Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

İmtahandan kəsilən müəllimlər hansı universitetlərin məzunlarıdır? Ağlamalı statistika

Müəllim - Sputnik Azərbaycan, 1920, 07.09.2023
Abunə olmaq
Deputat bildirib ki, Azərbaycanda 137 min müəllimin sertifikasiyadan keçməsinin planlaşdırıldığını nəzərə alsaq, müqaviləsinə xitam verilənlərin sayının heç də az olmayacağı aydındır.
BAKI, 7 sentyabr — Sputnik. 743 ibtidai sinif müəlliminin sertifikasiyadan kəsilməsi təhsilimiz adına başucalığı gətirmir. Bu çox mənfi və acınacaqlı durumdur.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev söyləyib. O, bildirib ki, müəllimlərə imtahana hazırlaşmaq üçün kifayət qədər müddət verilib.
İşdən çıxarılan 743 müəllimi kim əvəz edəcək?
“Müəllimlərə bir il imtahana hazırlıq üçün vaxtın, əlavə bir il də şansın verilməsi onlar üçün yaradılmış çox böyük fürsət idi. Təəssüf ki, onlar bu fürsətdən yararlana bilmədilər. Nəticədə onlarla əmək müqaviləsinə xitam verildi. Sertifikasiyanın da əhəmiyyəti tələblərə cavab verməyən müəllimlərin üzə çıxarılması, onlarla əmək müqaviləsinə xitam verilməsi idi. Gördüyümüz kimi 743 nəfərlə əmək müqaviləsinə xitam verilməsi təhsil sektorunda səriştəsiz kadrların olduğunu təsdiqlədi” - deyə ekspert bildirib.
E.Əfəndiyevin sözlərinə görə, sertifikasiyadan keçməyən müəllimlərlə əmək müqaviləsinə xitam verilməsi 743 vakant yerin yaranmasına səbəb olacaq. Bu da gənc savadlı kadrların işə qəbuluna imkan yaradacaq. Üstəlik bu amil yeni tədris ili öncəsi məktəblərdə müəllim çatışmazlığı yaratmayacaq.
Qeyd edək ki, son sertifikasiya imtahanında uğur qazana bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam veriləcək. Həmin yerlər üzrə Elm və Təhsil Nazirliyi tərəfindən vakansiya elan ediləcək. Əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri tədris ili başlayana qədər ehtiyat kadrlar hesabına doldurulacaq.
Artıq ölkənin təhsil ictimaiyyəti bir neçə gündür ki, müəllimlərin sertifikatlaşdırma imtahanlarındakı nəticələrini müzakirə edir. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, 2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.
Sertifikasiyadan keçməyən müəllimlərə güzəşt edilsin?
Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, təhsil sahəsində aparılan islahatlara uyğun olaraq nazirlik tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir. Bununla yanaşı, sertifikasiya prosesinin sosial tərəflərinin də ayrıca olaraq qiymətləndirilməsinə ehtiyac var.
“Nazirlik təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsinə xitam verilən həssas qrupa aid şəxslərin işlə təminatını istisna etmir. Ancaq daha yaxşı olar ki, sertifikasiya nəticlərinin sosial risk təhlili aparılsın. Yəni, sertifikasiyadan keçməyənlərin ailələrində sosial vəziyyətin xüsusi qiymətləndirilməsinə ehtiyac var. Mümkündür ki, bir sıra ailələrdə sertifikasiyadan keçməyən müəllim ailəyə yeganə gəlir gətirən şəxsdir. Bu baxımdan, risk təhlili nəticələrinə uyğun olaraq yalnız həssas qrupların deyil, eyni zamanda sosial baxımdan təminata ehtiyacı olanların da məktəbdaxili texniki vəzifələrdə çalışmalarına imkan yaradılması məqsədəuyğundur".
Deputat əlavə edib ki, 137 min müəllimin sertifikasiyadan keçməsinin planlaşdırıldığını nəzərə alsaq, müqaviləsinə xitam verilənlərin sayının heç də az olmayacağı aydındır. Buna görə də, prosesin sosial tərəflərinin diqqətdə saxlanılıb bu istiqamətdə də addımların atılmasına ehtiyac var.
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü il tarixindən xitam verilməsi prosesinə başlanılıb. Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq. Həmin müəllimlərlə işin təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron – Xızı, Gəncə – Daşkəsən və Quba – Xaçmaz regional təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb.
30 bal toplaya bilməyən müəllimlərlə bağlı ilginc məlumat
Xatırladaq ki, 20-24 iyun tarixlərində İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikasiya imtahanları keçirilib. Elm və Təhsil Nazirliyi Azərbaycan dili və ədəbiyyat fənləri üzrə ən zəif nəticə göstərən müəllimlərin hansı ali təhsil müəssisələrinin məzunları olduğunu açıqlayıb. İmtahanlarda 29 bal toplayanların 35%-i Kirovabad Dövlət Pedaqoji İnstitutunun, 27%-i Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının, 23%-i Azərbaycan Müəllimlər İnstitutunun Qazax filalının, 17%-i isə Gəncə Dövlət Pedaqoji İnstitutunun məzunlarıdır.
Sözügedən ali təhsil müəssisələri ilə əlaqə saxlamaq istəsək də, məlum oldu ki, artıq bu təhsil müəssisələrinin çoxu fəaliyyətini dayandırıb. Fəaliyyət göstərənlər isə başqa universitetlərin nəzdinə keçib.
Azərbaycan Pedoqoji Universitetindən bildirdilər ki, 2015-cı ildən Azərbaycanda Müəllimlər İnstitutu ləğv edilib. Müəllimlər İnstitutunun Gəncə filialı Bakı Dövlət Universitetinin balansına keçib. Qazax filialı daxil olmaqla Mingəçevir, Salyan və Sumqayıt filialları və digər filiallar ləğv edilib. Odur ki, bu filiallar artıq ibtidai sinif müəllimi hazırlamır.
Onu da vurğulayaq ki, Azəbaycanda müəllimlərin sertifikasiyası 2022-ci ildə keçirilib. Ötən il on bir min ibtidai sinif müəllimi bu prosesdə iştirak edib. Onlardan 2800-ü minimum keçid balını toplaya bilməyib.
Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı bildirmişdi ki, Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanının birinci mərhələsində uğursuz olub. Nazirin sözlərinə görə, 2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib.
Sertifikatlaşdırma prosesindən danışan nazir həmçinin vurğulayıb ki, prosesin birinci mərhələsi 2022-2027-ci illəri əhatə edəcək. Onun sözlərinə görə, bu prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaq, həmçinin keçmiş səhvlərdən nəticə çıxarmaqdır.
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 06.09.2023
TƏHSİL
"Rus bölməsində şagirdlərin Azərbaycan dili bilikləri yetərli deyil" - Nazir
Xəbər lenti
0