Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakını yaşanacaq yerə necə çevirməli? Ekspertdən səmərəli təkliflər - VİDEO

Abunə olmaq
Ekspert Rauf Ağamirzəyev bildirir ki, tramvayları şəhərə qaytarmaq, metronu şaxələndirmək, şəhərətrafı elektrik qatarı şəbəkəsini təkmilləşdirmək lazımdır.
Pakinq çəkindirici elementdir və mahiyyəti pul qazanmaq yox, şəhərdəki əraziləri effektiv olaraq istifadə etməkdir.
Bunu Sputnik Azərbaycan-ın Multimedia şöbəsinin qonağı, nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.
Ekspert təəssüf edir ki, biz bu prosesdə bir qədər gecikmişik. Bu istiqamətdə mövcud olan problemləri aradan qaldırmaq, vəziyyəti tənzimləmək üçün bir ay öncə istifadəyə verilən "AzParking" tətibiqi ilə müsbətə doğru müəyyən dəyişikliklər etmək mümkün idi.
Ağamirzəyevin sözlərinə görə, əvvəl Bakı şəhərinin mərkəzi və birinci zona kimi bəzi küçələr bu tətbiqə əlavə olunub. Daha sonra mərhələli şəkildə digər küçələr də tətbiqə əlavə olunacaq:
"Tətbiqin işə düşdüyü ərazilərdə nizam-intizam və öncəki vəziyyətin əksini görürük. Yəni əvvəllər küçədə avtomobillər 3 cərgədə parkinq edilirdisə, indi həmin ərazilərdə maşından daha çox yer var. Bu da sistemin işləkliyini bir daha göstərir".
"Bu tətbiqlə sürücülər evdən çıxmadan gedəcəkləri ünvanlarda boş yerlərin olub-olmadığını müəyyənləşdirirlər. Belə olan halda şəxs səfərini avtomobillə, yoxsa ictimai nəqliyyatla edəcəyini qərarlaşdırır", - deyə o, əlavə edib.
Yəni, bu tətbiq istifadəyə verilənədək sürücülər məhz bu küçələrə üz tutanda həmin ərazidə parkinq üçün boş ərazinin olub-olmadığını bilmədən şəhərə üz tuturdu ki, bu da nəticə etibarı ilə sıxlığa, parkinqlə bağlı problemə səbəb olurdu.
Ekspert qeyd edir ki, şəhər canlı orqanizmdir, birindən danışıb digərindən danışmamaq mümkün deyil:
"Parklanmadan danışırıqsa, ictimai nəqliyyatdan da danışmalıyıq. İctimai nəqliyyatın üstünlüyü təmin olunmalıdır. Mikromobillik üçün şərait yaradılmalı, mövcud yol infrastrukturu daha da inkişaf etdirilməlidir. Mövcud yol sahəsi səmərəli istifadə edilməlidir. İnsanlara alternativlər verilməlidir ki, necə hərəkət edəcəkləri ilə bağlı özləri qərar versin".
O bildirir ki, ümumiyyətlə, təkcə avtobusla mobilliyi təmin etmək mümkün deyil: "Tramvayları yenidən şəhərə qaytarmaq, metro şəbəkəsini daha da şaxələndirmək, şəhərətrafı elektrik qatarı şəbəkəsini də müasir dövrün tələbinə uyğun təkmilləşdirmək lazımdır. Hazırda 91 kilometr belə xətt qurulub. Bu xətlər üzrə 7 qatar hərəkət edir. Bunların sayını artırmaq lazımdır ki, mövcud şəbəkə işlək hala gətirilsin".
Onun sözlərinə görə, tikilən hər bir binanın altında parklanma üçün yer olmalıdır.
Başqa ölkələrin təcrübələrinə gəldikdə, həmsöhbətimiz bildirib ki, məsələn, Yaponiyada maşın almaq üçün çox sərt nəzarət var: "Öncə müqavilədə maşının saxlanılması üçün yer göstərilməlidir ki, şəxs maşın ala bilsin. Bizdə hələlik sərt tələblər yoxdur və bu prosesin ilkin mərhələsindəyik. Biz parkinqlə bağlı işlərə Tiflisdən daha tez başlasaq da, hazırda bu prosesdə onlardan geridə qalmışıq. Düşünürəm ki, Tiflis təcrübəsi ilə tanış olmaq da çox effektiv olar".
Ekspert əlavə edib ki, şəhərdə tıxacın səbəbi məktəblər deyil. Tıxacın olması o deməkdir ki biz hardasa nəyisə çatdırmırıq və bu səbəbdən də insanlar şəxsi nəqliyyat vasitələrinə, yaxud da taksilərə üstünlük verirlər:
"Şəxsi nəqliyyatın tutumu ilə bir tramvayın tutumu eyni deyil. Avropada adambaşına düşən avtomobil sayı bizdən də çoxdur. Amma onlar bizim qədər şəxsi avtomobillərindən istifadə etmirlər. Vətəndaş şəxsi avtomobilinin gündəlik xərclərini düşünür və mövcud olan alternativ variantlara üstünlük verir".
Ölkədə ictimai nəqliyyatın vəziyyətinin istənilən səviyyədə olmadığını deyən ekspertin sözlərinə görə, tramvaylar ləğv olunub və bunun əvəzində küçələr genişlənib, şəhər avtomobilləşib, səhralaşıb:
"Belə ərazilərdə mikroiqlim dəyişib, temperatur və səs kirliliyi artıb. Hər hansı infrastrukturu dağıdıb yolu genişləndirdikdə, maşınların sayının daha da artırılmasını stimullaşdırdıq. Üstəlik pandemiya dövründə də ictimai nəqliyyatda yoluxma qorxusu avtomobilləşmənin sayını artırıb".
Xəbər lenti
0