Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Təhsil tələbə krediti niyə ilk semestrdən tam verilmir?

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
Elçin Əfəndiyev deyir ki, bəzi universitetlər tələbədən ilk semestrdən bir illik təhsil haqqını ödəməyi tələb edirlər. Ona görə də, kredit almaq üçün şərtlər yumşaldılmalıdır.
BAKI, 5 sentyabr - Sputnik. 2023-2024-cü tədris ilinin payız semestri üçün təhsil tələbə krediti (TTK) üzrə müraciətlərin qəbuluna başlanılıb. Artıq iyul ayının 20-dən təhsil tələbə krediti üçün 2-ci və daha yuxarı kurslarda təhsil alan tələbələr müraciət edə bilirlər. Təhsil Tələbə Krediti Fondunun yaradılması ödənişli əsaslarla təhsil alan tələbələrin təhsilə əlçatanlığına yardım etsə də, standart təhsil tələbə krediti növündən yararlanan tələbələr hələ də, 1-ci kursun ilk semestrindən bu imtiyazdan tam istifadə edə bilmirlər. Təhsil Tələbə Krediti Fondunun sosial platformada rəsmi hesablarında da tələbələr 1-ci kursun ilk semestrindən təhsil haqqının Fond hesabına tam ödənilməsi üçün müraciət edirlər.
"Standart təhsil krediti 1-ci kursda ilk semestrdə verilmir"
Aysu Həsənova adlı tələbə deyir ki, ilk semestrdən təhsil tələbə kreditinin verilməməsi onun kimi təhsil haqqını ödəməyə imkanı olmayan neçə-neçə tələbəni təhsildən kənar qoyur. Maddi imkanı aşağı olan tələbələrin çoxu sosial təhsil tələbə krediti növündən istifadə edə bilmir. Buna səbəb ailənin ünvanlı dövlət sosial yardım ala bilməməsi və sair maneələrdir. Standart təhsil krediti isə 1-ci kursda ilk semestrdə verilmir.
Dəfələrlə etdiyimiz cəhdlərə baxmayaraq, Təhsil Tələbə Krediti Fondu tələbələri və ictimaiyyəti maraqlandıran suallara cavab verməyib.
Sosail təhsil krediti hamı üçün əlçatan deyil
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tələbələr narazılıqlarında haqlıdırlar. Sosial növ təhsil tələbə krediti üzrə təhsil haqqının müvafiq Fond tərəfindən ödənilməsi ilk semestrdən mümkün olsa da, standart növ təhsil tələbə kreditində müəyyən çətinliklər var. Standart növ təhsil tələbə kreditində 1-ci kursun ilk semestrində tələbə təhsil haqqının 20 faizini ödəməlidir ki, təhsil tələbə kreditindən istifadə edə bilsin. 2-ci semestrdə isə tələbənin akademik göstəriciləri nəzərə alınır.
"Bu kredit fondu yaradılıbsa, kredit almaq üçün şərtlər də yumşaldılmalıdır. Çünki, bütün maddi imkansız tələbələr sosial kredit növündən istifadə edə bilmir. Bunun üçün ailə mütləq ünvanlı dövlət sosial yardımı almalı, yaxud valideynlərin 1-2 ci qrup əlilliyi olmalıdır. Düşünürəm ki, bu şərtlərə yenidən baxmaq lazımdır. Çünki, qanunla onsuz da valideynlərin 1-2 ci qrup əlilliyi varsa, tələbə təhsil haqqını ödəməkdən azaddır. Təhsil tələbə kreditində yer alan bu cür lazımsız tələblər çıxarılmalı, şərtlərə daha əlverişli bəndlər əlavə edilməlidir. Çünki, ali məktəbə qəbul olan tələbələrin heç də hamısının ilk semestrdə təhsil haqqının 20 faizini ödəməyə maddi imkanı çatmır. Bəzi universitetlər tələbədən ilk semestrdə bir illik təhsil haqqını ödəməyi tələb edirlər. Universitetlər də bu məsələdə kompromisə getməlidirlər" - deyə ekspert bildirir.
Bununla belə, E.Əfəndiyev o fikirdədir ki, Təhsil Tələbə Krediti Fondunun yaradılması tələbələrin köməyinə çatır. Onun sözlərinə görə, əvvəllər hər il ali məktəbə qəbul olan 5-6 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini dayandırırdı. Son illər bu rəqəm Təhsil Tələbə Krediti Fondunun yaradılması hesabına aşağı düşüb.
Tələbəyə təhsil krediti 1-ci kursda lazımdır
Professor Şahlar Əsgərov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsil krediti tələbə ali məktəbə qəbul olunduğu il daha çox lazım olur. Dünyanın əksər ölkələrində də təhsil krediti ilk kursdan verilir:
"Ali məktəbə sənəd verən abituriyent ödənişli əsaslarla ali məktəbə qəbul olursa, ilk semestrdən təhsil haqqını ödəməlidir. Universitetlərin əksəriyyəti bu məsələdə güzəşt etmirlər. Ona görə, çox valideyn yüksək faizlə kredit götürməyə məcbur olur. Yaxud da universitetə qeydiyyatdan imtina edir. Təhsil kreditinin üstünlüyü odur ki, ödənişli əsaslarla qəbul olan tələbə təhsilinə başlaya bilsin. 2-ci, 3-cü kursdan təhsil kreditini verməmək olar. Tələbə bir il möhlət də götürə bilər. Yaxud yay aylarında işləyib təhsil haqqını toplaya bilər. Amma birinci kursda iki-üç min təhsil haqqının müəyyən faizini ödəmək tələbə üçün çətindir. Elə tələbələr var ki, təhsil haqqını ödəyə bilmədiklərindən təhsil ala bilmirlər".
Təhsil tələbə kreditinin şərtləri
Qeyd edək ki, təhsil tələbə kreditinin (TTK) sosial və standart növləri mövcuddur.
Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə bilirlər. Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 3-cü dərəcə əlilliyi olanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) , 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyası alanlar, yaşa görə sosial müavinət alan tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən sosial TTK-dən istifadə etmək hüququna malikdirlər.
Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən etibarən standart kredit almaq hüququna malikdirlər. Bunun üçün birinci tədris ilinin ilk semestrində tələbə qəbulu imtahanında toplanan ümumi bal Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddən yuxarı olmalıdır. Digər semestrlər üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar, illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər standart təhsil kreditindən istifadə edə bilər.
Təhsil krediti hər tədris semestri üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir. TTK üçün girov və zaminlik tələb olunmur. Kreditlərin verilməsi Fondla müvəkkil bank arasında bağlanılan baş sazişə uyğun olaraq tələbələrlə bağlanılmış kredit müqavilələri əsasında təhsil müəssisələrinə köçürülür.
Təhsil tələbə kreditləri həmçinin sığortalanır. TTK-nin verilməsindən imtina edilmiş şəxsin TTK almaq üçün növbəti semestrdə (yarımildə) təkrar müraciət etmək hüququ var. Borcalanda TTK-nin qaytarılması öhdəliyi TTK-nin qaytarılma dövründə, yəni güzəşt dövründən sonra yaranır. TTK almış, lakin təhsilini başa çatdırmamış və təhsil müəssisəsindən xaric olunmuş borcalana münasibətdə TTK-nin qaytarılması öhdəliyi bu halların təhsil müəssisəsi tərəfindən rəsmiləşdirildiyi gündən başlanır. Güzəşt dövründə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, tələbə kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır. TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır.
Təhsil tələbə kreditinin verildiyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Belə ki, təhsil krediti ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pilləsinin subbakalavriat səviyyəsində təhsil alan tələbəyə 12-19 illik verilə bilir.
Xəbər lenti
0