Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev Azərbaycanın yəhudi icmasına və İsxak Hersoqa təbrik məktubu ünvanlayıb

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və İsxak Hersoqa
İlham Əliyev və İsxak Hersoqa - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Məktubda deyilir ki, Azərbaycanda tarixən olduğu kimi, bu gün də yüksək birgəyaşayış mədəniyyəti, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür.
BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Hörmətli həmvətənlər!
Sizi – Azərbaycanın yəhudi icmasını yeni il bayramınız Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda tarixən olduğu kimi, bu gün də yüksək birgəyaşayış mədəniyyəti, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür. Müasir demokratik prinsiplər əsasında insan hüquq və azadlıqlarının təminatı, etnik azlıqların dil və mədəniyyətinin qorunub saxlanılması, multikultural dəyərlərin və tolerantlıq ənənələrinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
Etnomədəni rəngarəngliyi ilə seçilən ölkəmizdə yüz illərdir məskunlaşan və Azərbaycanı özünə doğma vətən bilən yəhudi icması sülh, əmin-amanlıq şəraitində yaşayaraq heç vaxt antisemitizmə, ayrı-seçkiliyə məruz qalmamış, cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrilmişdir. Əlamətdar haldır ki, yəhudi əsilli vətəndaşlarımız respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir, ümumi evimiz olan Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmirlər.
Əziz dostlar!
Roş ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!".
Bundan başqa, Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Hörmətli cənab Prezident,
Sizi və Sizin simanızda dost İsrail xalqını qarşıdan gələn yəhudi yeni ili – Roş ha-Şana bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
İnsanlara yeni ruh gətirən, gələcəyə dair yeni ümidlər bəxş edən bu nurlu bayramın Sizə və ailənizə, dost xalqınıza və ölkənizə xoş günlər, əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət bəxş etməsini diləyirəm.
Əminəm ki, milli-mənəvi dəyərlərini daim uca tutan xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0