CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalanda vahiməli vəziyyət yaranıb - Deputat

© Sputnik / Elvin AhmadXırdalan
Xırdalan - Sputnik Azərbaycan, 1920, 13.09.2023
Abunə olmaq
Memar Cahid Həsənov bildirib ki, xaos səbəbindən Xırdalanın girişindən sonuna gedib çıxmaq olmur.
BAKI, 13 sentyabr — Sputnik. "Xırdalan relyefi baxımından bu qədər yükü götürəcək şəhər deyil. Artıq Xırdalanın içərisində hərəkət etmək vahiməli vəziyyət yaradıb".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib. O, Abşeronda əhali sayının günü-gündən artmasının təhlükəli həddə çatdığını söyləyib.
Qeyd edək ki, 2019-cu ilin siyahıyaalmasına əsasən, Abşeron rayonunda daimi yaşayan şəhər əhalisinin sayı 316 min nəfərə çatıb. 2009-cu ildə keçirilən əhalinin siyahıyaalmasının nəticələrinə əsasən, Abşeron rayonunun şəhər əhalisinin sayı 157 min nəfər idi. On il ərzində rayonun şəhər əhalisinin sayı 159 min nəfər, yəni 2 dəfədən çox artıb. Abşeron rayonunun şəhər əhalisi dedikdə Xırdalan şəhəri və qəsəbələrin əhali sayı nəzərdə tutulur.
Abşeron rayonunda şəhər əhalisinin ən çox hissəsi Xırdalanda yaşayır. Xırdalanın əhali sayı 2022-ci ilin sonuna aid olan məlumata əsasən, 195 min nəfəri ötüb. Rayonda şəhər əhalisinin sayının kəskin artması hesabına Abşeron rayonunun daimi əhalisinin sayı 238 min nəfər artaraq 428 min olub. Nəticədə rayon əhali sayına görə Sumqayıt şəhərini ötərək Bakıdan sonra ikinci ən böyük yaşayış məntəqəsinə çevrilib. Hazırda rayonun inzibati mərkəzi olan Xırdalan şəhəri əhali sayına görə Azərbaycanın dördüncü ən böyük şəhəridir.
Deputat bildirib ki, bu, ciddi urbanizasiya problemidir. Onun sözlərinə görə, plansız gecəqonduların tikintisi ciddi problemlər yaradır.
F.Mustafa o qənaətdədir ki, bu gün paytaxtda tıxac problemini də məhz bu amil yaradır:

"Biz hələ uzun illər bu problemin qarşısını ala bilməyəcəyik. Xırdalan relyef baxımından bu qədər yükü götürəcək şəhər deyil. Xırdalanın içərisində hərəkət etmək vahiməli vəziyyət yaradıb. Ensiz yollar, pis infrastruktur yaxşı heç nə vəd etmir. Ən acınacaqlı tərəfi isə odur ki, bu problemlər üzərində ciddi iş aparılmır".

Memar Cahid Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Abşeronda əhalinin say artımı sürətlə davam edir. Regionlardan Xırdalan şəhərinə kütləvi axın var. Ona görə də, Xırdalanın girişindən sonuna gedib çıxmaq olmur.
"AAFF park" adlanan böyük yaşayış kompleksinin inşasından sonra bu şəhərdə kütləvi məskinlaşma tıxaca səbəb oldu. Çünki, bir ensiz yol bu qədər əhalini daşımağa hesablanmamışdı. Plansız urbanizasiya ilk növbədə zərbəni yollara vurur. Şəhərsalma memarları bu işə cəlb olunmadığından, Xırdalanda sözügedən problem yaranıb. Əslində Abşeronda əhali sayı artsa da, düzgün şəhərsalma işləri aparılsaydı, bu problem yaranmazdı" - deyə C.Həsənov fikrini yekunlaşdırıb.
Xəbər lenti
0