Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanda demoqrafik təlatüm: Birinci sinfə gedən uşaqların sayı ilbəil azalır

© Sputnik / Murad OrujovMəktəb, arxiv şəkli
Məktəb, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.09.2023
Abunə olmaq
Deputat Razi Nurullayev deyir ki, ən azından yeni doğulan uşaqların uşaq yeməyi ilə təminatı dövlət tərəfindən aparılmalıdır.
BAKI, 10 sentyabr — Sputnik. Ötən tədris ili üçün 152 minə yaxın şagirdin birinci sinfə gedəcəyi proqnozlaşdırılsa da, bu il onların sayı 123300 olub. Şagirdlərin sayının ildən-ilə azalması birmənalı qarşılanmır.
1-ci sinfə gedən şagirdlərin sayı niyə azalır?
Millət vəkili Razi Nurullayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, birinci sinfə gedən şagirdlərin sayının azalması ciddi siqnaldır. Bu, əhali sayının, eləcə də nikaha daxil olanların sayının azalması ilə əlaqədardır:
"1-ci sinfə gedəcək şagirdlərin sayının il-ildən azalması məni də narahat edir. Bu, Azərbaycan əhalisinin sayının azalması deməkdir. Uşaq yeməklərinin qiyməti çox bahadır. Bir uşağı süni uşaq qidası ilə təmin etmək ailəyə minimum 200 manata başa gəlir. Nəticədə valideynlər artıq bir-iki uşağa üstünlük verməyə başlayırlar. 1-ci sinfə gedəcək şagirdlərin sayının azalması həm də ailə quranların sayının azalması ilə bağlıdır. Gənclər ailə yükündən qorxurlar. Tanıdığım insanlar var ki, yaşı 30-u ötsə də, ailə qurmaq istəmir. Çünki, gənclərin işlə təminatda ciddi problemlər var. Şagird sayının azalmasının səbəbini insanların dolanışığındakı sosial çətinlikdə görürəm".
Uşaqpulu verilməsə...
Deputat deyir ki, 1-3 yaşa qədər uşaqların xərclərini dövlət qarşılamalıdır.
"Ən azından yeni doğulan uşaqların uşaq yeməyi ilə təminatı dövlət tərəfindən aparılmalıdır. Əks halda biz bu rəqəmin daha da aşağı düşəcəyinin şahidi olacağıq!" - deyə R.Nurullayev bildirib.
Millət vəkili uşaqpulunun mərhələ-mərhələ tətbiq edilməsinin də mümkün olduğunu söyləyir:
"Dövlət uşaqpulu üçün 3 milyard 600 minə yaxın vəsaitin tələb olunduğunu bildirir. Bu rəqəm uşaqbaşına 50 manatdan hesabladıqda bu həddə çatır. Amma uşaqpulunu tədricən tətbiq etmək olar. Əvvəlcə 1 yaşından 3 yaşınadək uşaqlara uşaqpulu verilə bilər. Dövlətin gəliri artdıqca, bu yaş həddi 5 yaşadək artırıla bilər. Uşaqpulunun verilməsi təmin olunsa, ailələr bir və iki uşaqla kifayətlənməzlər".
Say ilbəil azalır
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin və Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2019-2020-ci tədris ilində dövlət əyani ümumi təhsil müəssisələrində 1-ci sinfə gedən uşaqların sayı 159644 nəfər olub. 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə 156328 uşaq gedib. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin 1-ci sinfinə 153822, 2022-2023-cü tədris ilində isə 152 minə yaxın uşaq qədəm qoyub. Bu statistik rəqəmlər 1-ci sinfə gedən uşaqların sayında ilbəil azalma olduğunu göstərir.
Apardığımız araşdırma zamanı o da məlum oldu ki, 2019-2020-ci tədris ilində birinci sinfə gedənlərin 81425-i oğlan, 78219 qız olub. 2020-2021-ci birincilər arasında cins nisbəti belə dəyişib - 83513 oğlan, 72815-i qız. 2021-2022-ci tədris ilində isə 81360 oğlan, 72462-i qız birinci sinfə qədəm qoyub. Statistik rəqəmlər 1-ci sinfə gedən şagirdlərin arasında cins nisbətinə görə qız uşaqlarının sayının azaldığını göstərir.
Həmçinin qeyd edək ki, 1990-1991-ci tədris ilindən 2021-2022-ci tədris ilinədək birinci sinfə gedən şagirdlərin sayında ən böyük artım 1993-1994-cü ildə olub. Bu illərdə ümumtəhsil müəssiələrinin birinci sinfinə 188994 şagird gedib.
Xəbər lenti
0