Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fermerlərə veriləcək subsidiyaların məbləği məlum olub - DETALLAR+Video

© AFP 2024 / FRANCOIS LO PRESTIFermer
Fermer - Sputnik Azərbaycan, 1920, 13.09.2023
Abunə olmaq
Ekspert deyir ki, fermerlər əsasən tez məhsul verən bitkiləri - badam, gilas, nektarin və s. əkməyə həvəs göstərirlər. Ona görə də dövlət bu məsələni tənzimləməyə çalışır və gec məhsul verən bitkilərə marağı artırmaq üçün birdəfəlik subsidiyalar verir.
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycanda gələn il üçün bitkiçilik sahəsi üzrə subsidiyaların məbləği məlum olub.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, Aqrar Subsidiya Şurası 2024-cü il üçün bitkiçilik sahəsində subsidiyaların məbləği ilə bağlı qərar qəbul edib və qərara əsasən, baza məbləği 200 manat götürülüb. Baza məbləği deyəndə bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti nəzərdə tutulur.
Hansı bitkilər üzrə subsidiya artırılıb?
Nazirlikdən bildiriblər ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltiyin əsas əkinlərinə görə hər hektara əkin subsidiyası 360 manatdan 380 manata, yoncaya görə 50 manatdan 70 manata, giləmeyvələrə görə isə 230 manatdan 240 manata qədər artırılıb.
Eyni zamanda Aqrar Subsidiya Şurasının qərarına əsasən:
-Ağdam, Ağsu, Cəlilabad, Cəbrayıl, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Tovuz, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə salınan üzüm bağalarının hər hektarına görə 8000 manat məbləğində əkin subsidiyası veriləcək.
-2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınan intensiv zeytun bağlarının hər hektarına görə 5600 manat, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağlarının hər hektarına görə 5000 manat məbləğində əkin subsidiyası ödəniləcək.
-2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan hər hektar intensiv limon bağlarına görə 11600 manat, intensiv naringi və portağal bağlarına görə 9600 manat, intensiv nar bağlarına görə 3000 manat məbləğində əkin subsidiyası veriləcək.
-Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarında 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş, 1 hektara minimum 20000 ədəd sertifikatlı tingin əkildiyi çay plantasiyalarının hər hektarına görə 12000 manat məbləğində əkin subsidiyası veriləcək.
-Ağdaş, Beyləqan, İmişli, Göyçay, Kürdəmir, Yevlax, Sabirabad, Saatlı və Zərdab rayonlarında 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və cəmi sahəsi ən azı 3 hektar olan intensiv şaftalı, nektarin və ərik bağlarının hər hektarına görə 4000 manat məbləğində əkin subsidiyası ödəniləcək.
-Qeyd edilən bağlara görə əkin subsidiyasının alınması üçün bu bağların "Aqrar sığorta haqqında" qanuna müvafiq sığorta edilməsi tələb olunur.
Bundan başqa, Aqrar Subsidiya Şurasının qərarına əsasən 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan:
-intensiv kinkan bağlarının hər hektarına görə 11600 manat;
-şabalıd bağlarının hər hektarına görə 800 manat;
-damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə 9600 manat;
-damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 4700 tingin əkildiyi moruq bağlarının hər hektarına görə 3200 manat məbləğində əkin subsidiyası ödəniləcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən:
-Müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycanın Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə 100 manat məbləğində məhsul subsidiyası müəyyən edilib.
-Pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə 2024-cü ildə yalnız məhsul subsidiyası veriləcək. Fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 190 manat, Virciniya sortu üzrə yaş tütünün hər tonuna görə 34 manat, digərləri üzrə quru tütünün hər tonuna görə 200 manat və yaş tütünün hər tonuna görə 20 manat, şəkər çuğundurunun hər tonuna görə 18 manat məhsul subsidiyası alacaqlar.
-2024-cü ildə əkin subsidiyasının verilməsi üçün "Aqrar sığorta haqqında" qanuna müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilib.
Ekspert dövlətin subsidiya siyasətini müsbət və effektiv hesab edir
Məsələni şərh edən aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, dövlətin subsidiya siyasətini müsbət və effektiv hesab edib: "Subsidiya dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir və subsidiyaların verilməsi effektivdir. Başqa sözlə, subsidiyaların verilməsi kənd təsərrüfatının inkişafına dəstək verir. Dövlət hansı kənd təsərrüfatı məhsullarının inkişafında maraqlıdırsa, həmin məhsullar üçün subsidiyanın məbləğini artırmağa çalışır".
"Fermerlər gec məhsul verən bitkiləri əkməyə maraqlı olmur"
O bildirib ki, fermerlər gec (5-6 ildən sonra) məhsul verən bitkiləri (zeytun, nar və s.) əkməyə maraqlı olmurlar: "Onlar əsasən tez məhsul verən bitkilər (badam, gilas, nektarin və s.) əkməyə həvəs göstərirlər. Əksəriyyət tez məhsul verən bitkilər becərdiyinə görə, bazarda həddindən çox bu məhsullar artır və bu zaman qiymət aşağı düşür. Ona görə də dövlət bu məsələni tənzimləməyə çalışır və gec məhsul verən bitkilərə marağı artırmaq üçün birdəfəlik subsidiyalar verir. Digər tərəfdən, hansı məhsullara tələbat daha çoxdursa, həmin istiqamətdə subsidiyaların məbləği artırılır".
O qeyd edib ki, Azərbaycan düyünü əsasən idxal edir və bu idxalın azaldılması məqsədilə çəltik əkinlərinə görə verilən subsidiya məbləği artırılıb.
"Keçən il ölkədə yem qıtlığı olub"
Ekspert diqqətə çatdırıb ki, yonca əkinlərinə görə verilən subsidiya məbləğinin artırılması yem qıtlığı ilə bağlıdır: "Keçən il ölkədə yem qıtlığı olub, çünki ötən il Azərbaycan ilk dəfə yoncanı ərəb ölkələrinə ixrac edib. Adətən, ərəb ölkələrinə yem bitkiləri Türkiyədən göndərilirdi. Güclü meşə yanğınlarından sonra Türkiyə yem bitkilərinin ixracına məhdudiyyət qoydu, çünki yerli tələbatı ödəyə bilmirdi. Ona görə də keçən il Azərbaycandan kütləvi şəkildə yonca ərəb ölkələrinə ixrac edilməyə başladı. Əvvəllər 1 ədəd yonca bağlamasını fermerlərimiz 2-3 manata alırdısa, cari ildə bu rəqəm 5-6 manata qalxıb. İndi subsidiya məbləğini artırırlar ki, yonca sahələri genişlənsin və qıtlığın qarşısı alınsın".
Damcı suvarma sisteminin üstünlüyü nədir?
Damcı suvarma sistemi ilə təmin olunmuş bağların üstünlüyündən danışan ekspert bildirib ki, ilk olaraq suya qənaət edilir. Məsələn, bir sahəyə 10 ton su lazımdırsa, ənənəvi selləmə üsulla suvarılmada həmin sahəyə təxminən 100 ton su buraxılır. Amma damcı suvarma sistemi ilə həmin sahəyə 11-12 ton su buraxılması kifayət edir. İkincisi, damcı suvarma sistemi ilə bitkini istədiyiniz kimi qidalandıra bilirsiz. Ona görə də intensiv bağlarla ənənəvi bağlar arasında məhsuldarlıqda çox böyük fərq var.
Subsidiya almaq üçün nə etməli?
Qeyd edək ki, subsidiyaların verilməsi 2020-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən (https://www.eagro.az/) həyata keçirilir. Subsidiyalar artıq çoxsaylı kağız sənəd toplamadan, yalnız fermerin təqdim etdiyi torpaq sənədləri və əkin bəyanı əsasında verilir. Fermerlər bunun üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməlidirlər.
2025-ci il yanvarın 1-dən etibarən isə əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu səbəbdən vətəndaşlar dövlətin yaratdığı imkanlardan faydalanaraq torpaq üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməlidirlər.
Subsidiyalar "Fermer kartı"larına köçürülür. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.
Fermerə verilən subsidiya vəsaiti 2 il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.
Xəbər lenti
0