insilun dirəncinin olub-olmadığı, trioid problemləri araşdırılmalıdır. Bundan sonra həkim tərəfindən müalicə yazılaraq dieta tətbiq edilir, həyat tərzi dəyişdirilir.
Xəbər lenti
0