NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin qiyməti yüz dolları keçdi: Bahalaşmanın səbəbi nədir?

© AP Photo / David ZalubowskiНефтяные качалки
Нефтяные качалки  - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Abunə olmaq
Neft bazarı aparıcı neft istehsalçıları olan Səudiyyə Ərəbistanı və Rusiyadan gələn tədarük məhdudiyyətləri ilə üçüncü həftədir ki, qazanc əldə edir.
BAKI, 15 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətlərinin artımı davam edir.
Hasilatın azalacağı narahatlığı, Çində açıqlanan müsbət iqtisadi göstəricilər neftin bahalaşmasına səbəb olub. Çində rekord neft istehlakı ilə bağlı hesabatlar tələbin artmağa davam edəcəyi fikrini gücləndirib.
"Brent" markalı neft 62 sent artaraq 94,32 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 71 sent artaraq 90,87 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 1,80 dollar qalxaraq 100,53 dollar təşkil edib.
Neft bazarı aparıcı neft istehsalçıları olan Səudiyyə Ərəbistanı və Rusiyadan gələn tədarük məhdudiyyətləri ilə üçüncü həftədir ki, qazanc əldə edir.
Bu həftənin əvvəlində həm Beynəlxalq Enerji Agentliyi həm də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. Bu xəbərdarlıqlar neft qiymətlərinin son artımında mühüm rol oynayıb və neft ötən cümə günündən bəri 3,6% bahalaşıb.
Digər tərəfdən, avqust ayında Çində sənaye istehsalı və pərakəndə satışlar gözləniləndən daha sürətlə artıb və bu, iqtisadiyyatın pandemiyadan sonra gücləndiyini göstərir. Bu da neftin qiymətinin artımına dəstək verib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xəbər lenti
0