Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hərbi xidmətə çağrılanların tibbi qiymətləndirilməsini ƏƏSMN həyata keçirəcək

© AR Ministry of DefenceAzərbaycan Ordusunda andiçmə mərasimi
Azərbaycan Ordusunda andiçmə mərasimi - Sputnik Azərbaycan, 1920, 06.09.2023
Abunə olmaq
Dövlət başçısı müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sənəd imzalayıb.
BAKI, 6 sentyabr — Sputnik. Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən, 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək:
-sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;
-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;
-dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında;
-həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
Yekun tibbi müayinənin Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılması, yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" altsistemi üzərindən həyata keçirilməsi müəyyən edilib.
Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla altı ay müddətində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn maliyyələşməni təmin etməli, Agentliyin inzibati bina ilə təmin edilməsi üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirliyə 2024-cü il iyulun 1-dək altsistemin təkmilləşdirilməsini təmin etmək, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.
Qeyd edək ki, tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür.
"Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə əsasən, ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər.
Xəbər lenti
0