Qərbi Azərbaycan İcması Litva və Estoniya XİN-nin bəyanatlarını pisləyib
© Photo : AZERTAGQərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası
© Photo : AZERTAG
Abunə olmaq
Məlumatda vurğulanır ki, Estoniya öz ərazisində sıxışdırdığı etnik azlığın hüquqlarını qorumalı, onları qanunsuz olaraq vətəndaşlıqdan məhrum etməməli və inteqrasiya məqsədilə həmin icma ilə dialoq aparmalıdır.
BAKI, 20 sentyabr — Sputnik. "Estoniyanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün heç bir mənəvi hüququ yoxdur". Bu barədə Qərbi Azərbaycan İcmasının Estoniya Xarici İşlər Nazirliyinin bəyanatı ilə bağlı yaydığı məlumatda qeyd edilib.
"Estoniya öz ərazisində sıxışdırdığı etnik azlığın hüquqlarını qorumalı, onları qanunsuz olaraq vətəndaşlıqdan məhrum etməməli və inteqrasiya məqsədilə həmin icma ilə dialoq aparmalıdır", - məlumatda vurğulanır.
Qərbi Azərbaycan İcması Litvanın xarici işlər nazirinin bəyanatını da pisləyib.
Məlumatda deyilib ki, Qərbi Azərbaycan İcması Litvanın xarici işlər nazirinin bəyanatını qətiyyətlə rədd edir:
"İlk öncə vurğulamaq istərdik ki, Litvanın Azərbaycanın daxili işlərinə müdaxilə etməyə heç bir haqqı yoxdur. Hər bir ölkə açıqlamalarında məsuliyyətli olmalı, özünü gülünc vəziyyətə salmamalıdır. Litva xüsusən Vətən müharibəsindən bəri davamlı olaraq anti-Azərbaycan mövqeyi sərgiləyir. Bir neçə il öncə Litva diplomatlarının Ermənistan-Azərbaycan münaqişəsində məhz xristian olduqları üçün erməniləri dəstəkləməyin vacib olması barədə internetdə yayılmış səs yazıları Litva diplomatiyası üçün utanc olmalıdır. Bu, Ermənistanın Azərbaycan ərazilərini işğalının, öz ərazisindən və vaxtilə işğal edilmiş ərazilərdən yüz minlərlə azərbaycanlını qovmasının Litva tərəfindən nə üçün heç vaxt pislənilməməsinin əsl səbəblərini aydın izah edir".
"Litva öz ərazisində sıxışdırdığı etnik azlığın hüquqlarını qorumalı və inteqrasiya məqsədilə onlarla dialoq aparmalıdır"-, deyə İcmanın məlumatında deyilir.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.